Müsabiqədənkənar tələbə olanlar | |
Son illər təhsil sahəsində aparılan məqsədyönlü islahatlar və onların mühüm keyfiyyət göstəriciləri, şagirdlərin istedad və bacarıqlarının erkən yaşlardan aşkar olunması, intellektual və yaradıcı potensialının stimullaşdırılması təhsilalanların uğurlu gələcəyinin əsasını təmin edib. “Təhsil haqqında” Qanuna edilmiş müvafiq dəyişikliklər dünya və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulunun aparılmasına imkan verib. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq artıq bu ildən dünya və respublika fənn olimpiadaları, beynəlxalq müsabiqə qaliblərinin ali məktəblərə qəbulu həyata keçirilib. Bu imkandan artıq bir çox istedadlı Azərbaycan gənci faydalanıb.
Azərbaycan Respublikası Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, respublika və beynəlxalq olimpiadalar üzrə koordinator Fuad Qarayevin sözlərinə görə, olimpiada qalibləri ölkəmizin gələcək elmi potensialının əsasını təşkil edir. Beynəlxalq və respublika fənn olimpiadalarının qalibi olan şagirdlərin müsabiqədənkənar ali məktəblərə qəbul olunması bir neçə ildir ki, istər təhsil işçiləri, istərsə də ictimaiyyət arasında müzakirə mövzusu idi. Müzakirələrin geniş yayılmasına təkan verən amillərdən biri olimpiada qalibi olan şagirdlərin universitetə qəbul balının yüksək olması idi (600-dən çox). Bu, inkişaf etmiş ölkələrdə tətbiq edilmiş bir təcrübədir. Hüquqi sferada mövcud qanunvericiliyə edilən dəyişikliklərin tətbiqi ilk dəfə bu tədris ilində həyata keçirildi və Dövlət İmtahan Mərkəzinin məlumatlarına əsasən, artıq bu imkandan yararlanan olimpiada qalibi olmuş məzunlar var. Bu imkanın yaradılması şagirdlərimizin olimpiadalara fokuslanmasına təkan verəcəyi və nəticə etibarı ilə Respublika fənn olimpiadalarında iştirakçıların daha hazırlıqlı olacağı qənaətinə gətirib çıxarır. Bu isə, öz növbəsində, təşkilatçıların və müvafiq fənlər üzrə münsiflər heyətinin üzvlərinin qarşısında daha ciddi tapşırıqlar qoyur.
F.Qarayev bildirib ki, olimpiada qaliblərinə müsabiqədənkənar universitetlərə qəbul olma şansının verilməsi, həmçinin Respublika fənn olimpiadalarına olan ictimai etimadın təzahürüdür. Respublika fənn olimpiadalarının tapşırıqlarının qabaqcıl dünya ölkələri elmi yarışlarının səviyyəsinə çatdırılması və eləcə də təşkilati olaraq inkişaf etdirilməsi məqsədi ilə hər il yeniliklər tətbiq edilməkdədir. Bu məqsədlə görülən işlərə sualların və ölçmə səviyyəsinin qoruması, həmçinin dünyada elmi inkişafın istiqamətinə uyğun tapşırıqların Respublika fənn olimpiadaları proqramına daxil edilməsidir. Yekun olaraq onu qeyd etmək yerinə düşərdi ki, olimpiadalara olan marağın çoxalması özünü ildən-ilə artan iştirakçı sayında da büruzə verir. Olimpiada qaliblərinin ali məktəblərə müsabiqədənkənar qəbulu barədə qərarın iştirakçıların sayına da müsbət mənada təsirsiz ötüşməyəcəyi gözlənilir.
Müsabiqədənkənar ali məktəblərə qəbul olmuş bir neçə gənclə söhbətimizdə də bir daha əmin olduq ki, bu qərar onların həyatında mühüm dönüş yaradıb.
“Bu cür təhsil imkanları olimpiadaçı şagirdlər üçün böyük perspektivlər yaradır”
Anar Rzayev, Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun (KAİST) tələbəsi: - 1996-cı il noyabrın 24-də Bakıda anadan olub. 7-ci sinifdən riyaziyyatla məşğul olub. VII sinifdə “I Məktəblilərarası Fənn Müsabiqəsində” gümüş medal aldıqdan sonra Respublika riyaziyyat olimpiada komandasına qəbul olunub. Son 4 il ərzində respublika və beynəlxalq riyaziyyat olimpiadalarında 1 qızıl, 3 gümüş və 5 bürünc medala layiq görülüb.
Hər bir olimpiadaçı kimi, mən də öz biliklərimə və bacarıqlarıma uyğun nüfuzlu bir xarici universitetdə təhsil almağı arzulayırdım. Artıq məlumdur ki, bir çox xarici ölkələrdə tanınmış universitetlər fənn olimpiadalarının qaliblərinə böyük məbləğdə təqaüd imkanları verirlər. Son 2 il ərzində apardığım araşdırmalara əsasən, Sinqapurun, Çinin, Yaponiyanın və Cənubi Koreyanın qabaqcıl universitetləri olimpiadaçı şagirdlərə böyük üstünlük verir. Bir çox hallarda olimpiadaçılar öz ixtisaslarında inqilabi kəşflər üzə çıxardığından, innovativ və texnoloji institutlar bu şagirdlərə pulsuz təhsil imkanları yaradırlar. Bu səbəbdən, belə qərara gəldim ki, bakalavr təhsilimi dünya reytinqində 41-ci yerdə olan Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda (KAİST) davam etdirim. Pulsuz təqaüdə layiq görülməklə, təhsilimi riyaziyyat və kompüter elmləri üzrə davam etdirirəm.
Belə düşünürəm ki, bu cür təhsil imkanları olimpiadaçı şagirdlər üçün böyük perspektivlər yaradır. KAİST tələbəsi kimi, mən də inanıram ki, bu universitet mənə gələcək karyeramda bir dönüş nöqtəsinə çevriləcək.
“Valideynlərimin müəllim olması məndə bu şərəfli peşəyə maraq oyadıb”
Şəhla Sadıxova, Bakı Dövlət Universitetinin tələbəsi: - Masallı rayonunda anadan olub. Orta məktəbin VIII sinfindən respublika fənn olimpiadalarında uğurla iştirak edib. VIII sinif şagirdi kimi IX sinif şagirdləri səviyyəsində respublika fənn olimpiadasına qatılıb, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 3-cü yeri qazanıb. Orta məktəbi qızıl medalla bitirib. Bu, məktəb tarixində bir ilkdir. O, 2018-2019- cu tədris ilində Masallı məzunlarından bu ada layiq görülən yeganə məzundur.
Hələ VIII sinifdə oxuyarkən müəllimlərimin istedadımı kəşf etmələri nəticəsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə Respublika fənn olimpiadalarına qatılmışam. Rayon və zona turunda yüksək nəticə əldə etmişəm. IX və X siniflərdə oxuyarkən final mərhələsində iştirak edərək Təhsil naziri tərəfindən “İştirakçı” sertifikatı ilə təltif olunmuşam. Bu il isə Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə III yerə layiq görülərək Təhsil Nazirliyi tərəfindən bürünc medal və diplom ilə təltif olunmuşam. Təsadüfi deyil ki, mənim fənn olimpiadalarında əldə etdiyim uğurlardan sonra, son 3 ildə məktəb şagirdlərimizin olimpiadaya olan marağı daha da artıb və məktəbimiz rayonumuzun məktəbləri arasında zona turunda ən çox şagirdlə təmsil olunub. Olimpiada qalibi olmağımla yanaşı, Sığdaş kənd tam orta məktəbini əla qiymətlərlə bitirdiyim və buraxılış imtahanlarında yüksək nəticə əldə etdiyim üçün Təhsil Nazirliyi tərəfindən xüsusi nümunəli attestat və “Qızıl medal”a layiq görülmüşəm.
Bu ildən etibarən Respublika fənn olimpiadalarının qaliblərinə verilən şansdan istifadə edərək müsabiqədənkənar Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşam. İxtisasım Azərbaycan dili və ədəbiyyat müəllimliyidir. Valideynlərimin müəllim olması hələ uşaq yaşlarımdan məndə bu şərəfli peşəyə maraq oyatmışdı. Belə bir imkanın yaradılması gənclərin fənn olimpiadalarına və bir çox beynəlxalq yarışlara marağını artırır. Gənclərin mükəmməl təhsil alması üçün əlverişli şəraitin yaradılmasına görə ölkə başçısı cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Təhsil Nazirliyinə təşəkkürümü bildirirəm! Bu uğurları qazanmağımda əməyi olan müəllimlərimə, hər zaman yanımda olub, doğru seçim etməkdə mənə dəstək olan valideynlərimə minnətdaram!
“Ali məktəbə qəbul olunmaqla daha bir arzum həyata keçdi”
Balaxanım Əhmədova, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi: - 2001-ci ildə Borçalı mahalının Qaratəhlə kəndində anadan olub. 2005-ci ildə Nizami Rayon Uşaq-Gənclər İdman Məktəbinin gimnastika bölməsinə yazılıb. Daha sonra məşqlərini “Təhsil” Respublika İdman Mərkəzində davam etdirib. Bakıdakı 1 nömrəli idman liseyini bitirib. Aerobika gimnastikası üzrə 11-ci Avropa Çempionatının qızıl medalına layiq görülüb.
3 yaşımdan gimnastika ilə məşğulam. 5 yaşımdan etibarən isə bu idmanla professional olaraq məşğul oluram. Uzun illərdir ki, qarşıma qoyduğum hədəflərim vardı. Onlardan biri də Avropa çempionu olub Azərbaycanın bayrağını göylərə qaldırmaq idi. Şükürlər olsun ki, bu arzumu reallaşdıra bildim. Bununla paralel olaraq bu il ali məktəbə qəbul oldum. Düzdür, intensiv məşqlərə görə hazırlığa çox vaxt ayıra bilmirdim. İdman burada da mənə kömək etdi. Belə ki, ali məktəbin test imtahanlarına hazırlaşdığım ərəfədə Avropanın aerobika üzrə ən güclüsü adını qazandım. Bu isə mənim akademiyaya müsabiqədənkənar qəbul olunmağım demək idi. Buna çox sevindim. Ali məktəbə qəbul olunmaqla daha bir arzum həyata keçdi. Mən bütün gənc idmançılara sona qədər mübarizə aparmağı, bütün çətinlikləri xarakter göstərərək aşmağı və hədəfə çatmağı arzu edirəm.
“İstedadlı gənclər üçün bu cür imkanın yaradılmasına görə Prezident İlham Əliyevə minnətdaram”
Canel Nəcəfli, Bakı Musiqi Akademiyasının tələbəsi: - 2002-ci il 24 mart tarixində Bakıda anadan olub. 2004-2007-ci illər ərzində Xalq artisti Oqtay Zülfüqarovun yaratdığı “Aysel” teatrının fəal üzvü kimi çıxış edib. 2008-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin I sinfinə (skripka ixtisası üzrə) daxil olub. III-V siniflərdə Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi məktəbin “Tutti” kamera orkestrinin, VI sinifdən etibarən Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin üzvü olaraq I skripkaçıların konsertmeysteri olub. Əməkdar müəllim Fatimə İdyatulinanın sinfində təhsil alıb. İlk solo çıxışı 2014-cü ilin dekabr ayında Beynəlxalq Muğam Mərkəzində Barokko festivalında dinlənilib. 2015-ci ildə Polşada keçirilən “Karavan Kulturi” Beynəlxalq müsabiqə-festivalda I yerə, 2016-cı ildə “Josef Micka” adına festival-müsabiqədə (Çexiya, Praqa) Fəxri diploma, 2016-cı ildə “Rodniki duşi” adlı Respublika müsabiqəsində (Bakı) I, 2016-cı ildə “Futures Stars” adlı Beynəlxalq müsabiqədə (Bakı) I, 2017-ci ildə “Testene Art Baku” Beynəlxalq müsabiqədə (Bakı) I, 2018-ci ildə “Grumiaux” (“Bravo”) Beynəlxalq müsabiqədə (Brüssel, Belçika) isə III yerlərə layiq görülüb.
“Grumiaux” Beynəlxalq müsabiqəsinin münsiflər heyətinin 4 üzvü məni öz ölkəsinə oxumağa təklif və dəvət etdi. Mən də 1 il sonra həm bir ifaçı kimi, həm də müəllim kimi çox istedadlı skripkaçı olan Roman Fedçuku və Çexiya Konservatoriyasını seçdim. Bu ilin yanvar ayında qəbul imtahanında iştirak etdim və 25 baldan 25 bal yığdım, qəbulda iştirak edən 24 nəfərin içərisində ilk beşlikdə idim. Bu müsabiqə skripka ifaçıları üçün Azərbaycanda ali məktəbə müsabiqədənkənar daxil olmaq imkanı verir. Hazırda Çexiya Konservatoriyasının əyani və Bakı Musiqi Akademiyasının qiyabi təhsili üzrə I kurs tələbəsiyəm. Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunmuş III Respublika müsabiqəsi də daxil olmaqla 5 Respublika və Beynəlxalq müsabiqələrin birinci yer qalibiyəm.
Ümid edirəm ki, dinləyici auditoriyam daha da artacaq və Azərbaycanın bayrağını təkcə Polşada, Belçikada, Çexiyada deyil, digər ölkələrdə də qaldıracağam. Bir arzum da vardır ki, skripkamın sədaları Şuşadan gəlsin! Bu, bütün Azərbaycanın və Azərbaycansevərlərin başlıca arzusudur.
Azərbaycanda istedadlı gənclər üçün bu cür imkanın yaradılmasına görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığımı bildirirəm. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın, dövlətimizin diqqət və qayğısını hər zaman hiss edirik. Vətəndaş olaraq dövlətimiz, milli kimliyimiz adına bundan sonra da ləyaqətlə xidmət etmək məqsəd-məramımızdır.
Nazirlər Kabinetinin xüsusi qərarı ilə ali məktəblərə müsabiqədən kənar qəbul olan gənclərin siyahısında yaradıcılıq sahəsində 2 rəqqas vardır, musiqiçilər üzrə isə müsabiqədənkənar qəbul olunmuş məzunlardan təkcə mən oldum. Arzu edirəm ki, digər uşaqlar da bu hissləri yaşasınlar, uğurları bol olsun, öz istedadları ilə Azərbaycanı hər zaman digər ölkələrdə də tanıtsınlar.
“Bu, çox həyəcanlı və qürurverici bir hissdir”
Fərid Nağızadə, Dövlət İdarəçilik Akademiyasının tələbəsi: - 2003-cü ildə Bakı şəhərində anadan olmuşam. Bakıda doğulsam da, əslən Kəlbəcərliyəm. Ailədə iki qardaşıq. Böyük qardaşım tələbədir. Atam hərbiçi olduğundan uşaqlıq illərim Azərbaycanın rayonlarında keçmişdir. Mən uşaqlıqdan riyaziyyat fənnini çox sevmişəm. Bu həvəsi məndə atam oyadıb. Bu illər ərzində əla qiymətlərlə oxumuşam. 2018-ci ildə Bakı Mühəndislik Universitetinin Bakı şəhəri üzrə fizika fənnindən keçirdiyi müsabiqədə I, 2019-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Bakı məktəbləri arasında keçirdiyi riyaziyyat olimpiadasında II yerlərə, 2019-cu ildə Respublika riyaziyyat fənn olimpiadasında isə bürünc medala layiq görülmüşəm. Bu uğurlu nəticələrimə görə Dövlət İdarəçilik Akademiyasının kompüter elmləri ixtisasına müsabiqədənkənar qəbul oldum. Bu, çox həyəcanlı və qürurverici bir hissdir. Buna görə ilk öncə dövlətimə, mənə dəstək olan valideynlərimə, müəllimlərimə, xüsusilə riyaziyyat müəllimim M.Eminağaya, məzunu olduğum 283 nömrəli tam orta məktəbin direktoru Tünzalə xanıma və sinif rəhbərim Məlahət müəllimə minnətdaram. Məncə, uğur qazanmaq üçün çox oxuyub-öyrənmək, zəhmət çəkmək lazımdır. Mənə görə zirvəyə gedən yolun açarı elmdən və öz üzərində dayanmadan çalışmaqdan keçir. Mən də istərdim ki, bu uğurlarımı dünya miqyasında artırmaqla dövlətimə, xalqıma dəstək olum və işğal altında olan torpaqlarımızın azad olunması üçün əlimdən gələni edim.
Oruc MUSTAFAYEV |
|
13.09.2019 | 14:25 | |
|
|
|