Eşqi Bağırov: “Direktor vəzifəsi üzrə vakant yerlərə peşəkar və səriştəli şəxslər təyin ediləcək”

Bu gündən Cəlilabad, Quba, Şamaxı, Lənkəran və İmişli rayonları üzrə direktorların işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində müvafiq keçid balını toplamış 114 namizədin müsahibəsinə başlanılıb.

 

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırovun sözlərinə görə, test imtahanında iştirak edənlərdən  800 nəfərə yaxın namizəd müvafiq keçid balını toplayıb. Bütün namizədlər mərhələli şəkildə müsabiqənin yekun müsahibə mərhələsinə qatılacaq: “Müsahibələrə ilkin mərhələdə vakant yerlərin çoxluq təşkil etdiyi şəhər və rayonlar üzrə olan namizədlər dəvət edilib. Ötən həftə 150 nəfərə yaxın namizəd müsahibə mərhələsində iştirak edib. Bu həftənin sonunadək də müsahibələr təşkil olunacaq”.

 

E.Bağırov 2019-2020-ci tədris ili üçün direktor vəzifəsi üzrə vakant yerlərə peşəkar və səriştəli direktorların təyin ediləcəyini vurğulayıb: “Əvvəlki illərlə müqayisədə gənc müəllim və direktorların sayı artıb. Amma ümumilikdə götürsək, orta yaşlı namizədlər çoxluq təşkil edir. Mövcud qanunvericiliyə əsasən, direktor olmaq üçün namizədin 5 il pedaqoji stajı olmalıdır. Ancaq hətta stajı az olan bir çox namizəd müsabiqəyə qatılmaq üçün müraciət edib. Təbii ki, stajı az olan namizədlərin elektron ərizəsinə imtina vermişik. Odur ki, müsahibələrə qatılan şəxslər stajlı, təcrübəli namizədlərdir”.

 

Ancaq müsahibəyə dəvət olunmaq hələ direktor olmaq demək deyil.  Şöbə müdiri bildirib ki, bəzən keçid balından artıq bal toplayan namizədlər də müsahibə mərhələsində özlərini yetərincə, lazımi səviyyədə göstərə bilmirlər: “Nəticədə də onlarla bağlı qərar mənfi olur. Ümumilikdə, ildən-ilə dəyişən odur ki, namizədlərin həm test imtahanı nəticələri, həm müsahibədə göstərdikləri bilik və bacarıq əvvəlki illərlə müqayisədə daha qaneedicidir. Artıq Nazirlik tərəfindən ancaq yekun, müsahibə mərhələsi təşkil olunur. Namizədlərin sayının çox olduğunu nəzərə alaraq bunu mərhələli şəkildə həyata keçiririk”.

 

 

Ruhiyyə DAŞSALAHLI

 



28.08.2019 | 16:54