ADNSU ilə Qazaxıstan-Britaniya Texniki Universiteti arasında memorandum imzalanıb | |
Aprelin 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor M.Babanlı Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru Kenzebek Ibraşev ilə görüşüb.
ADNSU-nun tarixi, beynəlxalq əməkdaşlıq əlaqələri, tədris prosesi, tədris olunan ixtisasları, eləcə də Startap məktəbi və Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında qonaqlara ətraflı məlumat verən rektor, professor M.Babanlı texniki yönümlü kadr hazırlayan ADNSU-nun keçmiş nüfuzunun bərpası istiqamətində genişmiqyaslı islahatlar aparıldığını deyib. Universitetdə gedən inkişafın fonunda keyfiyyətlə yanaşı kəmiyyətin də yüksəldiyini diqqətə çatdıran professor M.Babanlı hazırda universitetdə 500-ə yaxın əcnəbi tələbənin təhsil aldığını vurğulayıb. Rektor M.Babanlı Qazaxıstanı dost və qardaş ölkə hesab etdiyini və Qazaxıstan -Britaniya Texniki Universiteti ilə əməkdaşlığın uğurlu olacağına inandığını bildirib.
ADNSU-da olmaqdan məmnunluğunu deyən Qazaxıstan-Britaniya Texniki Universitetinin rektoru K.Ibraşev rəhbərlik etdiyi ali təhsil müəssisəsinin beynəlxalq əlaqələrindən, universitetdə aparılan elmi işlərdən və tədris prosesindən danışıb. Qazaxıstanlı gənclərin ADNSU-da təhsilə xüsusi marağı olduğunu deyən K.Ibraşev mübadilə sahəsində, həmçinin digər istiqamətlərdə əməkdaşlığı genişləndirməyin əhəmiyyətini qeyd edib.
Sonra tərəflər arasında akademik mübadilə və tələbə mübadiləsinə dair memorandum imzalanıb. |
|
24.04.2018 | 12:10 | |
|
|
|