Qazaxıstanda elmi dərəcə və adların verilməsində islahat təşəbbüsləri | |
Qazaxıstanda elmi və elmi-pedaqoji kadrlara uzun illər elmi dərəcə kimi “elmlər namizədi” və “elmlər doktoru” dərəcələri, elmi ad kimi isə “dosent” və “professor” adları verilib. Eyni zamanda, elmi dərəcə və elmi adların verilməsi prosesini hazırda Azərbaycanda da olduğu kimi mərkəzləşdirilmiş qaydada müstəqil dövlət qurumu olan Prezident yanında Ali Attestasiya Komissiyası həyata keçirib.
2011-ci ildən qanunvericiliyə edilən müvafiq dəyişikliklə Qazaxıstanda elmi dərəcələr “fəlsəfə doktoru” və “profil üzrə doktor”, elmi adlar isə “assosiativ professor” və “professor” kimi təsbit edilib. Həmçinin, elmi dərəcə və adların alınması zamanı çap edilməli olan elmi əsərlərlə bağlı tələblər ağırlaşdırılaraq, beynəlxalq nüfuzlu indekslərdəki jurnallara geniş yer verilməyə başlanıb.
Qazaxıstanda dövət idarəetməsində həyata keçirilən islahatlar nəticəsində 1999-cu ildən Ali Attestasiya Komissiyasının müstəqil dövlət qurumu kimi fəaliyyətinə son verilib və bu qurum eyni adla Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi yanında fəaliyyət göstərməyə başlayıb. 2016-cı ildən isə bu qurumun səlahiyyətlərini Qazaxıstan Respublikası Təhsil və Elm Nazirliyi yanında Təhsil və Elmə Nəzarət Komitəsi həyata keçirir. Hazırda Komitə ali təhsil müəssisələri və elmi təşkilatlarda yaradılan dissertasiya müdafiə şuralarının və həmin təşkilatların elmi şuralarının vəsadətləri əsasında elmi dərəcə və elmi adların verilməsini təmin edir. Komitə elmi dərəcə və adların verilməsi zamanı daxil olan sənədlərin ekspertizası məqsədilə müvafiq profillər üzrə yaratdığı ekspert şuralarından istifadə edir. Komitəyə Baş nazir və Prezident Administrasiyasının rəhbəri ilə razılaşdırılmaqla Təhsil və Elm Naziri tərəfindən vəzifəyə təyin edilən sədr rəhbərlik edir. Komitənin elmi dərəcə və adların verilməsi prosesini idarə edən ayrıca “Kadr Hazırlığının Keyfiyyətinin Qiymətləndirilməsi” idarəsi fəaliyyət göstərir. Elmi dərəcə və elmi adların verilməsi haqqında müvafiq dövlət sənədi Komitə rəhbəri tərəfindən imzalanır.
Hazırda Qazaxıstanda da Qərb ölkələrində olduğu kimi, elmi dərəcə və elmi adların verilməsində universitetlərə müstəqillik verilməsi məsələsi müzakirə edilməkdədir. Son olaraq, Qazaxıstan Təhsil və Elm Nazirliyi elmi dərəcə və elmi adların verilməsində Nazirliyin ekspert şuralarının ləğv edilərək bütün səlahiyyətlərin universitetlərə ötürülməsini nəzərdə tutan qanunvericilik dəyişikliyi layihəsi hazırladığını və müzakirə üçün parlamentə təqdim etdiyini bəyan edib.
Elşən BAĞIRZADƏ, |
|
09.09.2019 | 11:31 | |
|
|
|