Uşaqları məktəbəhazırlıq qruplarında təhsil alacaq valideynlərdən hansı sənədlər tələb edilir?

Dünən saat 12:00-da məktəbəhazırlıq qruplarına sənəd qəbuluna başlanılıb. İlkin məlumatlara görə, 5432 qrupda 120 minə yaxın 5 yaşlının məktəbə cəlb olunacağı gözlənilir.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva bildirib ki, məktəbəhazırlıq qruplarına onlayn qeydiyyat respublika üzrə dövlət ümumi təhsil məktəblərini, o cümlədən məcburi köçkün məktəblərini və ümumtəhsil proqramı ilə təhsilin təşkil edildiyi internat məktəblərini əhatə edir. Qeydiyyatdan valideynlərdən biri və ya qanuni nümayəndənin keçməsi mütləqdir.

 

İ.Abdullayevanın sözlərinə görə, məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2014-cü il təvəllüdlü) uşaqlar qəbul edilir. Yalnız Bakı şəhərinin 15 faiz ümumi təhsil məktəblərində məktəbəhazırlıq qruplarına qəbul ərazi prinsipi əsasında aparılır. Digər rayon və şəhərlərdə ərazi prinsipi tətbiq olunmur. Bakıda ərazi prinsipi tətbiq olunan məktəblərdə, ilk növbədə, həmin təhsil müəssisələrinin mikroərazisində daimi qeydiyyatda olan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə müvəqqəti və ya qeydiyyatsız yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Kirayədə yaşayan valideynlər ərazi prinsipi tətbiq olunmayan bütün məktəblərdə övladlarını məktəbəhazırlığa elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

 

Ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər.

 

Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu zamanı  həm valideynin, həm də uşağın şəxsiyyətini təsdiq edən sənədlər lazımdır. Azərbaycan vətəndaşı olan valideyndən şəxsiyyətini təsdiq edən sənədi, uşağın doğum haqqında şəhadətnaməsi və ya şəxsiyyət vəsiqəsinin əsli və surəti tələb edilir. Azərbaycan vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi ilə qeydiyyatdan keçir. Xarici ölkə vətəndaşları üçün valideynin xarici pasportu ilə yanaşı,  Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti, digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi, uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U), 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil tələb olunur. Valideyn və ya qanuni nümayəndə  bu sənədlərlə birlikdə https://mektebeqebul.edu.az/az/ saytında yaradılmış “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”ni də məktəbə təqdim etməlidirlər.

 

Xatırladaq ki, elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2-27 sentyabr tarixlərində, həftənin III, IV, V, VI günləri saat 10:00-dan 16:00-dək davam edəcək. 

 



26.08.2019 | 19:28