31-ci Beynəlxalq İnformatika Olimpiadasına yekun vuruldu | |
“Birinci gün yarış gərgin şəraitdə keçdi, rəqabət güclü idi. Ancaq özümü toplayıb ən yüksək balı qazandım. Yarışın ikinci günündə də liderliyimi qoruyub saxlamağa nail oldum”.
Bunu ötən həftə Bakıda keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI) qızıl mükafatçısı Benjamin Qi deyib. ABŞ-ın 17 yaşlı çinli təmsilçisi builki olimpiadada öz rekordunu təzələyib: “IOI-də 2 ildir ki, qızıl medal qazanıram. Bu dəfə 547.09 balla birinci yerə çıxdım. Rekordumu təzələdiyim üçün özümü xoşbəxt hiss edirəm”.
Beynəlxalq İnformatika Olimpiadasının əhəmiyyətindən danışan Amerika məktəblisinin sözlərinə görə, bu müsabiqələr ona alqoritmlərlə bağlı problemlərin həlli yollarını tapmaqda, proqramlaşdırma sahəsində əldə etdiyi biliyi tətbiq etməyə imkan yaradır: “Bu sahəni öyrənmək istəyən şagirdlərə məsləhət görürəm ki, yaratdığım veb-səhifəyə baş çəksinlər. Həmin səhifədə indiyə qədər öyrəndiklərimi və informatika olimpiadalarındakı təcrübəmi bölüşmüşəm”.
Beləliklə, ölkəmizdə ilk dəfə keçirilən Beynəlxalq İnformatika Olimpiadasında Benjamin Qinin təmsil etdiyi ABŞ da daxil olmaqla, 88 ölkə və regiondan 600-dən çox şagird, müəllim və ekspertdən ibarət nümayəndə heyətləri iştirak etdilər. Olimpiada iştirakçılarının 28-i qızıl, 54-ü gümüş, 81-i bürünc medala layiq görüldü. Onlar avqustun 10-da Heydər Əliyev Mərkəzində keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasının bağlanış mərasimində mükafatlandırıldılar.
Medallar sahiblərinə təqdim edildi
Bakı Konqres Mərkəzində düzənlənən açılış mərasimi ilə start götürən 31-ci Beynəlxalq İnformatika Olimpiadası elə bu Mərkəzdə də yekunlaşdı. Təhsil naziri, “IOI 2019”un sədri Ceyhun Bayramov olimpiadanın başa çatması münasibətilə iştirakçıları təbrik etdi. Dünyanın ayrı-ayrı yerlərindən gələn məktəblilərdə Azərbaycan, ölkəmizin tarixi yerləri, o cümlədən mədəniyyəti və yeməkləri ilə bağlı xoş təəssürat formalaşdığına inam ifadə edən nazir yarışın yüksək səviyyədə təşkil olunmasında payı olanları da unutmayaraq hər kəsə təşəkkür etdi.
Təhsil naziri Azərbaycanda informatika fənninə, ümumiyyətlə, informasiya texnologiyalarına göstərilən münasibətə də toxundu. Azərbaycan hökumətinin bu sahənin inkişafında xüsusi marağı olduğunu diqqətə çatdıraraq, atılan addımların da bu hədəfə yönəldiyini vurğuladı.
Təhsil sahəsində yeni innovasiyaların, informasiya-kommunikasiya texnologiyalarının geniş şəkildə tətbiq olunduğunu dedi.
“IOI 2019”un Azərbaycanda informasiya texnologiyaları sahəsinin inkişafına töhfə verəcəyinə inamını ifadə etdi.
Olimpiada iştirakçılarına uğur arzulayan Təhsil naziri Ceyhun Bayramov olimpiadada ən yüksək nəticə göstərən iştirakçı, ABŞ komandasının üzvü Benjamin Qiyə qızıl medalla yanaşı, xüsusi mükafat da təqdim etdi.
“IOI 2020” Sinqapurda keçiriləcək
“IOI” prezidenti Qreq Li beynəlxalq olimpiadanın bağlanış bəyannaməsini diqqətə çatdırandan sonra olimpiadanın keçiriləcəyi növbəti ölkənin adı məlum oldu. Növbəti il, yəni 2020-ci il iyulun 19-26-da yarış Sinqapurda keçiriləcək. Təhsil nazirinin müavini Firudin Qurbanov və “IOI 2019”un fəxri həmsədri, ADA Universitetinin rektoru Hafiz Paşayev Beynəlxalq İnformatika Olimpiadasının bayrağını Sinqapur Milli Universitetinin professoru Tan Sun Tekə təqdim etdilər.
“15-16 yaşlı şagirdlərimizin 18-19 yaşlı rəqiblərlə mübarizəsi asan olmayacaqdı”
Beləliklə, Bakıda keçirilən Beynəlxalq İnformatika Olimpiadası ilə 2018-2019-cu tədris ili üçün Azərbaycan məktəblilərinin də iştirak etdiyi beynəlxalq olimpiadalar yekunlaşdı. Son yarışda Azərbaycan məktəbliləri medal qazana bilmədi. Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevin sözlərinə görə, bu nəticəyə baxmayaraq, yarışda məktəblilərimizin iştirakı qənaətbəxşdir: “162 nəfərin medal aldığı bu olimpiadada şagirdlərimiz 177 və 179-cu yerdə qərarlaşdılar. 6 sualın həlli üçün verilən 10 saat diliminin təxminən 8 saatı ərzində şagirdlərimiz medalçılar intervalına düşə bildi, lakin sonda həmin intervalda qərarlaşa bilmədilər. Ölkəmizdə keçirilən bu mötəbər yarışda medalçılar siyahısına düşmək, əlbəttə ki, hər birimizin arzusu və hədəfi idi. Lakin IX-X sinifdə oxuyan 15-16 yaşlı şagirdlərimizin, əsasən 18-19 yaşlı rəqibləri ilə mübarizəsi gözlənildiyi kimi, asan olmadı. Əminəm ki, çox az fərqlə medalçılar siyahısına düşməyən şagirdlərimiz gələn il keçiriləcək olimpiadalarda daha yaxşı çıxış edəcəklər. Həm onlar, həm müəllimlərimiz əksiklikləri müəyyən edib hazırkı səviyyənin artırılması üçün çalışacaqlar”.
Ölkə məktəblilərinin tədris ili ərzində böyük nailiyyətlərə imza atdıqlarını vurğulayan F.Qarayev yeni tədris ilindən daha böyük gözləntiləri olduğunu da əlavə etdi: “Düşünürəm ki, tədris ili boyunca iştirak etdiyimiz bütün beynəlxalq yarışlarda şagirdlərimizin nəticələri olduqca yaxşı olub. Məktəblilərimiz riyaziyyat fənni üzrə 21 medal - 10 gümüş və 11 bürünc medal gətiriblər. Kimya fənni üzrə 1 qızıl, 1 gümüş və 5 bürünc medal olmaqla 7 medal, biologiya fənni üzrə 2 bürünc medal qazanıblar. Fizika fənni üzrə 3 bürünc medal, informatika fənni üzrə 2 gümüş, 1 bürünc medal olmaqla cəmi 3 medal əldə olunub. Ümumilikdə şagirdlərimiz beynəlxalq fənn olimpiadalarından ölkəmizə 36 medal gətiriblər. Yeni tədris ilində hər bir fənn üzrə nəticələrin daha yaxşı olacağına və medal əyarlarının artacağına şübhə yoxdur. Odur ki, gələcək nailiyyətlər üçün çox ümidliyik”.
Ruhiyyə DAŞSALAHLI
|
|
16.08.2019 | 11:32 | |
|
|
|