Peşə təhsili zamanın tələbinə çevrilir

Avqustun 5-dən 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilib. Artıq peşə təhsili müəssisələrində oxumaq istəyən  4000-dən artıq şəxsin müraciəti qeydə alınıb.

 

 

Dördüncü “ASAN” qəbul

 

 

Qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə artıq dördüncü ildir ki, peşə təhsili müəssisələrinə qəbul Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) arasındakı əməkdaşlıq çərçivəsində həyata keçirilir. “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılır. Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

 

 

Birini seç

 

 

Beləliklə, vətəndaş harada qeydiyyatda olmağından, harada yaşamağından asılı olmayaraq, hətta istirahət etdiyi yerdən belə, yaxınlığında olan “ASAN xidmət” mərkəzinə gələrək yiyələnmək istədiyi ixtisasları seçə və seçdiyi 5 ixtisasdan biri üzrə təhsil ala bilər. Sadəcə beşini seçmək imkanı verilən siyahıda nə az, nə çox, 145 ixtisas var. Həm ödənişli, həm də dövlət sifarişi əsasında hazırlığı təşkil ediləcək ixtisasların 14-ü - “İsitmə-soyutma, havalandırma sistemləri və avadanlıqları üzrə montajçı”, “sənayedə quraşdırma işləri üzrə usta”, “plastik boru qaynaqçısı”, “üzlükçü dizayner”, “turizm təşkilatçısı”, “torna və frezer dəzgahların operatoru”, “turizm sahəsində iaşə üzrə mütəxəssis”, “rəngsaz və suvaq ustası”, “avtomobil diaqnostikası və təmiri ustası”, “elektronika ustası”, “inşaat ustası”, “veb dizayner və proqram təminatçısı”, “avtomatika üzrə usta”, “kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi”   peşə təhsili təsnifatına yeni daxil edilib. 9 ixtisasın - “çörək ustası”, “daş frezerçisi”, “gəmi tornaçısı”, “hərəkət tərkibinin təmiri çilingəri (Metropoliten üzrə)”, “misgər”, “növbə matorçusu”, “növbə matrosu”, “paylayıcı qurğuların təmiri və istismarı üzrə elektrik montyoru”, “Yüksəkgərginlikli hava xətlərinin və kontakt şəbəkələrinin quraşdırıcısı üzrə elektrik montyoru-xətçi” - isə adı peşə təhsili təsnifatında olsa da, indiyədək onlar üzrə kadr hazırlanmayıb. Beləliklə, peşə məktəblərində növbəti tədris ilində hazırlığı təşkil ediləcək 145 ixtisasdan 23-ü yenidir.

 

Yeni ixtisaslar, əsasən sənaye sahəsi üzrədir. Həmin sahə üzrə kadrlar “Torna və frezer dəzgahların operatoru”,  “Avtomobil diaqnostikası və təmiri ustası”,  “Sənayedə quraşdırma işləri üzrə usta”,  “Elektronika ustası”, “Elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru”,  “İnşaat ustası”,  “Veb dizayner və proqram təminatçısı”,   “Avtomatika üzrə usta” “Torna və frezer dəzgahların operatoru”  ixtisasları üzrə Koreya standartları əsasında yeni yaradılan Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsili Mərkəzində hazırlanacaq. Mərkəzdə hazırlığı təşkil ediləcək.

 

 

Bu ixtisaslar sevilir

 

 

Ötən il aşpaz, əməliyyatçı mühasib, bərbər ixtisasları üzrə hətta ödənişli əsaslarla da təhsil almaq istəyənlərin sayı kifayət qədər çox olub. Nəticədə, aşpaz, veb dizayner və turizm agenti ixtisaslarına güclü rəqabət formalaşıb və həmin istiqamətlər üzrə orta attestat balı 4 baldan yuxarı olanlar qəbul olunub. Bəs, bu il?

 

Təhsil Nazirliyi yanında Dövlət Peşə Agentliyinin direktor müavini Amil Əlilinin sözlərinə görə, artıq bir neçə gündür davam edən müraciətlərin təhlili göstərir ki, ötən ilin sevilən ixtisasları bu il də seçiləcək. Məsələn, bir il ərzində münasibətin dəyişmədiyi aşpaz, dərzi, bərbər kimi ixtisaslar var. Bu il  turizm təşkilatçısı, neft və qaz operatoru, heyvandarlıq mütəxəssisi də ən çox seçilənlərdəndir. Ancaq bəzi ixtisaslar da var ki, artıq zamanın tələbi ilə ayaqlaşmır. Nəticədə ya tamamilə sıradan çıxır, ya da bazara yeni daxil olan başqa ixtisaslarla birləşir.  Misal üçün, bir neçə il bundan əvvəl kompüter operatoru ixtisası üzrə kadr tələb olunurdusa, sonradan həmin ixtisas sıradan çıxıb və kompüter ustası və operatoru, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə kadr hazırlığına başlanılıb.

 

Yəni, iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq ixtisasların qovuşması həyata keçirilir. Nəticədə bir sıra ixtisaslar sıradan çıxır, əvəzinə yeniləri bazara daxil olur. A.Əlili deyir ki,  bu proses o qədər sürətlə baş verir ki, hər il kadr hazırlığı həyata keçirilən ixtisasların sayı və siyahısı dəyişir: “Bu gün peşə təhsili təsnifatına daxil olan ixtisasların çoxu mövcud əmək bazarının tələblərinə uyğun gəlmir. Odur ki, adı tarixə düşən ixtisasların sayı az deyil.

 

Hər il siyahıya əmək bazarının tələblərinə uyğun olan yeni ixtisaslar daxil edilir. Ötən il 168 ixtisas üzrə kadr hazırlığına başlanılıb. Daha əvvəl isə bu say 176 idi. Bu il isə kadr hazırlığı aparılan ixtisasların sayı azalaraq 145-ə düşüb. Son 3 ilin statistikasının müqayisəsi fərqi görməyə imkan verir.  Ona görə də peşə ixtisası üzrə təsnifatın yenilənməsinə ehtiyac duyulur. Bu, qısamüddətli iş deyil”.

 

Ona görə də əmək bazarının sürətlə dəyişən tələblərinə uyğun olaraq hər il dəyişikliyə məruz qalan peşə təhsili təsnifatının yenilənməsinə qərar verilib. Əmək bazarını təmsil edən işəgötürənlərin, peşə təhsili müəssisələrinin və maraqlı tərəflərin nümayəndələrinin iştirakı ilə yaradılan İşçi Qrup peşə təhsili üzrə ixtisasların təsnifatına yenidən baxacaq.  

 

 

İşəgötürənlə əməkdaşlığın nəticəsi: məzunların 60 faizindən çoxu işlə təmin olunurlar

 

 

Peşə təhsili müəssisələri isə işəgötürənlərin çoxsaylı müraciəti əsasında əmək bazarının tələbinə uyğun yeni ixtisaslar və həmin ixtisaslar üzrə kadr hazırlığını təklif edirlər. İxtisaslar üzrə tədris olunan proqramların hazırlanması prosesində işəgötürənlər də birbaşa iştirakçıdırlar. A.Əlilinin sözlərinə görə, işəgötürənlərin nümayəndələri builki qəbul planının hazırlanması prosesinə də fəal qoşulublar. “Peşə təhsili müəssisələrinə qəbul planı həm peşə təhsili müəssisələrinin maddi-texniki bazası, infrastrukturu, həm də işəgötürənlərin sifarişi əsasında əmək bazarının dəyişən tələbi nəzərə alınmaq şərti ilə formalaşıb”, - deyə direktor müavini bildirib.

 

A.Əlili onu da əlavə edib ki, ildən-ilə genişlənən əməkdaşlığın, işəgötürənlərin peşə təhsilinin təşkilində fəal iştirakının nəticəsidir ki, peşə məktəblərini bitirənlərin işlə təminatında ürəkaçan statistika qeydə alınır: “Məsələn, turizm, xidmət, informasiya texnologiyaları və başqa sahələr üzrə həyata keçirilən layihələrin nəticəsində məzunlarımızın 60 faizindən çoxu işlə təmin olunurlar”.

 

A.Əlili deyib ki, işəgötürənlərin prosesə cəlbi getdikcə daha böyük miqyasa çatacaq. Bunun üçün Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdırmaq məqsədilə qaydalar layihəsi hazırlayıb. Qaydalar layihəsi peşə təhsili ilə bağlı qəbul edilən Strateji Yol Xəritəsinə uyğundur: “İşəgötürənlərin peşə təhsilinə inteqrasiyasını stimullaşdıran bir sıra müddəalar həm “Peşə təhsili haqqında” Qanunda, həm də Peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsində öz əksini tapıb. Bununla bağlı ilkin qaydalar hazırlanaraq aidiyyəti qurumlara təqdim edilib. Hazırda müvafiq qurumların rəy və təklifləri nəzərə alınmaqla layihə üzərində iş davam etdirilir. Yaxın vaxtlarda layihə yenidən aidiyyəti qurumlara təqdim ediləcək”.

 

Direktor müavini nəzərə çatdırıb ki, qaydalarda “Peşə təhsili haqqında” Qanunda nəzərdə tutulan məsələlərlə bağlı təkliflər irəli sürülüb: “Qanunda işəgötürənlərin stimullaşdırılması ilə bağlı qısa və uzunmüddətli perspektivdə maliyyə, hüquqi və digər sahələr üzrə müvafiq güzəştlərin verilməsi nəzərdə tutulur ki, bu da özəl sektorun peşə təhsili ilə tərəfdaşlığa daha çox maraq göstərməsinə imkan yaradacaq. Peşə təhsili müəssisələri ilə işəgötürənlər arasında əməkdaşlığın əsas istiqamətlərindən biri işəgötürənlərin peşə təhsili və təlimi sisteminə inteqrasiyası, yüksək ixtisaslı kadrlarının tədris prosesinə cəlb edilməsidir. Qanunda peşə təhsili alanların təcrübə keçmələri üçün xüsusi meyarlar əsasında seçilmiş idarə, müəssisə, fermer təsərrüfatı və təşkilatlara müəyyən imtiyazların verilməsi, işəgötürənlərin istehsalat təcrübəsinə rəhbər təyin etdiyi mütəxəssislərə təhsil müəssisəsi tərəfindən əlavə əməkhaqqının ödənilməsi də nəzərdə tutulub. Strateji Yol Xəritəsinə görə, işəgötürənlərin peşə təhsilinə inteqrasiyasını təmin etmək üçün kadr hazırlığı onların tələbatı nəzərə alınmaqla aparılmalıdır. Bunun nəzərə alınmaması diplomlu işsizlərin sayının artması deməkdir. Buna görə də istənilən sahədə kadr tələbatı müəyyənləşdirilərkən ilk növbədə işəgötürənlərin tələbi nəzərə alınmalıdır”.

 

 

“ASAN Peşə”dən ixtisas seçin ki, işiniz asan olsun!

 

 

Beləliklə, vətəndaş seçir, işəgötürən sifariş verir, peşə məktəbləri isə əmək bazarının tələb etdiyi kadrları hazırlayır. Hər il tələb dəyişdiyi kimi, təkliflər də dəyişir. Ayrı-ayrı ixtisaslar üzrə kadr hazırlığını təşkil edən peşə məktəblərinin sayı və keyfiyyəti də tələblərin fonunda yenilənir. Növbəti tədris ili üçün peşə təhsili sahəsində ən böyük yenilik tamamilə yeni standart, yeni təhsil proqramı ilə təhsil verəcək Sənaye və İnnovasiyalar üzrə Bakı Peşə Təhsil Mərkəzinin fəaliyyətə başlaması olacaq. Yeni Peşə Təhsil Mərkəzinin hazırlığı təşkil ediləcək 8 ixtisası da peşə məktəbində oxumaq istəyənlərin qarşısına qoyulan təkliflər siyahısındadır.

 

Bir sözlə, nəinki bu 8 ixtisas, ümumiyyətlə, Azərbaycandakı peşə məktəblərinin təklif etdiyi 145 ixtisasdan hansına yiyələnəcəyiniz öz əlinizdədir. Ancaq bir önəmli məqamı da unutmayın. Seçiminiz düzgün olmalıdır ki, avqustun 21-də elan olunacaq uğur qazananlar siyahısına adınız düşsün.

 

“ASAN Peşə”, sadəcə peşə məktəblərinə qəbul məqsədi ilə həyata keçirilən layihənin adı deyil, istənilən peşəyə yiyələnməyin də ən asan yoludur. Təhsil səviyyəsindən, ixtisasından asılı olmayaraq, hər kəsin yolu burdan düşə bilər. Odur ki, vaxtikən “ASAN Peşə”dən ixtisas seçin ki, işiniz də asan olsun!  

 

 

Ruhiyyə DAŞSALAHLI

 



09.08.2019 | 12:33