Şahin Bayramov: “Əsas hədəf MDU-nu paytaxt universitetləri səviyyəsinə çatdırmaqdır"

Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” və 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib.

 

MDU-nun rektoru Şahin Bayramov əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik siyasətimizin hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ali təhsil sahəsində də əhəmiyyətli uğurların əldə edildiyini və ali təhsilin inkişafına yüksək dövlət qayğısının göstərildiyini diqqətə çatdırıb. Hazırda ali təhsilimizin məzmununun sürətlə dəyişdiyini və inkişaf etdiyini vurğulayan rektor ölkə başçısı tərəfindən təsdiq olunan “2019-2023-cü illərdə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, həmin Proqramın ali təhsil müəssisələri, o cümlədən MDU qarşısında qoyduğu yeni vəzifələrdən danışıb.

 

Ş.Bayramov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi, gələcəkdə uğurlu karyera qurması, ən əsası xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsi üçün MDU-da bütün zəruri şəraitin yaradılacağını bildirib.

 

Əsas hədəfin MDU-nu paytaxt universitetləri səviyyəsinə çatdırmaqdan ibarət olduğunu qeyd edən Ş.Bayramov, professor-müəllim və tələbə heyətinin potensialından, eləcə də dövlətin, Təhsil Nazirliyinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və digər tərəfdaşların dəstəyindən faydalanmaqla həmin hədəfə çatacaqlarına əminliyini ifadə edib.

 

Universitet kollektivini və tələbələrini təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni tədris ilində MDU-ya tədris və elmi fəaliyyətdə yeni nailiyyətlər arzulayıb. İ.İsmayılov Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, o cümlədən ai təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edərək hazırda cənab Prezident İlham Əliyevin milli ali təhsilimizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərini qeyd edib. O, sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün yüksək ixtisaslı mütəxəssis hazırlığında universitetlərin davamlı artan rolunu xüsusi vurğulayıb.

 

Milli Məclisin üzvü Aydın Mirzəzadə bu ali təhsil müəssisəsində cəmiyyətimiz üçün faydalı mütəxəssis kimi yetişmələri üçün zəruri potensialın mövcudluğunu bildirib. Azərbaycan Respublikasının ikinci dəfə müstəqillik əldə etməsindən keçən dövrdə fəaliyyət göstərən MDU-nun məzunlarının iqtisadiyyatın müxtəlif sahələrində, dövlət və özəl strukturlarında uğurla çalışdıqlarını qeyd edən A.Mirzəzadə hazırda universitetin növbəti mərhələdə inkişafı və ali təhsil sistemində mövqeyinin daha da yaxşılaşdırılması üçün yeni imkanların yarandığını vurğulayıb.

 

Qəbul imtahanlarında MDU üzrə ən yüksək (622 bal) nəticə göstərərək “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş Alsu Məmmədova, “Erasmus+” proqramı çərçivəsində Avropada təhsil almış “İqtisadiyyat” ixtisası üzrə IV kurs tələbəsi Rasta Paşayeva, valideyn Rüxsarə Hüseynova tədbirdə çıxış edərək MDU-da ali təhsil üçün yaradılan şəraitdən razı qaldıqlarını və universitetin gələcək uğurlarında pay sahibi olmağa çalışacaqlarını bildiriblər.

 

Tədbirin sonunda MDU-ya yüksək balla qəbul olan bir qrup gəncə tələbə biletləri, o cümlədən Alsu Məmmədovaya qiymətli xatirə hədiyyəsi təqdim edilib.

 

Sonra universitetin yeni avadanlıqlarla təchiz edilmiş kitabxanasına və auditoriyalarına baxış keçirilib.

 

“Bilik günü” tədbirinin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.



17.09.2019 | 12:31