Bütün məzunları tələbə adını qazanan siniflər | |
Təhsil sahəsində davamlı xarakter alan islahatlar, həyata keçirilən tədbirlər həm təhsil sisteminin yenilənməsinə, həm də təhsilin keyfiyyətinin yüksəlməsinə şərait yaradıb. Bu isə, ilk növbədə ali məktəblərə qəbul imtahanlarının nəticələrində özünü göstərir. Belə ki, orta ümumtəhsil məktəblərinin məzunlarının qəbul imtahanlarında göstərdikləri nəticələr ilbəil yaxşılaşır. Bu ilin qəbul prosesində də ciddi nəticələrə imza atan məktəblər olub. Onların bir qisminin tarixində isə bir ilk qeydə alınıb-həmin məktəblərin bir sinfinin bütün məzunları tələbə adını qazanıblar. Bu qəbildən olan orta məktəblər sırasında paytaxt məktəbləri ilə yanaşı, bölgə məktəbləri də var. Bəs, qazanılan bu uğurun səbəbi nədir?
Bu məqsədlə Gəncə, Sumqayıt şəhərlərinin, Bərdə və Qubadlı rayonlarının yuxarıda qeyd etdiyimiz nailiyyəti ilə ölkə ictimaiyyətini heyrətləndirən məktəbləri ilə əlaqə saxladıq, eyni zamanda, yüksək nəticələr əldə edən şagirdlərin təəssüratlarını öyrəndik.
Bir məktəbin iki sinfi
2018-2019-cu tədris ilində Gəncə şəhər İ.Məmmədov adına 27 nömrəli məktəb-liseyin XI sinfini bitirən məzunlar qəbul imtahanlarında tam nəticə göstəriblər. Belə ki, məktəbin XI1 sinfinin 21 nəfər məzununun hər biri tələbə adını qazanaraq, respublikanın müxtəlif ali təhsil müəssisələrinə qəbul olub. Həmin məktəbin XI2 sinfinin məzunu olan 20 nəfər də qəbul imtahanında tam nəticə əldə edib.
Paralel təhsil aldıqları sinif yoldaşlarından heç də geridə qalmayan məzunların hər biri tələbə adını qazanıb. İki sinfin məzunu olan şagirdlərdən 10-u 600 baldan yüksək nəticə göstərib. Həmin məzunlar həmçinin, fərqlənmə attestatına da layiq görülüblər.
Onlar bildirirlər ki, yaxşı nəticələri sırf müəllimlərinin gərgin əməyinin nəticəsidir. XI1 sinfinin məzunu - 664 bal toplayaraq Azərbaycan Tibb Universitetinin müalicə işi ixtisasına qəbul olan Həcər Hüseynova uşaqlıqdan arzusunda olduğu peşəni seçməyin sevincini belə bölüşdü: “Həkim olmaq sevgisini məndə müəllimlərim formalaşdırdı. Aşağı siniflərdən mənə “Sən yaxşı həkim olacaqsan” deyirdilər. Əlbəttə ki, burada valideynlərimin də dəstəyi danılmazdır. 11 il mən həkim olmaq üçün çalışdım. Ancaq təhsil aldığım müddətdə bütün fənləri yaxşı öyrənməyə, hərtərəfli biri olaraq formalaşmağa çalışırdım. Bunun nəticəsidir ki, mən məktəbi də fərqlənmə attestatı ilə bitirdim”.
Sağlam rəqabət ən böyük stimuldur
Sağlam rəqabət ən böyük stimuldur. Əgər ki, ətrafında rəqabət apara biləcəyin potensiallı insanlar varsa... Bu fikrə söykənərək məktəb-liseyin XI2 sinfinin məzunu Kamal Qədimov da yüksək nəticə göstərən, dünən üçün məzun, bu gün üçün isə artıq tələbə olmaq fəxarəti ilə fikirlərini söylədi: “Uşaqkən oğlanlar polis, qızlar isə hər zaman həkim olmağı arzulayırlar. Ancaq mən yalnız arzulamadım, bunun üçün çalışdım. Xəyallarımı reallaşdırmağın yalnız bir yolu var idi. O da mükəmməl təhsil. Mən bunu bacardım. Atam Qarabağ müharibəsi iştirakçısıdır. O, hər zaman bizə vətənpərvərliyi, yüksək şəxsiyyətli bir fərd olaraq formalaşmağı aşılayırdı. Mən bu gün polis olmaq üçün yolun başındayam. Ümid edirəm ki, qəbul olduğum Polis Akademiyasını da yüksək nəticələrlə bitirib, xalqıma layiqincə xidmət edəcəyəm”.
Bir sinfi bitirən 27 şagirdin yaşadığı eyni tale
Bərdə rayonunun XI siniflərində 1183 şagird təhsil alıb. İmtahanlarda iştirak edən 1148 nəfərdən 3 qızıl, 2 gümüş medal, 26 fərqlənmə attestatı alıb.
Rayon üzrə ən yüksək nəticə göstərən təhsil ocaqlarından akademik Zərifə Əliyeva adına Texniki fənlər təmayüllü məktəb-liseyi bitirən 108 məzundan 105-i ali məktəblərə sənəd verib və onlardan 81-i qəbul olub. İmtahan verənlərdən 13-ü 500, 9-u isə 600-dən yuxarı bal toplayıb.
Şəhər 8 nömrəli tam orta məktəbi bitirən 52 məzundan 52-si ali məktəblərə sənəd verib, onlardan 37-si uğur əldə edib. 6 nəfər 500 , 5 nəfər isə 600-dən yuxarı bal toplayıb.
Eyni zamanda, şəhər 8 nömrəli tam orta məktəbin məzunları da bu il rekord göstərici qazanıblar. Belə ki, məzunların çoxu qəbul imtahanlarında 600-dən çox bal toplayıb. Onlardan biri - Fidan Quluzadə 677 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsinə daxil olub.
Həmin məktəbin bir sinfini bitirənlərin hamısı da tələbə adını qazanıb. 11-ci “B” sinfinin sinif rəhbəri və riyaziyyat müəllimi İfadə Həmidova da bu nəticəni gözlədiklərini diqqətə çatdırıb. O, bildirib ki, humanitar təmayüllü sinifdə 27 şagird təhsil alıb. Şagirdlərin hamısı tələbə adını qazanaraq ali təhsil müəssisələrinə daxil olub.
46 məzun - 46 tələbə
Cari tədris ilində Sumqayıt şəhər Texniki və təbiət elmləri liseyini bitirən 46 məzun ali məktəblərə keçirilən qəbul imtahanında iştirak edərək tələbə adını qazanıb. Onlardan 25 -i 600 bal toplayıb .
Belə ki, 11-ci “a” sinfini 21 nəfər bitirib və hamısı ali məktəbə qəbul olub. Onlardan 16 məzunun balı 600-dən yuxarı olub.
Yüksək nəticə göstərən Tofiq Muxtasanov bildirib ki, bu uğuru qazanmaq üçün təhsil aldığı N.Gəncəvi adına Texniki və təbiət elmlər liseyinin tapşırıqlarını müntəzəm yerinə yetirib və beləliklə, 400 bal toplamağa nail olub.
Liseydə 11-ci “b” sinfini bitirən 25 məzundan 25-i də ali məktəbə qəbul olub. Onlardan 9-u 600-dən yuxarı bal toplayıb.
10 məzun Azərbaycan Tibb Universitetinə qəbul olub. Onların arasında əkiz qardaşlar - Məhəmməd Ağamalıyev (694,3 bal) və Əli Ağamalıyev (676 bal) da vardır.
Məhəmməd Ağamalıyev vurğulayır ki, qəbul imtahanlarında yüksək nəticə əldə etmək üçün 3 il yox, 11 il çalışmaq lazımdır: “Mən bu arzuma 1-ci sinifdən təhsil aldığım liseyin tələbkar və savadlı müəllim heyətinin sayəsində nail oldum”.
Əli Ağamalıyev isə deyir ki, uşaq yaşlarından tibb sahəsinə böyük marağı olub: “Şükürlər olsun ki, əziyyətimin bəhrəsini gördüm”.
Sumqayıt şəhər Humanitar və təbiət-riyaziyyat təmayüllü “İstedad” liseyi tədris ilini hər il olduğu kimi, bu il də uğurlu nəticələrlə başa vurub. Liseyi 41 məzun qurtarıb. Məzunlardan bir nəfəri Türkiyə Respublikasında ən nüfuzlu tibb universitetlərindən birinə, 40 məzun isə Azərbaycanın ən ali məktəblərinə qəbul olub.
Uğurlu nəticələr əldə etmiş məzunlardan olan Cavid Babayev 655 bal toplayaraq Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” ixtisasına qəbul olub. O, hələ “İstedad” liseyində oxuduğu müddətdə bir çox nailiyyətlərə imza atıb. IX, X, XI siniflərdə oxuyarkən “Sabahın alimləri” müsabiqəsində həmişə I, II, III yerləri tutub. Liseydə fəaliyyət göstərən “Şagird elmi cəmiyyəti”nin fəal üzvlərindən biri olub.
Fərid Kərimli 647 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” ixtisasına (ingiliscə) qəbul olub. İstedad liseyində oxuduğu vaxtlarda “Sabahın alimləri” müsabiqəsində, fənn olimpiadalarının şəhər və respublika mərhələlərində iştirak edərək I, II, III yerləri qazanıb.
Digər yüksək nəticə əldə etmiş məzunlardan Səmayə Məmmədli qəbul imtahanında 615 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Biznesin idarə edilməsi” ixtisasına (ingilis dilində), Aydan Tanrıverdiyeva 589, Fidan Ağazadə 617 bal toplayaraq Azərbaycan Tibb Universitetinin “Müalicə işi” ixtisasına daxil olublar.
50 məzunun hamısı ali məktəblərdə
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyada 52 məzun olub. (11-ci “a” sinfində -27, 11-ci “b” sinfində -25). Onlardan 2 nəfəri Turkiyə ali məktəblərinə qəbul olunduqları üçün DİM-ə ərizə verməyib. İmtahan verən 50 məzunun hamısı ali məktəblərə qəbul olub. Onlardan 26-sı 600-dən yuxarı bal toplayıb. Builki məzunlardan 5 nəfəri qızıl, 1 nəfər isə gümüş medal alıb.
Nigar Nəcəfli I ixtisas qrupunda imtahan verərək 681 balla Bakı Ali Neft Məktəbinin “İnformasiya təhlükəsizliyi” ixtisasına qəbul olub. Proqramlaşdırma üzrə yaxşı mütəxəssis olmaq üçün ali məktəbi də əla qiymətlərlə başa vurub, xarici ölkələrin birində, xüsusən “Microsoft” şirkətində işləmək arzusundadır.
Jalə Əhmədzadə məktəbi qızıl medalla bitirib. 2017-ci ildə Respublika fənn olimpiadasının final mərhələsində Azərbaycan dili və ədəbiyyat fənni üzrə I yerə layiq görülüb. 2018-ci ildə isə “Əlaçı” intellektual oyununun qalibi olub. II ixtisas qrupunda imtahan verərək 676,3 balla Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” fakültəsinə (ingiliscə) qəbul olub. Üçüncü kursdan universitetin ikili diplom layihəsinə qoşulub, təhsilini Fransada davam etdirmək, sonra Azərbaycana qayıdaraq dövlət orqanlarının birində çalışmaq arzusundadır.
Aytac Süleymanlı IV ixtisas qrupunda imtahan verərək 668 balla Azərbaycan Tibb Universitetinin “Müalicə işi” fakültəsinə qəbul olub. Arzusu yaxşı həkim olmaq, ürək-damar cərrahı kimi xalqına xidmət etməkdir.
Ləman Əlipaşayeva məktəbi qızıl medalla bitirib. 2018-ci ildə “Heydər Əliyev-95” müsabiqəsində I, həmin ildə “Sabahın alimləri” Respublika müsabiqəsində III, “Ədəbiyyat biliciləri” müsabiqəsində isə III yerə layiq görülüb. I ixtisas qrupunda imtahan verərək 652,2 balla Bakı Ali Neft Məktəbinin “Kimya mühəndisliyi” fakültəsinə qəbul olub. Ali məktəbi də əla qiymətlərlə bitirərək ABŞ-da magistr təhsili almaq və Azərbaycana qayıdaraq ixtisası üzrə mütəxəssis kimi işləmək arzusundadır.
Mətləb Əsədov məktəbi qızıl medalla bitirib. 2018-ci ildə Respublika fənn olimpiadasının final turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə III, 2019-cu ildə isə II yerə layiq görülüb. III ixtisas qrupunda imtahan verərək 649 balla Azərbaycan Diplomatik Akademiyasının “Hüquqşünaslıq” fakültəsinə qəbul olub. Arzusu ali məktəbi də əla qiymətlərlə bitirərək Çin Xalq Respublikasında magistr təhsili almaq və tanınmış mütəxəssis kimi fəaliyyət göstərməkdir.
34 məzunun birgə sevinci
Bu il Qubadlı rayon H.Quliyev adına Texniki fənlər təmayüllü Çaytumas məktəb-liseyin 34 məzununun hamısı ali məktəblərə sənəd verərək tələbə adını qazanıb. Məzunlardan 6-sı 500-600, 2-si 600-700 arası bal toplayıb. 26 məzunun orta bal göstəriciləri isə 300-500 bal intervalında olub.
Burada daha diqqət çəkən məqamlardan biri məzunların əksəriyyətinin arzu etdikləri ali məktəblərin müvafiq ixtisaslarına qəbul olmalarıdır.
Belə ki, 671 bal toplayaraq rayonda ən yüksək nəticə qazanan Aydan İldırımova və 632 bal toplayan Sitarə Niyazova Bakı Dövlət Universitetinin riyaziyyat fakültəsinə qəbul olublar.
592 bal toplayan Nuriyyə Əhədovanın da arzusu reallaşıb, Bakı Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olub.
512 bal toplayan Laçın Abbasov Hərbi Akademiyaya qəbul olmaqla istəyinə nail olub. Onun arzusu torpaqlarımızın işğaldan azad olunmasında yaxından iştirak etməkdir.
Məzunlardan Fərid Abbaszadə, Şəfiqə Ömərova, Zeynəb Həziyeva, Nəzrin Oruczadə və Sevda Səmədzadə də tələbə adını qazandıqlarına görə çox sevinirlər.
Şakir CƏFƏROV
|
|
23.08.2019 | 17:26 | |
|
|
|