Məktəbəhazırlıq qruplarına qəbulda istisnalar mümkündür

Artıq 2 gündür ki, məktəbəhazırlıq qruplarına qəbul başlayıb. Elektron ərizəsində məktəb və müəllimi seçmək hüququ qazanan valideynlər mövcud qaydalardan nə dərəcədə kənara çıxa bilərlər?

 

Bu məsələyə aydınlıq gətirən Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayevanın sözlərinə görə, məktəbəhazırlığın təşkil edildiyi 4 il ərzində bir sıra istisnalar da müəyyən olunub. Sistemin tətbiqindən sonra müəyyən olunan qaydalara bəzi dəyişikliklər edilir. Bu dəyişikliklərdə valideynlərin müraciətləri əsas rol oynayır.

 

İ.Abdullayeva bildirib ki, bu il məktəbəhazırlıq qruplarına 2014-cü ildə doğulan 5 yaşlı uşaqlar cəlb olunsalar da, 2013-cü ildə doğulan uşaqların da 5 yaşlıların təhsilinə cəlb olunması xahişi ilə müraciət edənlər olacaq. Müdir müavini indiyədək qarşıya çıxan bu sıradan olan istisnalara diqqət çəkib: “Əvvəlki illərdə də qarşımıza belə faktlar çıxıb ki, valideyn 6 yaşı tamam olmuş uşağını məktəbəhazırlıq qrupuna yerəşdirib. Halbuki, 6 yaşı tamam olan uşaqlar birinci sinfə getməlidir. İstisna hallardan biri məhz budur”.

 

İkinci istisna təşkil edən məsələ məktəbin yerləşdiyi ərazidə qeydiyyatı olan şəxslə yanaşı, başqa ərazidə yaşayan valideynin də övladını həmin təhsil müəssisəsinə yerləşdirmək istəməsi ilə bağlıdır: “Bu halda ilk növbədə həmin ərazidə qeydiyyatı olan, bacısı və ya qardaşı həmin məktəbdə oxuyan, valideynlərindən biri həmin məktəbdə işləyən uşaqlara üstünlük verilir. Digər müraciətlər boş qalan yerlərə uyğun olaraq sıralamaya müvafiq şəkildə dəyərləndirilir.

 

 

Ruhiyyə

 



27.08.2019 | 16:25