Elektronlaşan qəbul | |
Baxırsan valideyn şəhərin mərkəzində yaşayır, övlad da orda ilk məktəbə gedib. Ancaq təhsilini başa vuranda səsi, məsələn, ucqar bir dağ kəndindən gəlir. Bu, təbii ki, sistemdə neqativ halları istisna etmir və xoş olmayan mənzərədir. Ancaq bu ildən çox xoş mənzərə yaradacaq addım atılıb. Təhsil Nazirliyi neqativləri sıfıra endirmək, prosesi şəffaflaşdırmaq məqsədi ilə vacib qərar verib. Belə ki, bu ilin avqustundan şagirdlərin yerdəyişməsi üzrə ərizə qəbulunu dayandırıb. Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılıb. Bu prosesdə hədəf bəlli:
Ölkə vətəndaşları, o cümlədən təhsil sistemində çalışanlar dünyəvi sistemləri mənimsəməli, eləcə də dünyəvi, inkişafa aparan sistemlərin uyğunları Azərbaycanda tətbiq olunmalı;
Strateji əhəmiyyətli təhsil sistemi dünya standartlarının tətbiqini sistemli şəkildə davam etdirməli;
Şagirdlərin statistikasına aid məlumat dəqiq və səlis olmalıdır;
Ümumtəhsil məktəblərində şagird kontingenti sabit saxlanmalıdır;
Neqativ sayılan halların qarşısı tamamilə alınmalı, şəffaflıq təmin edilməli;
Valideynlər və şagirdlər qanuni haqlarından istifadə edə bilməmək kimi ədalətsizliklə üzləşməməli.
Diqqət etsək aydın bəlli olur ki, Təhsil Nazirliyinin bütün işləri elektronlaşmış qaydada görməyi hədəfləməsidir.
Hazırda ölkə üzrə dörd mindən çox orta məktəbdə bir milyon beş yüz mindən çox şagird təhsil alır. İl ərzində müəyyən səbəblərə görə şagirdlər məktəbini dəyişməyə məcbur olur. Bu proses baş verəndə bəzi qanunsuzluqlara yol verilir ki, bu, bütünlüklə təhsil sisteminin nüfuzuna xələl gətirir. Şagird yerdəyişməsi, ilk növbədə, zədələnmiş nüfuzu geri qaytarmağa xidmət edir. Bundan başqa, “yer yoxdur” bəhanəsi aradan qalxır ki, bu da ictimai rəydə təhsilə, Təhsil Nazirliyinə, məktəbə aqressiyanın azalmasına xidmət edir. Ümumiyyətlə, bütün işləri mərhələli şəkildə elektron formata transfer etməyin özü təqdir olunası addımdır. Çünki təhsilin inkişafına xidmət edir.
Zəruri qeyd: Təhsil Nazirliyindən verilən məlumata görə, övladını digər məktəbə dəyişmək istəyən valideyn həmin məktəbin direktoruna yerdəyişmənin səbəbi göstərilməklə ərizə ilə müraciət edir. Ərizəyə şagirdin yarım illik və illik qiymət cədvəli əlavə edilir. Məktəbin direktoru iki iş günü müddətində şagirdin indiyədək təhsil aldığı məktəbin direktoruna təqdim etmək üçün arayış verir. Şagirdin şəxsi işi həmin arayış əsasında yeni təhsil alacağı məktəbə verilir və hər iki məktəb tərəfindən əmrləşdirilir. Bu, I-IX sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsi qaydalarına aiddir.
X-XI sinif şagirdlərinin ölkə daxilində yerdəyişməsinə isə, ailəsi ilə birlikdə yaşayış yerinin dəyişməsinə dair müvafiq təsdiqləyici sənəd təqdim edildikdə, lisey və gimnaziyalarda, özəl ümumi təhsil müəssisələrində tətbiq edilən tədris proqramlarının mənimsənilməsi mümkün olmadıqda icazə verilir.
Xatırladaq ki, şagirdlərin yerdəyişməsinin elektronlaşması ilə əlaqədar ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən ala bilərlər.
Avqustun 15-i, 15:00-dan şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilib. Şagird yerdəyişməsinin elektronlaşdırılması www.sy.edu.az portalına daxil olub, qeydiyyatdan keçməklə mümkündür.
Jalə MÜTƏLLİMOVA
|
|
16.08.2019 | 12:33 | |
|
|
|