“Kosmos Yay festifalı” keçirilib | |
AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) “IV Kosmos Yay festivalı” keçirilib. Düşərgə şəraitində təşkil olunan festivala 50 nəfər kosmos həvəskarı qatılıb.
Şamaxı Astrofizika Rəsədxanası, Tusi-Bohm Planetarium, Astronomiya klubu, GEO klub və Kosmologiyanın birgə təşkilatçılığı ilə reallaşdırılan təşəbbüsün məqsədi, iştirakçıların kosmos haqqında nəzəri və praktiki biliklərinin dərinləşdirilməsi olub.
Festival iştirakçılarını ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.f.d Ədalət Ətayi qarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib.
Muzeylə tanışlıqdan sonra iştirakçılar, düşərgə ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib. Eyni zamanda, kamp ərazisindən meşəyə yürüş təşkil edilib.
Təbiət gəzintisindən sonra iştirakçılar ŞAR-ın konfrans zalına yollanıb. Konfransda f.f.d Ədalət Ətayi Astronomiya elmi - kosmos haqqında maraqlı məruzə ilə çıxış edib.
Konfransın ardınca ŞAR-ın 2 m-lik teleskopunun binasına aparılan festival iştirakçılarına burada ŞAR-ın əməkdaşı, a.f.d. Orxan Xəlilov tərəfindən teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işlərinin nəticələri barədə geniş məlumat verilib.
Daha sonra ŞAR-ın elmi işçisi Səbahəddin Alışovun müşayətilə düşərgə iştirakçıları rəsədxananın 70 santimetrlik teleskopunda gecə müşahihədisində olublar.
Kamp ərazisinə qayıdan festival iştirakçıları ilə müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, geniş elmi müzakirələr aparılıb.
|
|
28.08.2019 | 17:01 | |
|
|
|