STEM peşələr dünyanı dəyişəcək

XXI əsrin əvvəllərindən bütün dünyada müəllimlər uşaqlara tədrisdə fənlərarası əlaqələri görməyə və onları təcrübədə tətbiq etməyə imkan verəcək yeni yanaşmanın hazırlanması barədə düşünməyə başladılar. Yapon mənşəli amerikalı fizik-nəzəriyyəçi və elmi-populyar kitabların müəllifi, professor Mitio Kaku hesab edir ki, uşaqları XXI əsrdə lazım olan yeni bacarıqlarla təmin edə biləcək fərqli təhsil sistemi lazımdır. Professor M.Kakunun sözlərinə görə, tezliklə kreativlik, tənqidi düşüncə və innovasiyalara canatma uşaqlar üçün ən vacib bacarıqlar olacaqdır. Bu bacarıqları isə müasir dünya təhsilində başlıca trend olan STEM təmin edir.

 

Digər tərəfdən, müasir əmək bazarı və gələcəkdə lazım olacaq peşələrin coğrafiyası sürətlə dəyişir. İndi gənclərə ixtisas seçərkən təkcə şəxsi mülahizələri deyil, həm də mütəxəssislərin tələbatını, onların işinin aktuallığını, özünü peşəkar reallaşdırma imkanlarını rəhbər tutmaq lazımdır. Bu baxımdan, STEM peşələrin, demək olar ki, rəqibləri yoxdur. STEM peşələri gələcəyi müəyyənləşdirəcək peşələrdir. Yaxın onilliklərdə dünyanın necə olacağını məhz onlar müəyyən edəcək. Sosioloji tədqiqatlar isə STEM mütəxəssislərinin çatışmazlığını göstərir. Ekspertlərin qiymətləndirməsinə görə, bu ixtisaslar üzrə iş yerlərinin sayı 2022-ci illərə qədər 9 milyona çatacaq.

 

 

Nədir STEM?

 

 

 

STEM - təhsil özündə  elm, texnologiya, mühəndislik və riyaziyyat kimi elmləri ehtiva edir. STEM konsepsiyası bir-biri ilə qırılmaz şəkildə bağlı olan geniş fənlər dairəsini birləşdirir: riyaziyyat, fizika, kimya, biologiya, astronomiya və s. Onların hər birində, eləcə də mühəndislik, robot-texnika və digər tətbiqi fənlərdə dərin biliklər elmlərin qovuşağında yeni texnologiyaları inkişaf etdirməyə, proqram təminatı yaratmağa, dünyamızı irəli aparan mürəkkəb qurğular qurmağa imkan verir.

 

STEM ixtisasların dairəsi çox genişdir və hər il artır. Bu, əmək bazarında ən çox tələb olunan mütəxəssislərdən biridir. Onlar yüksək əməkhaqqı alırlar. Maraqlı layihələr, geniş ünsiyyət, qrant və ya mükafat qazanmaq imkanı, işin sosial əhəmiyyəti - STEM peşələrin lehinə seçim etmənin əsas arqumentləridir.

 

 

STEM ixtisasların siyahısı

 

 

STEM-təhsilin nüvəsində  iqtisadiyyatın, bütövlükdə cəmiyyətin tələb etdiyi yeni düşüncəyə sahib olan mütəxəssislər durur. STEM mütəxəssisi hibrid bacarıqlar və ya 4K  (kommunikasiya, kollaborasiya, kreativlik və tənqidi düşüncə) adı almış bir sıra səlahiyyətlərə sahib mütəxəssis kimi xarakterizə etmək olar.

 

Bununla belə, İT sənayesi və yüksək texnologiyalı istehsal üçün ixtisaslı kadrların hazırlanması ilə yanaşı, STEM - təhsil ümumi STEM - savadlılığının inkişaf etdirilməsi vəzifəsini də öz qarşısına məqsəd qoyur. Beləliklə, STEM-də hansı ixtisaslara yiyələnmək olar:

 

Menecment

 

Memarlıq və mühəndislik sahəsində menecerlər, kompüter və informasiya sistemləri üzrə menecerlər, təbiət elmləri sahəsində menecerlər.

 

Kompüter və riyaziyyat

 

Aktuarlar, kompüter və informasiya sahəsində elmi işçilər, informasiya sistemlərinin memarları, proqramçılar, sistem analitikləri, sistem inzibatçıları, kompüter sistemləri və şəbəkələrinin təhlükəsizliyi üzrə mütəxəssislər, informatika texnoloqları, riyaziyyatçılar, əməliyyatların tədqiqi sahəsində analitiklər, proqram təminatı və əlavələrin tərtibatçıları, statistlər, veb-tərtibatçıları.

 

Memarlıq və mühəndislik

 

Aerokosmik sənaye mühəndisləri, mühəndis aqronomlar, memar-rəssamlar, biomühəndislik üzrə mütəxəssislər, kimya mühəndisləri, inşaatçılar, kompüter mühəndisləri, elektrotexnika mühəndisləri, elektromexaniklər, ekoloji mühəndislik üzrə mütəxəssislər, əməyin təhlükəsizliyi üzrə mütəxəssislər, sənaye mühəndisləri, dəniz mühəndisləri, çertyojçu-konstruktorlar, maşınqayırma sahəsində mühəndislər, geoloq-mühəndislər, neft-qaz işi mühəndisləri, mühəndis geodezistlər.

 

Tibb  və təbiət elmləri ilə bağlı peşələr

 

 

Mühəndis-aqronomlar, zooloqlar, astronomlar, biokimyaçılar, biofiziklər, kimyaçılar, ekoloqlar, epidemioloqlar, qida biotexnologiyaları və mühəndisliyi, nüvə energetikası, fizika, kimya, material mexanikası üzrə mütəxəssislər, tibbi-məhkəmə ekspertlər, meşə bələdçiləri, fiziklər, geoloqlar, hidroloqlar, botaniklər.

 

Təhsil sahəsinin mütəxəssisləri

 

Alimlər, ali məktəblərin biologiya, kimya, informatika, mühəndislik, ekologiya, memarlıq, aqrar işlər, meşəçilik, riyaziyyat, fizika müəllimləri.

 

Satış menecerləri

 

Yüksək texnologiyalı avadanlıqların satışı üzrə menecerlər, tibb, mühəndislik, tədqiqat və s. sahələrdə ticarət nümayəndələri.

 

 

STEM mütəxəssisi necə olmaq mümkündür?

 

 

 

Yuxarıda sadaladığımız peşələr hərtərəfli bilik, analitik düşüncə, problemi müxtəlif  tərəflərdən nəzərdən keçirmək, kreativ həllər tapmaq bacarığı tələb edir. STEM mütəxəssislərinə öz həmkarları ilə səmərəli ünsiyyət qurmaq və konfranslarda öz tədqiqatlarının nəticələrini təqdim etmək üçün yaxşı ünsiyyət bacarıqları da lazımdır.

 

Əlbəttə, STEM mütəxəssislər texnika ilə çox sıx ünsiyyətdə olmalı, həm də təkcə bu və ya digər qadjetın necə qurulduğunu və onu necə idarə edəcəyini anlamaqla kifayətlənməməli, həm də zəruri hallarda onu proqramlaşdırmağı, öz məqsədləri üçün yaxşılaşdırmağı bacarmalıdır.

 

Qrafik kalkulyatorlar məktəblilər və tələbələr üçün əla simulyator ola bilər. Birincisi, onların formulların yaddaşa daxil edilməsi, triqonometrik funksiyaların hesablanması, loqarifmlər, funksiyaların qrafiklərinin qurulması və s. kimi onlarla faydalı funksiyaları var. İkincisi, kalkulyatorların proqramlaşdırma imkanları sayəsində bu sahədə baza bacarıqları əldə etmək olar, bu isə gələcəkdə asanlıqla istənilən proqramlaşdırma dilini mənimsəməyə kömək edə bilər. STEM fənlərin tədrisinə orta məktəbdən başlayan və ali məktəblərdə davam etdirən Qərb ölkələrində qrafik kalkulyatorlardan və mobil laboratoriyalardan fəal surətdə istifadə olunur: onlar fiziki və kimyəvi eksperimentlər aparmağa, sensorların köməyi ilə göstəriciləri oxumağa və alınan məlumatları dərhal kalkulyatorlarda hesablamağa imkan verir. Məsələn, hazırda ABŞ-da “STEM - gələcəyin peşəsi” adlı təhsil proqramı tətbiq olunur, bu proqramın iştirakçısı olmaqla qrafik kalkulyatorların bütün funksiyaları ilə tanış olmaq, proqramlaşdırma bacarıqları əldə etmək, layihələndirməni öyrənmək, mobil laboratoriyada təcrübələr aparmaq və hətta real proqramlaşdırıla bilən lövhələr ilə işləmək mümkündür.

 

 

Nə üçün STEM-i seçməliyik?

 

 

Hazırda STEM dünya təhsilində əsas istiqamətlərdən biridir. Texnologiyaların çox sürətli inkişafı nəticəsində yeni peşələr meydana çıxır, hər yerdə STEM mütəxəssislərinə tələbat artır. STEM proqramlarının məzunları təhsillərini başa vurduqdan sonra ən yüksək maaşlı iş yerləri qazanırlar. ABŞ-da onlar çox vaxt bütün digər tələbələrdən bir il daha çox işləmək hüququna malikdir, universitetlər isə bu proqramların tələbələri üçün ən sanballı qrantlar ayırırlar. STEM termini ABŞ hökuməti yüksək texnologiyalar sahəsində yerli ixtisaslı işçilərin çatışmazlığını etiraf etdikdən sonra populyarlıq qazandı və tezliklə təhsildə yeni tendensiyanın əsasını qoydu. Əcnəbi tələbələrin STEM təhsil sahəsində ixtisaslaşmasına maraq oyatmaq və onları dəstəkləmək üçün ABŞ hökuməti, hətta xüsusi immiqrasiya siyasətinə başladı. STEM fakültələrinin məzunları diplom aldıqdan sonra 36 ay ərzində OPT STEM (Optional Practical Training) təcrübəsini keçmək hüququ qazanırlar. Strateji addımlar effektiv oldu: hazırda ABŞ-da bütün xarici tələbələrin təxminən 45%-i elmi-texniki fənlər üzrə təhsil alır. Mütəxəssislərin fikrincə, 2020-ci ilə qədər STEM mütəxəssislərinə tələbat ABŞ-da 1 milyondan çox yeni iş yeri yaradacaq. Ötən tədris ilində Milli Elm Fondu ölkənin 24 ştatında STEM- təhsilin inkişafını stimullaşdırmaq məqsədilə müəllimlər və tələbələr üçün 50 milyon dollar qrant ayırıb.

 

Sual olunur: Bu səylər nə üçündür? Cavab sadədir: araşdırmalara görə, əhalinin 1%-nin STEM-peşələrə cəlb edilməsi ümumi daxili məhsulun həcmini 50 milyard dollar artırır, buna görə də digər ölkələr dərhal estafeti tutdular. Məsələn, Böyük Britaniya, Avstraliya, İsrail, Çin, Cənubi Koreya və Sinqapur  hazırda STEM-təhsil sahəsində dövlət proqramları həyata keçirir.

 

Son proqnozlara görə, 2022-ci ilə qədər təbiət elmləri, texnologiyalar, mühəndislik və riyaziyyatla bağlı vakant yerlərin sayı 9 milyona (!) çatacaq. Bu, 9 milyon iş yeri, 9 milyon mütəxəssis tərəfindən özünü təsdiq etmək deməkdir, bu isə, razılaşın ki, çox əhəmiyyətli şansdır.

 

STEM ixtisaslara hazırlıq artıq məktəb yaşlarından başlana bilər. Hazırda dəqiq elmlər, proqramlaşdırma, mühəndislik və texnologiyaların intensiv öyrənilməsi proqramı olan yay düşərgələrinin sayı artır. Məsələn, ABŞ-da Stafford House və Emerald Cultural Institute yay tətillərində 13 yaşından yuxarı yeniyetmələr üçün unikal STEM  proqramı  təklif edirlər. Tələbələr təcrübə keçən alimlərdən, sahibkarlardan, ixtiraçılardan öyrənir və təcrübədə yeni biliklər tətbiq edirlər.

 

Əsas odur ki, STEM ən nüfuzlu və tələb olunan təhsil istiqamətlərindən biridir. Əgər siz STEM kateqoriyasına daxil olan fənlərdən birində istedad hiss edirsinizsə və bu istiqamətdə yaxşı oxuyacaqsınızsa, onda  STEM sizə ən ürəkaçan karyera perspektivləri vəd edir.

 

 

STEM rəqabətliliyi gücləndirir

 

 

Hazırda dünyada dördüncü texnoloji inqilab baş verir: sürətli informasiya axınları, yüksək texnologiyalı innovasiyalar və sürətli tərəqqi həyatımızın bütün sahələrini dəyişdirir.

 

STEM təhsil hazırda ölkələr arasında rəqabəti günü-gündən gücləndirməkdədir. ABŞ-da bu sahənin aktuallığı 2013-cü ildə STEM-təhsilin inkişafı üzrə qəbul edilmiş strateji planda əksini tapıb. Plan çərçivəsində 2020-ci ilədək 100 min yeni effektiv STEM müəlliminin hazırlanması və mövcud STEM kontingentinə dəstək verilməsi planlaşdırılır.

 

Digər bir məqsəd, orta məktəbdə STEM üzrə təhsil alan tələbələrin payını 50%-ə qədər artırmaqdır. Həmçinin, STEM ixtisaslar üzrə kollec və ali təhsil müəssisələrinin məzunlarının sayını 1 milyon nəfər artırmaq planlaşdırılır. Avropa Birliyi ölkələrində isə bu sahədə işlə təmin olunmuş mütəxəssislərin payı 20 faizə yaxındır. Həmçinin, Avropa ölkələrində proqnozlaşdırılır ki, STEM sahəsində peşəkarlara tələbat 2025-ci ilə qədər 8% artacaq, halbuki başqa peşələrdə bu göstərici cəmi 3% təşkil edir. Britaniyada da STEM-ə tələbat yüksəkdir. Analitiklər də hesab edirlər ki, ölkədə təbii elmlər, texnologiyalar, mühəndislik elmləri və riyaziyyat ixtisasları üzrə məzunların sayı təxminən 50% artırılmalıdır. “The Balance Sosial Market” Fondunun hesabatında qeyd olunur ki, iş qabiliyyətli əhalinin yaşlanması hər il yeni yaranan 100 min iş yerinin STEM peşələri hesabına təmin olunmasını tələb edir. Hesablamalara görə, ölkə iqtisadiyyatının tələbatı nəzərə alınmaqla hər il STEM ixtisaslı 40 min mütəxəssis hazırlanmalıdır. Bu artım hər il təxminən 50% olmalıdır. Hazırda Türkiyədə, Avropanın 10-dan çox ölkəsində (Finlandiya, Avstriya, Almaniya, Fransa, İtaliya, Hollandiya, Norveç, İrlandiya, İspaniya və s.) STEM təhsilin inkişaf etdirilməsi üzrə strategiya və təşəbbüslər mövcuddur.

 

Finlandiyada STEM təhsil ötən əsrin 90-cı illərindən başlayıb. STEM-in fincə adı LUMA-dır və təbiət, riyaziyyat elmlərinin inteqrasiyasını nəzərdə tutur. Artıq ölkənin 10-dan çox universitetində STEM mərkəzləri fəaliyyət göstərir. Finlandiya OECD ölkələri arasında STEM məzunlarının sayında ən yüksək göstəriciyə malikdir. Hələ 10 il əvvəl STEM ixtisaslı məzunların sayı 20-39 yaşlı 100 min əhali payında 109 nəfər təşkil edib. Bu göstərici Kanadada və İsveçrədəkindən iki dəfə artıqdır.

 

Asiya regionunda da STEM təhsilin imkanları artır. Bəzi ölkələrdə STEM təhsilə dair xüsusi dövlət proqramları qəbul olunub. Malayziyanın qəbul etdiyi Təhsilin İnkişaf Planında 2025-ci ilə qədər STEM təhsil sahəsində islahatların təmin olunması nəzərdə tutulub. Üçmərhələli islahat çərçivəsində kurikulumun təkmilləşdirilməsi yolu ilə STEM-təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim hazırlığı, kompleks tədris metodlarından istifadə, kütləvi informasiya vasitələrində STEM-ə marağın və  ictimai məlumatlılığın artırılması, ilk iki mərhələnin təşəbbüslərinin uğurlu olmasının qiymətləndirilməsi, yeni təşəbbüs və proqramlarla gələcək yol xəritəsinin işlənib hazırlanması nəzərdə tutulub.

 

Avstraliyada məktəblərdə 2026-cı ilə qədər STEM-təhsilin inkişafı üzrə Milli Strategiya (National STEM School Education Strategy) qəbul edilib. Strategiyada beş əsas vəzifə müəyyən edilib: 1)Məktəblilərin STEM təhsilə cəlb edilməsi və marağının artırılması; 2)Müəllimlərin potensialının və STEM fənlərin tədrisinin keyfiyyətinin artırılması; 3)Məktəblərdə STEM-təhsil almaq üçün imkanların dəstəklənməsi; 4)Ali təhsil müəssisələri, biznes və sənaye ilə səmərəli tərəfdaşlıq əlaqələrinin təşviq edilməsi; 5)Güclü verilənlər bazasının yaradılması.

 

Bundan əlavə, STEM - təhsilin inkişafı sahəsində beynəlxalq əməkdaşlığın müsbət təcrübəsi də vardır. Məsələn, son illərdə Böyük Britaniya və Qazaxıstan arasında ümumi büdcəsi 20 milyon funt-sterlinq olan beşillik tərəfdaşlıq proqramı- “Nyuton-əl-Fərabi” layihəsi həyata keçirilir. Proqramın məqsədi iki ölkənin elmi və innovasiya potensialının gücləndirilməsi, kadr mübadiləsinin aparılması və birgə tədqiqat mərkəzlərinin yaradılması istiqamətində qarşılıqlı fəaliyyətin təmin olunmasıdır.

 

 

STEM universitetlər

 

 

Qeyd edək ki, STEM peşələrin ölkə iqtisadiyyatında əhəmiyyətli rolunu düzgün qiymətləndirən bir sıra inkişaf etmiş ölkələr bu yeni elmi istiqamətə külli miqdarda vaxt və resurs ayırırlar. ABŞ, Böyük Britaniya, Çin, İsrail dövlət proqramları səviyyəsində STEM təlimini tətbiq edirlər. Bu ölkələrin iqtisadiyyatı o səviyyəyə çatmışdır ki, artıq STEM  texnologiyalarının tətbiqi olmadan gələcək inkişaf mümkün deyildir.

 

Əgər siz  də bu istiqamətdə təhsil almaq niyyətindəsinizsə, onda təhsil prosesinin yalnız yeni nəzəri biliklər əsasında deyil, həm də güclü elmi-tədqiqatlar, yüksək səviyyəli müəllim heyəti bazasında təşkil olunduğu universitetlərin seçilməsi ən yaxşı həll olacaq. Bunlar hər bir tələbənin şüurunu dəyişəcək şəxsi və peşəkar inkişafın sonsuz imkanlarıdır. Belə universitetlərin çoxu ABŞ-da cəmləşib.

 

Nüfuzlu “Forbes” nəşrinin məlumatına görə, STEM mütəxəssis hazırlığı sahəsində ən yaxşı universitetlər ABŞ-ın payına düşür. Bu cür ali məktəblərin  arasında həm beynəlxalq aləmdə geniş tanınan, həm də kifayət qədər spesifik və dar istiqamətli universitetlər var: Massaçusets Texnologiya İnstitutu (əsasən dəqiq elmlər və mühəndislik sahəsində ixtisaslaşıb), Harvard, Stanford, Kornel, Rays, Karneqi Mellon, Con Hopkins universitetləri, ABŞ Hərbi Dəniz Akademiyası, ABŞ Hərbi Hava Qüvvələri Akademiyası, Kaliforniya Texnologiya İnstitutu (NASA ilə birbaşa əlaqəsi olan reaktiv hərəkət laboratoriyası bu ali məktəbə məxsusdur), Corciya Texnologiya İnstitutu (Fransa, İrlandiya, Çin və Sinqapurda filialları var) və s. Son illərdə STEM təhsili öz akademik fəaliyyətində tətbiq edən ali məktəblərin sayı və coğrafiyası da genişlənir.

 

 

ABŞ-da STEM mütəxəssislərinin orta illik əməkhaqqı:

 

 

 

Mühəndis-neftçilər

132320$

Memarlıq və mühəndislik nəzarətçiləri

128170$

Kompüter və informasiya sistemlərinin inzibatçıları

123950$

Astronomlar

110450$

Fizika

110110$

Kompüter və informasiya tədqiqatları sahəsində alimlər

106290$

Kompüter avadanlıqlarının mühəndisləri

104250$

Aerokosmik mühəndislər

103870$

Riyaziyyat

102440$

 

Bunlar STEM əsaslı yüksəkmaaşlı peşələrin tam siyahısı deyil. STEM sahəsində yaradıcı və bədii fənlər də daxil olmaqla kreativ istiqamət fəal inkişaf edir: sənaye dizaynı, sənaye estetikası və s. Bu cür proqramlar ABŞ-ın bir çox universitetləri tərəfindən təklif olunur.

 

Beləliklə, bu gün dünyamız dəyişdikcə, cəmiyyətin tələbləri, şəxsiyyətin maraqları da dəyişir. Əgər əvvəllər əmək dərsində qızlar önlüklər tikir, oğlanlar isə ağac və ya metalla işləyirdilərsə, hazırda bunlar, sadəcə olaraq, kifayət deyil. Robot texnikası, konstruksiya, proqramlaşdırma, modelləşdirmə, 3D-layihələndirmə - indi bütün dünyanın müasir məktəbliləri bu sahələrlə maraqlanır. Bu maraqları həyata keçirmək üçün daha mürəkkəb bacarıq və səriştələr lazımdır. Yalnız bilmək və bacarmaq deyil, həm də araşdırmaq və icad etmək vacibdir. Eyni zamanda, elm, riyaziyyat, texnologiya və mühəndislik kimi əsas akademik sahələrdə inkişaf etmək lazımdır ki, bu da bir sözlə birləşdirilə bilər - STEM!

 

 

Oruc MUSTAFAYEV

 



30.08.2019 | 10:21