Ali təhsil müəssisələrinin qəbul planı 91.03 faiz dolub

Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə yerləşdirmənin nəticələrini elan edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 1359 nəfər (o cümlədən 1232 nəfər subbakalavr) qəbul olunub. I mərhələdən sonra isə ali təhsil müəssisələrinə 42062 nəfər (o cümlədən 3542 subbakalavr) qəbul olunmuşdu. İlk mərhələdən sonra qəbulolma faizi 88.06 idi.

 

DİM-dən bildirilib ki, hər iki mərhələdən sonra ali təhsil müəssisələrinə 43480 (o cümlədən 4774 subbakalavr) nəfər qəbul olunub. 17947 (o cümlədən 632 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 25533 (o cümlədən 4142 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Nəticədə ali təhsil müəssisələrinə qəbulolma faizi artaraq 91.03 olub.

 

İxtisas qrupları üzrə qəbulun statistikasını tədim edirik:

 

 

İxtisas qrupu 

  Qəbul olunanlar ( o cümlədən subbakalavrlar)

  Ödənişli

  Dövlət sifarişi əsasında    

  Cəmi

I

5197 (882)

7643 (445)

12840 (1327)

II

9766 (3077)

3099 (118)

12865 (3195)

III

7428 (35)

3715 (0)

11143 (35)

IV

1352 (77)

2082 (58)

3434 (135)

V

1790 (71)

1408 (11)

3198 (82)

 Cəmi

  25533 (4142)    

17947 (632)

 43480 (4774)    

 

Qeyd edək ki, tələbə qəbulu aparılan 42 ali təhsil müəssisəsinin 7-də plan yerləri 100 faiz, 20 ali təhsil müəssisəsində 90 faizdən, 9 ali təhsil müəssisəsində 80 faizdən çox dolub.  Ümumiyyətlə, qəbul aparılan ixtisasları xüsusi qabiliyyət tələb edən Bakı Xoreoqrafiya Akademiyası istisna olmaqla, digər ali təhsil müəssisələrinin plan yerləri 70 faizdən çox dolub.

 

Subbakalavrlarla bağlı isə qeyd edə bilərik ki, onlar 32 müxtəlif ali təhsil müəssisəsinə qəbul oluna biliblər. Qəbul olunan subbakalavrlar say etibarilə daha çox Azərbaycan Kooperasiya Universitetinə (489 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetinə (334 nəfər), Bakı Biznes Universitetinə (319 nəfər) və Sumqayıt Dövlət Universitetinə (306) qəbul olunub. Ali təhsil müəssisələrinin qəbul planı və onların dolma faizinə baxdıqda isə Əmək və Sosial Münasibətlər Akademiyasına qəbul olunanların 56.92 faizinin, Bakı Biznes Universitetinə qəbul olunanların 51.45 faizinin, Azərbaycan Kooperasiya Universitetinə qəbul olunanların 39.44 faizinin subbakalavrlar olduğunu görərik.

 

Xatırladaq ki, I mərhələdən sonra qəbul olunanlar avqustun 27-dək , boş qalan yerlərə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

 

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

 



21.08.2019 | 17:08