Müəllimlərin işə qəbulu üzrə müsabiqədə əlavə yerləşdirmə

2019-2020-ci tədris ili üzrə müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas mərhələsi yekunlaşıb. Açıqlanan nəticəyə görə, Azərbaycanda 3000-ə qədər namizəd daimi əsaslarla işə qəbul edilib.

 

 

Əsas mərhələ yekunlaşdı

 

 

Məlumat üçün qeyd edək ki, bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 54 min nəfər  müraciət etmişdi. Ərizəsi təsdiq olunan 52 min nəfərdən 48 min nəfəri test imtahanlarına dəvət almışdı. İyulun 8-24-də keçirilən ikinci - test imtahanı mərhələsində 41 mindən artıq namizəd iştirak edib. Bütün fənn və bütün regionlar üzrə 7310 vakant yer üçün 3728 namizəd müsahibəyə çağırılsa da, həmin mərhələdə namizədlərin 3180-i iştirak edib. Nəticələrə əsasən, 3000-ə qədər namizədə müsahibədən uğurla keçməsi barədə bildirişlər göndərilib və bununla da müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb.

 

 

4000 yer üçün əlavə yerləşdirmə

 

 

Ötən ildən tətbiq edilən qaydalara görə, əsas mərhələnin nəticələrinin elan olunmasından sonra əlavə yerləşdirməyə start verilib. Bu məqsədlə avqustun 28-29-da vakansiya seçimi aparılıb. Vakansiya seçiminə birinci vakansiya seçimində iştirak etməyənlər, iştirak etsə də, yer tuta bilməyənlər qatılıb. Məlumata görə, vakansiya seçiminə 20 minə yaxın namizəd qatılıb.

 

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin əsas yerləşdirilməsindən sonra orta məktəblərdə 4011 vakant müəllim yeri qalıb. Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadənin sözlərinə görə, müsabiqənin əsas mərhələsində 3000-ə qədər vakant  yer tutulub. Qalan vakant yerlər isə əlavə yerləşdirmə üçün təqdim edilib.

 

Bu gündən başlayaraq, test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə elektron yerləşdirilməsi seçim ardıcıllığı gözlənilməklə həyata keçiriləcək. Bu yerləşdirmədə əsas namizədin test imtahanında topladığı baldır. Elektron yerləşdirilmə zamanı vakant yer tutmaq hüququ qazanmış namizədlərlə müsahibə mərhələsi keçiriləcək. Müsahibə zamanı uğur qazanmış namizədlər müddətsiz müqavilə ilə işə qəbul ediləcəklər. Sentyabrın 2-3-də müsahibələrin təşkili planlaşdırılır. Namizədlərin sayından asılı olaraq, müsahibələr 1, yaxud 2 gün keçirilə bilər.

 

 

Yer tutan namizədlər bu mərhələyə qatıla bilmirlər

 

 

Birinci vakansiya seçimində iştirak edən və yer tutan namizədlər əlavə yerləşdirmə mərhələsinin vakansiya seçimi mərhələsində iştirak edə bilməyiblər. M.Camalzadəbildirib ki, bu il tətbiq edilən dəyişikliyin əsasında sosial sifariş dayanır: “Ötən il əsas mərhələdə yer tutan namizədlər həmin yerdən imtina edərək əlavə yerləşdirmə mərhələsinə qatıla bilirdilər. Bununla bağlı bu il kiçik bir dəyişiklik etdik. Artıq yer tutan namizədlər əlavə yerləşdirmə mərhələsinə qatıla bilmirlər. Əlavə yerləşdirmə mərhələsinə qatılanlar yer tutan namizədlərin növbəti mərhələyə buraxılmasına etiraz edirdilər. Təhsil Nazirliyi vətəndaşların rəyini nəzərə alan qurum olduğundan, bu il qaydalarda dəyişiklik etdik”.

 

 

Bu, sosial sifarişdir

 

 

M.Camalzadə vurğulayıb ki, əslində, elə əlavə yerləşdirmə mərhələsinə də sosial sifariş əsasında qərar verilib: “Son iki tədris ilində Təhsil Nazirliyinin qərarı ilə əlavə yerləşdirmə həyata keçirilir. Bu qərar, əslində, sosial sifariş əsasında verilib.  Vətəndaşların istəyinə cavab olaraq əlavə yerləşdirmə həyata keçirilir. Əsas turda elan edilən, ancaq  tutulmayan vakant yerlər əlavə yerləşdirməyə çıxarılır”.

 

 

Ruhiyyə DAŞSALAHLI

 



30.08.2019 | 14:15