Təhsil nazirinin müşaviri: “Təhsildə idarəetmənin ictimailəşməsi mühüm şərtdir”

Sentyabrın 4-də Təhsil Nazirliyi yanında İctimai Şuraya seçkilər keçirilib. İctimai Şuraya seçkilərin keçirilməsi, Şuranın yaradılması zərurəti və hansı səlahiyyətlərə mailk olması barədə suallarımızı Təhsil nazirinin müşaviri Elnur Məmmədov cavablandırır.

 

- Elnur müəllim, Təhsil Nazirliyi yanında belə bir qurumun yaradılması hansı zərurətdən irəli gəlib?

- Öncə onu bildirim ki, inkişaf etmiş ölkələrin təcrübəsinə nəzər yetirsək, görərik ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir. Təhsil siyasətinin uğurla həyata keçirilməsində və təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır.

 

Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə  təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” və  strategiyanın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planında bu istiqamət xüsusilə vurğulanır. Qeyd edilir ki, Dövlət Strategiyasının uğurlu həyata keçirilməsinin əsas şərtlərindən biri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır.

 

Təhsil Nazirliyi də bu siyasətin davamı olaraq müvafiq istiqamətdə mütəmadi iş aparır. Belə ki, 2016-cı ildən dərslik layihələri geniş ictimai müzakirəyə çıxarılır. Bu ilin mart ayında ümumi təhsil müəssisələrinin 4-cü və 8-ci siniflərində istifadə ediləcək dərsliklərin yeni layihələri müzakirəyə çıxarılıb, rəy və təkliflər toplanılıb, bu proses iyul ayının sonuna qədər davam edib. Həmçinin cari ildə “Ümumi təhsil haqqında” Qanun layihəsi Təhsil Nazirliyinin təşəbbüsü ilə təhsil ekspertləri ilə geniş müzakirə edilib, onların bir çox rəy və təklifləri nəzərə alınıb. Hazırda “Azərbaycan Respublikasında ümumi təhsilin dövlət standartları” sənədinin layihəsi ictimai müzakirəyə çıxarılıb və təhsil ekspertlərinə də təqdim edilib.

 

Təhsil Nazirliyinin həyata keçirdiyi açıq informasiya siyasəti ictimaiyyətlə əlaqələr sahəsində də nəzərəçarpan irəliləyişlərə səbəb olub. Belə ki, kütləvi informasiya vasitələri ilə əlaqələr üzrə səmərəlilik, maarifləndirmə və sosial media ilə iş baxımından fəallıq xeyli artırılıb. 2015-ci ilin sentyabr ayından fəaliyyət göstərən “Təhsil” televiziyasının istiqamətləri bu illər ərzində genişləndirilib. Bu gün müxtəlif mövzular üzrə vətəndaşları maraqlandıran suallar “Təhsil” televiziyasının canlı yayımlanan verilişləri vasitəsilə cavablandırılır. Qeyd etməliyəm ki, son bir neçə ildir Təhsil Nazirliyinin internet səhifəsi və digər onlayn məlumat ehtiyatları fəallığına, əhatəliliyinə görə dövlət orqanlarının internet resursları içərisində ilk üçlükdə yer alır.

 

Bunlardan başqa, son illərdə Təhsil Nazirliyi vətəndaş məmnunluğunun artırılması, onlarla daha açıq və fəal ünsiyyətin qurulması üçün mühüm tədbirlər həyata keçirib. Təhsil Nazirliyinin “Qaynar xətt” xidməti (əlaqə telefonu: 146-1) ilə yanaşı, bu ilin mayında təhsil müəssisələrində baş vermiş və ya baş verə biləcək fövqəladə hallarla əlaqədar 146-2 nömrəli “Qaynar xətt” də istifadəyə verilib. Təhsilin bütün səviyyələrində elektron xidmətlərin əhatə dairəsi genişləndirilib, məktəbəhazırlıq qruplarına, ümumtəhsil məktəblərinin birinci sinfinə qəbul, tələbələrin, bu ildən isə artıq şagirdlərin də yerdəyişməsi, ötən ildən başlayaraq  təhsil sənədlərinin tanınması elektron sistem vasitəsilə aparılır.

 

Cari ildən nazirlik rəsmilərinin bölgələrdə yaşayan vətəndaşlar üçün videoqəbulları da təşkil edilir. İlk belə qəbul 2019-cu ilin iyun ayında baş tutub. Burada əsas məqsəd vətəndaşların Təhsil Nazirliyinə müraciət etmək imkanlarını müasir texnologiyalardan istifadə ilə  də genişləndirməkdir.

 

Bu işlərin məntiqi davamı olaraq Təhsil naziri Ceyhun Bayramov 11 iyul 2019-cu il tarixində Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında əmr imzalayıb. İctimai Şura təhsil sahəsində müxtəlif məsələlərin müzakirəsi üçün məsləhətləşmələr təşkil edən, bu sahədə dövlət siyasətinin həyata keçirilməsi ilə bağlı nazirliyə təkliflər verən və qanunvericiliklə müəyyən edilmiş digər hüquqlara malik olan məşvərətçi qurum olacaq.

 

Bir məsələni də diqqətə çatdırım ki,  bəzi ali təhsil müəssisələrində də İctimai Nəzarət Şurası fəaliyyət göstərir. Şura universitetin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi, universitetlə ictimaiyyət arasında səmərəli əlaqələrin təşkili, fəaliyyətində şəffaflığın təmin olunması və digər məsələlərlə bağlı təkliflər verən bir qurumdur.

 

- Bir qədər də İctimai Şuraya seçkilər barədə danışaq. Elnur müəllim, seçkilər necə keçirildi, şuraya üzv olmaq üçün müraciət edənlər çox idi?

- Əvvəlcə onu vurğulayım ki, Təhsil nazirinin müvafiq əmri ilə ilkin olaraq Seçki Komissiyası yaradılıb, komissiyaya Təhsil Nazirliyinin 4 və vətəndaş cəmiyyəti institutlarının 5 nümayəndəsi daxil edilib. Komissiya 21 iyul tarixində ilk iclasını keçirib, Şuraya üzvlərin say tərkibi və digər prosedur məsələlər barədə qərar verib. Komissiyanın qərarına əsasən, 22 iyul - 23 avqust tarixlərində Şuraya üzvlüyə və seçicilərə dair sənəd qəbulu elan edilib, Təhsil Nazirliyinə (elektron qaydada və ya Vətəndaşların Qəbulu Mərkəzinə) ümumilikdə 125-dən çox müraciət daxil olub, sənədləri qanunvericilikdə nəzərdə tutulmuş tələblərə uyğun olan 44 seçici və 34 namizəd rəsmi qeydiyyata alınıb. Sentyabrın 4-də isə açıq seçkilər təşkil olundu.

 

- Seçkilərin nəticələri ilə bağlı nə deyə bilərsiniz?

- Qeyd edim ki, nəticələrə əsasən, 11 nəfər Şuraya üzv seçilib. Yaxın günlərdə üzvlər sırasından sədr və sədr müavinləri, həmçinin katib seçiləcək. Qaydalara əsasən, İctimai Şuranın iş qaydası reqlamentlə müəyyən ediləcək. Şuranın iclasları ildə 4 dəfədən az olmayaraq açıq şəkildə keçiriləcək.

 

- İctimai Şuraya hansı səlahiyyətlər verilir? Bu qurumun yaradılması nəyə kömək edəcək?

- Qeyd etdiyim kimi, İctimai Şura məşvərətçi qurum olaraq fəaliyyət göstərəcək. Şuranın yaradılmasında əsas məqsəd nazirliyin fəaliyyətində şəffaflığı artırmaq, eyni zamanda təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyəti gücləndirməkdir. Şura ictimaiyyətlə məsləhətləşmələrin keçirilməsi barədə təkliflər vermək, ictimai əhəmiyyət kəsb edən məsələlərin həllinə dair vətəndaş cəmiyyəti institutlarının təkliflərini toplamaq, ümumiləşdirərək dövlət orqanına təqdim etmək, həmçinin  açıq tədbirlər  təşkil etmək, ictimai rəyin öyrənilməsi üçün sorğular keçirmək, hüquqi aktların layihələrinin ictimai müzakirəsini keçirmək və digər bu kimi səlahiyyətlərə malikdir.

 

- Bəs, gözləntiləriniz nədir? Sizcə, bu təcrübə özünü doğruldacaqmı?

 

- İctimai Şuranın yaradılması yeni tədris ilinin əvvəlinə təsadüf edir. İnanırıq ki, bu tədris ilindən başlayaraq Şura təhsil sahəsində mühüm qərarların qəbul olunmasında ictimai rəyi sistemli və davamlı surətdə ifadə edə biləcək, geniş ictimaiyyətlə qarşılıqlı fəaliyyətimizə öz töhfəsini verəcək.

 



06.09.2019 | 11:31