Robot-professor tezliklə universitetlərdə dərs deyəcək

Son illərdə bütün dünyada robotların miqdarı sürətlə artır.  Ümumdünya İqtisadi Forumun hesabatlarına əsasən,  avtomatlaşdırma  2030-cu ilə qədər olan dövrdə 800 milyon işçi qüvvəsini sıxışdıracaq.  Həmin tarixə qədər Böyük Britaniyada  robotlar 3,6 milyon işçini əvəz edəcəklər. Belə qənaətə gəlinib ki, ölkədə hər beş iş yerindən biri intellektual maşınla yerinə yetiriləcək. Bu mənada ali təhsil müəssisələrindəki iş yerləri də istisna deyil.  Son günlərdə aparılmış tədqiqatlar göstərib ki, universitetlərdə bu texnologiyalardan istifadə sürətli inkişafı  təmin edib.  Bu qarşısıalınmaz  texnologiyaların tam  potensialı hələ ki,  açılmayıb, ancaq görünən budur ki,  yeni texnologiyaların tədrisə və təlimə  təsiri  böyük olacaq. Son texnologiyalar digər sahələrdən  daha əvvəl ali təhsilə təsir edə bilər. Süni intellekt əhəmiyyətli təsirə malik olacaq. Və yalnız  tədrisə və təlimə deyil, həm də bütün  akademik proseslərdə özünü göstərən innovasiyalara təsir göstərəcək. Bu,  sinifdə iş təcrübəsini, eləcə də universitetlərin tələbələrlə necə ünsiyyət saxlamasını, robotlar tərəfindən potensial olaraq yerinə yetirilən mühazirələri dəyişdirəcək.

 

Robot müəllimlər

 

Alimlər üçün süni intellektin, robot texnikasının və intellektual öyrədici sistemlərin bu cür inkişafı belə qənaətə gəlməyə əsas yaradır ki, artıq zəruri təcrübə və tədris  bacarıqları kifayət etməyəcək.  Bəzi alimlər  arasında rəqəmsal bacarıqların aşkar yoxluğu  universitetlərə alternativ olaraq robotların axtarışını yüngülləşdirə bilər.

 

“Yuki”  adlı ilk robot-mühazirəçi  2019-cu ildə Almaniyada təqdim edilib  və artıq  Marburqe şəhərindəki Filippsa Universitetində tələbələrə mühazirə oxumağa başlayıb.  Robot mühazirələr zamanı assistent rolunda çıxış edir. O,  tələbənin necə oxuması və onlara hansı dəstəyin lazım olması barədə  təsəvvürə malik ola bilər.  Robotun, həmçinin tələbələri keçirilən mövzu ilə bağlı təhlillər aparmağa məcbur edəcəyi düşünülür. Bəzi tələbələr “Yuki”nin faydalı olduğunu müəyyən ediblər, baxmayaraq ki, tamamilə funksional olması üçün onun hələ təkmilləşməyə ehtiyacı var.

 

Gözlənilir ki, süni intellektlə uyğunlaşdırılmış robotlar fərdi təlimin daha yüksək səviyyəsini, obyektiv və vaxtında aparılmış qiymətləndirməni təmin etməklə, həmçinin təhsil proqramlarının yaxşılaşdırılması  sahələrini üzə çıxarmaqla tədrisi yaxşılaşdıracaqlar.  Bu isə bəhs olunan işin icrası baxımından real insanlar üçün daha az yer qoya bilər  və şübhəsiz universitetlərdə alimlərin işinə böyük təsir göstərəcək.

 

Alimlər iş yerlərini necə qoruya bilər?

 

“Elsevier”in son hesabatına əsasən, tədqiqat ekosistemi yeni texnologiyalar sayəsində, eləcə də texnoloji sferalarla əlaqə və maliyyələşdirmə imkanları hesabına nəşrlərin əlçatanlığı baxımından gələcəkdə əhəmiyyətli dəyişikliklərə malik olacaq. Məruzədə qeyd olunur  ki, Çin kimi Şərq ölkələri  daha çox diqqəti elmi araşdırmalara və  ixtiralara ayıracaqlar.

 

Tədqiqatların sürəti və həcmi də kütləvi surətdə dəyişəcək.  Böyük verilənlərin analizi və süni intellekt bilavasitə tədqiqatçılara kifayət qədər sürətli tempdə, böyük həcmdə nəticələr təqdim edə bilər. Bundan əlavə, maliyyələşdirmə,  məlumatların toplanması və məqalələrin nəşrinin əlçatanlığı nöqteyi- nəzərindən daha  açıq sistemə keçid proqnozlaşdırılır.

 

Beləliklə, alimlər üçün tamamilə mümkündür ki, tədris yolu ilə deyil,  məhz tədqiqatlar vasitəsilə biliklərin yaradılmasına keçid yaxın gələcəkdə ali təhsildə iş yerlərinin sabitliyinin təmin olunmasının ən yaxşı üsulu ola bilər. Alimlər üçün əvvəllər heç vaxt olmadığı qədər  tədqiqatlara fokuslanmaq əhəmiyyətlidir. Hərçənd ki, bu, alimləri cəmiyyətin xeyrinə öz təcrübələrindən istifadə etmək ehtiyacından  azad edə bilər. Hələ ki aydınlaşdırmaq lazımdır:  robotlar bu qayda ilə növbəti nəsilə ilham verə bilərlərmi?

 

 

Oruc MUSTAFAYEV

 



24.08.2019 | 10:10