Pedaqoji fəaliyyətin hədəfləri

Şəxsiyyətin həyatda fəal mövqe tutması, ictimai borca şüurlu münasibət bəsləməsi, sözü ilə əməlinin üst-üstə düşməsi onun gündəlik fəaliyyətinin əsas ideya istiqamətini təşkil edir. Hər bir şəxs qazandığı uğura, əldə etdiyi müvəffəq əməllərə görə cəmiyyətdə böyük nüfuz sahibinə, yüksək əməli vərdişlərin əzmkar daşıyıcısına çevrilir, öz sənət və peşə yolunda, püxtələşmiş keyfiyyətlər zəminində formalaşaraq öz fəaliyyət sferasını geniş diapazonda təşkil etmək qayğısı ilə yaşayıb-yaradır.

 

İnsan əməlinin parlaq təcəssümü olan fəaliyyət təfəkkürü də onun yaşam tərzində, sosial-mədəni mühitində mütərəqqi insiyyət vəsiləsi olub, yüksək həyati məzmun, dərin mündəricəli hadisə kimi dəyərləndirilir.

 

Belə peşəkar fəaliyyət sahələrindən biri də pedaqoji elmin tədqiqat sahəsi olan, təlim, tərbiyə, təhsil və psixoloji inkişaf amillərini özündə birləşdirən, pedaqoji proses zamanı daha geniş məzmunda təşkil olunan pedaqoji fəaliyyət mühitinin yaradılması, onun elmi-nəzəri əsaslarının, təcrübi-metodik bazasının möhkəmləndirilməsindən ibarət olan, bu işin sosial-mədəni dəyərlərini pedaqoji aspektdən ümumiləşdirən konsepsiyaların yaradılmasıdır.

 

Bütövlükdə, pedaqoji fəaliyyət üçün xarakterik olan keyfiyyətlər onun strukturlaşmasında, diferensiallaşmasında və cərəyan etdiyi bütün sahələrdə tətbiq xüsusiyyətlərindən asılı olaraq bu gün ənənəvi yanaşmalardan fərqli üslubda öz təsir dairəsini yeni, innovativ metod və vasitələrlə zənginləşdirdiyindən bu fəaliyyət sahəsi də yeniləşən cəmiyyətin prinsipləri əsasında qurulmağı zəruri edir.

 

Odur ki, pedaqoji fəaliyyət işinin interaktivləşdirilməsi, yeni üsul və vasitələrlə təşkili müasir konsepsiyalar baxımından, təkmil metodologiya əsasında təsbit olunmağı tələb edən rəsmi dövlət sənədlərində, milli islahat ideyalarında, təhsil quruculuğu proqramlarında təsbit olunaraq, müvafiq paradiqmalarla (nümunələrlə) aktual məzmun kəsb edən standartlarla ehtiva olunaraq ümumxalq və ümumdövlət səviyyəli bir iş olduğunu nümayiş etdirir.

 

Bütün bu mülahizələr onu təsdiq edir ki, pedaqoji fəaliyyətin məqsədinə, məzmununa, vəzifələrinə, metodlarına yeni metodologiyadan, müasir tələblər yönümündən nəzər salınmalıdır. Onun işlək texnologiyalarını hüquqi və normativ sənədlər zəminindən müəyyənləşdirməklə yanaşı, pedaqoji prosesə xidmət baxımından da struktur xüsusiyyətlərini, optimallıq üsullarını, pedaqoji-metodik çalarlarını metodoloji əsasda təhlil etmək, bu işin həm metodik, həm də idarəetmə mexanizmini demokratik-hüquqi prinsiplər zəminindən qiymətləndirmək həyati tələb kimi öz həllini gözləyir.

 

Son illərdə pedaqoji fəaliyyət sferasının işlək texnologiyalarının mənbəyini, məzmununu və metodologiyasının başlıca parametrlərini izləməklə, bir daha pedaqoji proses təcrübəsinin qiymətləndirilməsində bu tədqiqat probleminin əhəmiyyətliliyinə olan dövlət dəstəyini də layiqincə qiymətləndirən müvafiq yanaşma olmuşdur.

 

Pedaqoji fəaliyyətin struktur elementlərinin zənginləşməsindən asılı olaraq onun yeniləşən istiqamətlərini bu gün peşəkarcasına, yaradıcı məzmunda, yüksək metodik işləmələr əsasında təşkil etmək olduqca vacib bir məsələdir.

 

Yəni, pedaqoji fəaliyyəti düzgün təşkil etməyin metodik əsaslarını, psixoloji qüvvələrini, ümumi tendensiyalarını bilmədən bu sahədə zəruri olan peşə-sənət kompetensiyalarını da ciddi dəyərlər əsasında mənimsəmək olmaz. Odur ki, pedaqoji fəaliyyətin işlək texnologiyalarını, tətbiq istiqamətlərini peşəkarcasına artırmaqdan da çox mətləblər asılıdır.

 

Xüsusən, metodiki iş zəminindən  pedaqoji fəaliyyətin  məzmun dəyərləri, yaradıcı düşüncə, modern inkişaf paradiqm baxımından yeniləşməlidir.

 

Yəni, metodiki iş pedaqoji fəaliyyəti inkişaf etdirən mühitin formalaşmasını reallaşdırmağa rəvac verən pedaqoji faktor kimi çox gərəkli bir mənbə olaraq bu gün də öz təsir imkanlarını saxlamaqdadır.

 

Müasir şəraitdə məktəbin əsas vəsifəsi şagird şəxsiyyətinin inkişafına kömək edən təhsil mühiti yaratmaqdır. Bu məsələnin həllində isə pedaqoji kadrların peşə səriştəliliyi onların pedaqoji fəaliyyətini yerinə yetirmək üçün müəllimin nəzəri və praktik hazırlığıdır və pedaqoji ustalığını müəyyən edir. Səriştəli müəllim pedaqoji fəaliyyətini yüksək səviyyədə qurur və şagirdlərinin təlim-tərbiyəsində stabil nəticələr əldə edir. Müəllimin peşə səriştəliliyinin inkişaf etdirilməsi onun pedaqoji innovasiyaları qəbul edə bilməsi, dəyişən pedaqoji mühitə uyğunlaşa bilməsi qabiliyyətlərinin formalaşdırılmasıdır.

 

Müasir nəzəri və təcrübi fəaliyyət əsasında apardığımız araşdırmalar bir daha təsdiq edir ki, pedaqoji fəaliyyətin strukturu əsasən metodoloji, psixoloji, texnoloji və metodik səviyyədə reallaşdırılır. Həmin bu komponentlər pedaqoji fəaliyyətin uğurlu aparılmasını şərtləndirən mühüm xüsusiyyətlərdir.

 

Onu da qeyd etməliyik ki, bu gün “pedaqoji fəaliyyətdə peşəkarlığın artırılması daimi proses olmalıdır. Yəni, peşə ustalığının artırılması mərhələləri hər dəfə, lakin yeni keyfiyyətlərlə təkrarlanmalıdır”.

 

Məhz qeyd olunan mülahizələr əsasında qətiyyətlə demək olar ki, ənənəvi pedaqoji fəaliyyət amiranəlik, göstəriş, mərkəzləşmə stereotipləri ilə müşayiət olunduğundan, bu fəaliyyətdə cərəyan edən fakt və hadisələrdəki demokratiklik, humanistlik, aşkarlıq, xəlqilik, millilik, ümumbəşərilik, dini və etiqad əqidəsinə xidmət edən ayinçilik mərasimlərinə birmənalı-yalnız ideoloji münasibət tərzi özünü təzahür etdirirdi.

 

Müasir pedaqoji fəaliyyətin strukturunda ən ümdə cəhət öz fəaliyyətinin təhlil olunması qabiliyyətinin müəllim (tərbiyəçilər) tərəfindən nəzərə alınmasıdır. O da yaxşı məlumdur ki, “öz pedaqoji fəaliyyətini təhlil edə bilməyən müəllim şagirdlərinin bilik və bacarıqlarını necə qiymətləndirə bilər? Onların refleksiyasını necə təşkil edə bilər? Müəllim fəaliyyətinin özünütəhlil bacarıqlarını artırmaq üçün məqsədyönlü metodik işin aparılması vacibdir”.

 

Problemin həlli üçün vacib olan əsas müddəaları məhz bu kontekstdən təhlil edərək belə bir qənaətə gəlməklə, heç də təkcə öz şəxsi müddəalarımızı israrlamaq deyil. Məsələ ondadır ki, bu zəmindən aparılan xeyli sayda elmi-metodik araşdırmalara nəzər yetirməklə bir daha bu işin yeniləşən təhsil-təlim paradiqmalarının formalaşmasındakı rolunu bir daha tədqiq etməyin zəruriliyini isbatlaya bilən tədqiqat aparmaqla, məsələnin açılmayan, hələ də perspektiv axtarışlara dəstək olası məziyyətləri haqqında da yeni, modern düşüncəni ümumiləşdirən mülahizələr üzərində dayanmağı vacib amil saydıq.

 

Şəxsiyyətin istiqamətlənməsi kimi bu sahədə  tədris və idrak bacarıqlarını şərtləndirən motivlərin, tələbatların, maraqların, meyillərin, bacarıqların, qabiliyyətlərin, xarakterin fəallaşdırıcı və s. iradi keyfiyyətlərə aid mənzərəsini yaradan tələblər sistemi kimi başa düşmək lazımdır.

 

Beləliklə, pedaqoji fəaliyyət anlamının müasir panoramasında fəaliyyət dinamikası kimi həmişə diqqət cəlb edən bu prosesin aktuallığı milli və ümumbəşəri dəyərlər sistemi ilə ehtiva olunaraq nəzəri və praktik istiqamətlərdə aparılan tədqiqatlarda pedaqoji əsaslarla öyrənilmişdir.

 

Beləliklə, pedaqoji fəaliyyətin strukturunu ehtiva edən ünsürlərin də geniş və əhatəli bir problem olduğunu etiraf etsək, belə bir qənaətə gəlmək olar ki, bugünkü cəmiyyətin, sosial-iqtisadi həyatın inkişaf qanunauyğunluqlarına müvafiq olaraq yeni nəzəriyyələr, yeni konsepsiyalar işığında bu məsələlərə müasir rakursdan, dövrün prizmasından baxmaq, bu meyardan yanaşmaq lazımdır . Buna görə də son illərdə, xüsusilə ötən əsrin keşməkeşli hadisələrinin acı təzadlarının təsiri altında pedaqoji fəaliyyət mənzərəsini əks etdirən araşdırmalarda mövcud problemin mahiyyəti, xüsusiyyətləri, tendensiyaları cəmiyyətin real quruluşuna və istiqamətinə zəmin olacaq səviyyədə araşdırılmamışdır.

 

Pedaqoji fəaliyyət bütün dövrlərdə cəmiyyətin artan tələbatına uyğun formalaşdırıcı struktur olduğundan bu iş həmişə ümumxalq və ümumdövlət səviyyəli bir proses vahidi olaraq öz dəyər və nüfuzunu sağlam məfkurə yolu ilə qoruyub saxlamışdır.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik bir kəlamında deyildiyi kimi, “Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik”.

 

Məhz pedaqoji fəaliyyətdə bu amil öz təsir gücü ilə ölkəmizin gənc nəslini yüksək məqsəd və prinsiplər istiqamətində geniş inkişafa aparan bu sahədə misilsiz rol oynayan işgüzar canlanma yoludur. Bu yol isə əbədiyaşar və daimi fəaliyyət olaraq beynəlxalq standartlara uyğunlaşdırılmış müsbət təcrübənin və orijinal ideyaların tətbiqi istiqamətində ciddi həssaslıq tələb edən aktual bir problemdir.

 

Pedaqoji fəaliyyətin struktur yenilikləri dəyişməklə onun hədəfləri də dəyişir. İndiki şəraitdə ailə, məktəb və ictimaiyyət arasında pedaqoji dəyərlər strategiyası demokratik və humanist prinsiplər əsasında, cəmiyyətin sosial-mədəni tələbatlarının yeniləşməsi ruhuna xidmət edən akademik təlim-tərbiyə sisteminin təkmilləşdirilməsi istiqamətləri ilə həm milli, həm də ümumbəşəri məzmun ideyalarını özündə ehtiva edir.

 

Birmənalı demək olar ki, pedaqoji fəaliyyətin ənənəvi hədəfləri sırasında müəllim avtoritarizmi, sosial dəyərsizlik, əzbərçilik psixologiyası, qondarma valideyn rezonansları, peşəkarlığın arxa planda olması, təhsil sahəsində ictimai qurumlara güvənməmək meyillərinin çox olması, qiymətləndirmə meyarlarındakı formalizmin baş alıb getməsi kimi məsələlər, açıq deyək ki, pedaqoji fəaliyyətin daşıyıcılarını belə, yüksək etimad qayğılarından da məhrum edirdi. Təsəvvür edin ki, pedaqoji  fəaliyyətin bütün sferalarında çalışan və uzunmüddətli fəaliyyət məhsuldarlığı ilə fərqlənən sıravi bir müəllimin təlimdə geridə qalan  şagirdə və yaxud tələbə kontingentinə bilik səviyyəsinə görə aşağı qiymət yazması, onun obyektivliyini kölgədə qoyub, sanki təhsillənmə hüquqlarının pozulması kimi təqdir olunurdu.

 

Bəs, müasir pedaqoji fəaliyyət hədəflərində  bu tendensiyalara yanaşma meyli necə və hansı prinsiplərlə müşayiət olunur?

 

Müasir pedaqoji fəaliyyətin təkmil metod və vasitələrlə tətbiqi imkanlarında bu mənəvi tendensiyalarının islahı mütləq nəzərə alınmalı, onların demokratikləşdirilməsi yolunda ciddi addımlar atılmalıdır. Çünki müasir pedaqoji fəaliyyət yalnız müvafiq bilik və bacarıqlara malik şəxsiyyət yox, eyni zamanda müasir tələblərə cavab verməyə qabil olan müasir nəsil, yeni insan düşüncəsi formalaşdırmalıdır. Ölkənin iqtisadiyyatının inkişafını modernləşdirilməsini təmin edəcək insanlar yetişdirmək müəllimlərdən asılıdır.

 

Məhz bu mənada problemin işlənmə səviyyəsini araşdırmağın başlıca vasitələrindən biri onun ilkin mənbələrdə, tarixi sənəd və külliyyatlarda, elmi məxəz və muzey materiallarında tədqiq olunmuş nəticələrinin öyrənilməsidir. Bu cəhətdən “pedaqoji fəaliyyət” məfhumunun həm dünya pedaqoji fikrində, həm də lokal mənbələrdə dəyərləndirmə imkan və yollarını təşviq edən nümunələri də metodoloji prinsip kimi ciddi araşdırma tələb edən faktoloji materialdır.

 

Xüsusən, pedaqoji-metodik ədəbiyyatda problemin qoyuluşunu təhlil etməklə bir daha məsələnin daha çox diqqəti cəlb edən xüsusiyyətləri barədə söylənilmiş mülahizələrin özünəxas olan nümunələri üzrə iş aparmaq, onları tarixi-müqayisəli  metod və üsullarla üzə çıxarmaq tədqiq olunan mövzunun əhatə dairəsini daha təfərrüatlı və oxunaqlı edir.

 

Həmçinin, məsələnin ayrı-ayrı tədqiqatçıların axtarışları üzrə qruplaşdırmağın  səmərəli yollarını müəyyənləşdirən tədqiqatlarında əksini tapmış effektiv nəticələrdən hasil olan rəy və təkliflərini təhlil-tərkib etmək üçün düzgün seçim etməkdə bu tədqiqat strukturuna da böyük əhəmiyyəti vardır.

 

Xüsusən, önəmli olan cəhət odur ki, problemin elmi-nəzəri əsaslarını ciddi tədqiqat metodları üzrə araşdırmaqla, bir daha bu işin ilkin qaynaqlardakı yerini, onun müasir düşüncəyə, pedaqoji təfəkkürə verəcəyi faydalı tövsiyələri də qruplaşdırmaqda hər bir tədqiqatçıya geniş panoramada yeni bir mənzərə açır, təhsilləndirici mənbə olaraq axtarışların yeni mündəricədə müqayisəli yönümdən   dəyərləndirilməsinə, təbiiliyinə çıraq tutur.

 

Tədqiq olunan problemin perspektivi ilə bağlı onun metodoloji prinsipləri, konseptual əsasları, qanunauyğunluqları kifayət qədər araşdırılmış, hətta, bu sahənin bir çox cəhətləri maraqlı məqamlar kimi pedaqoji fəaliyyətin inkişaf xüsusiyyətlərinə məntiqi və elmi yeniliklər də gətirmişdir.

 

Lakin pedaqoji fəaliyyətin struktur dəyişiklikləri, o cümlədən ciddi önəm daşıyan cəhət odur ki, əksər tədqiqatlarda pedaqoji fəaliyyət prosesi müəllimlik peşəsinə verilən pedaqoji tələblər zəminində araşdırılır, bu işin təşkil xüsusiyyətləri metodoloji prinsipləri unudulur. Əslində isə pedaqoji fəaliyyət elə qurulmalıdır ki, o, sosial-mədəni mühitin təsir imkanlarını, mövcud cəmiyyətdəki reallıqları, bütün maddi və mənəvi varlığı da öz əhatəsinə gətirə bilsin. Yəni, pedaqoji fəaliyyətin strukturlaşmasında canlı nüfuz kimi müəllimin rolunu danmaq olmaz. Araşdırma mənbələri də bu fikri tam təsdiqləyir. Bu cəhət bütün dövrlərdə pedaqoji fəaliyyətin cövhəri sayılmış, müəllimin daşıyıcı (həm öyrədən, həm də öyrənən aspektdən) statusunu zənginləşdirməyə xidmət etmişdir. Sanki, pedaqoji fəaliyyət dedikdə müəllim əməyi, müəllim fəaliyyəti, müəllim ustalığı nəzərdə tutulmuşdur.

 

İnandırıcı fakt odur ki, müəllim fəaliyyəti də pedaqoji prosesin bir tərkib hissəsi kimi tədqiq olunmamışdır. Halbuki, mənimsənilən bilik, aşılanan tərbiyəvi keyfiyyət, öyrədilən təhsil parametrləri, formalaşdırılan mənəvi-psixoloji qüvvələr bütöv müəllim sevgisi, müəllim nüfuzu ilə hasilə gələn pedaqoji fəaliyyətdən nəşət tapmağı da istisna etmir. Böyük rus yazıçısı, qraf. Lev Nikolayeviç Tolstoy haqlı olaraq yazırdı ki, “Əgər müəllim yalnız işini sevirsə, o, yaxşı müəllim olacaqdır. Əgər müəllim ata-anası kimi yalnız uşaqları sevirsə, o, əvvəlkindən də yaxşı müəllim olacaqdır. Əgər müəllim həm peşəsini, həm də şagirdləri sevirsə, o müəllim əsl müəllimdir”.

 

Vidadi BƏŞİROV,

ADU-nun pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru, dosent  



06.09.2019 | 16:39