“İdeyadan biznesə” devizi altında innovasiya yay düşərgəsi keçirilib

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “İdeyadan biznesə” devizi altında innovasiya yay düşərgəsi keçirilib. Düşərgədə cari ildə Bakı, Naxçıvan, Lənkəran, Gəncə, Mingəçevir, Şəki, Sumqayıt, Sabirabad, Zaqatala, Şamaxı, Göyçay və Tovuz şəhərlərində təşkil olunmuş startap turlarının finalçıları iştirak ediblər.

 

18 komandanı təmsil edən 54 tələbə üçün marketinq, dizayn və təqdimatların hazırlanması üzrə təlimlər keçirilib. Onlara startap ekosistemi, ideyanı biznesə çevirməyin yolları barədə məlumat verilib. Əsas məqsəd bu sahədə bilik mübadiləsi və ümumi ekosistemin formalaşdırılmasının müzakirə edilməsidir.

 

Gənclərin innovativ texnologiyaların tətbiqi ilə ideyalarını biznesə çevirmələrinə dəstək olmaq məqsədilə iştirakçılara “Biznes bacarıqları”, “Kommunikasiya bacarıqları” və bir çox başqa mövzularda seminarlar təşkil olunub.

 

Qeyd edək ki, “Innocamp” innovasiya yay düşərgəsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, BMT-nin İnkişaf Proqramı, “Azercell” və “Microsoft” şirkətləri tərəfindən birgə reallaşdırılan “I2B-İdeyadan Biznesə” layihəsi çərçivəsində keçirilib.

 



03.09.2019 | 13:27