“Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi çərçivəsində tədbir | |
Bakı Mühəndislik Universitetində “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsinin “Ədalət” mövzusunda tədbiri keçirilib. Tədbirdə Bakı şəhərindən və rayonlardan olan müxtəlif məktəblərin 11-ci sinif şagirdləri iştirak edib. Layihə iştirakçıları Bakı Mühəndislik Universitetinin maddi-texniki bazası ilə tanış olub, universitet həyatı ilə bağlı dəyərli məlumatlar əldə ediblər.
Əvvəlcə “Gələcəyini Qur!” layihəsinin koordinatoru Turan Cəfərova layihə haqqında ümumi məlumat verib. Bildirib ki, hazırda “Gələcəyini Qur!” layihəsinin keçmiş məzunlarından 12 nəfər BMU-da təhsillərini davam etdirir. Layihə koordinatoru qeyd edib ki, proqramın gedişində həmin tələbələr də BMU haqqında təqdimat edəcəklər.
Tədbir iştirakçılarını salamlayan Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov BMU haqqında məlumat verib.
Millət vəkili Aydın Mirzəzadə şagirdlər qarşısında “Ədalət” mövzusunda mühazirə ilə çıxış edib və şagirdlərin mövzu ilə əlaqəli suallarını cavablandırıb.
Layihə rəhbəri Bəhruz Hidayətzadə elmin vacibliyi, layihənin ədalət, sevgi, məsuliyyət kimi dəyərləri haqqında danışıb. Qeyd edib ki, “Gələcəyini Qur!” layihəsinin əsas məqsədi aztəminatlı ailələrdən olan yüksək bilik və bacarığa malik gənclərin həyatda uğur əldə etmələrinə dəstək olmaq və bununla Azərbaycan cəmiyyətinə yüksək intellekt və etik dəyərlərə malik sağlam düşüncəli gənclər qazandırmaqdır. Layihə rəhbəri tədbirə ev sahibliyi etdikləri üçün Bakı Mühəndislik Universitetinin rəhbərliyinə minnətdarlığını bildirib.
Sonda “Avtostop” layihəsinin rəhbəri DJ Tural “ədalət” və “ədalətsizlik nədir”, “insanın özünə qarşı ədalətsiz olması” mövzusunda maraqlı təqdimat edib. |
|
23.04.2018 | 16:41 | |
|
|
|