MDU tələbələri İspaniyada təhsil alacaqlar

Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Avropa Komissiyasının “Erasmus+” proqramı çərçivəsində İspaniya Krallığının Vallodolid Unversitetində təhsil almaq hüququ qazanmış tələbələrlə görüşüb.

 

Sürətlə dəyişən və qlobal xarakter alan əmək bazarı üçün yüksək ixtisaslı kadr hazırlığında beynəlxalq tələbə və müəllim mübadiləsinin xüsusi önəm daşığıdığını vurğulayan Ş.Bayramov MDU-da qabaqcıl xarici universitetlərlə əməkdaşlığın inkişafına xüsusi diqqət yetirildiyini və bununla bağlı konkret addımların atıldığını bildirib.

 

Ş.Bayramov 2019/2020-ci tədris ilinin payız semestrində İspaniyada akademik mübadilədə iştirak edəcək Aytac Əliyevanı və Əmrah Qasımovu təbrik edib, Avropada alacaqları təhsilin onların gələcək karyera inkişafında mühüm rol oynayacağına əminliyini bildirib. Eyni zamanda, rektor “Erasmus+” proqramı çərçivəsində təqdim olunan imkanlardan maksimum faydalanmaqlarını tövsiyə edib. O, xaricdə təhsil müddətində akademik nailiyyətlər əldə etməklə yanaşı, ölkəmizi layiqincə təmsil etməyin vacibliyini və Azərbaycan həqiqətlərini Avropadakı tələbələrə çatdırmağın əhəmiyyətini qeyd edib.

 

Mübadilədə iştirak edəcək tələbələrin arzu və istəklərini dinləyən rektor onlara uğurlar arzulayıb, İspaniyada təhsil aldıqları müddətdə MDU ilə sıx əlaqə saxlamalarının önəmini bildirib, həmin dövrdə onlara universitet tərəfindən zəruri təşkilati dəstəyin göstəriləcəyini qeyd edib.

 

Görüşdən məmnun qalan tələbələr Avropada təhsil almaq üçün yaradılan şəraitə görə təşəkkürlərini bildirib və Vallodolid Unversitetində yüksək akademik göstəricilər əldə etməklə MDU-nu layiqincə təmsil edəcəklərinə söz veriblər.

 



11.09.2019 | 18:40