Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi | |
Avqustun 7-də müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsinə start verilir.
Bu gündən başlayan mərhələ 14 avqust saat 13:00-dək davam edəcək. Bu müddət ərzində namizədlər elektron ərizələrində müvafiq bölməyə daxil olub, imtahan fənninə uyğun 8 vakant yer seçərək ərizələrini təsdiq etməlidirlər.
2019-2020-ci tədris ili üçün keçirilən müəllimlərin işə qəbulu imtahanlarında iştirak etmiş namizədlərə builki və ya ötənilki işə qəbul imtahan nəticəsini seçərək bu mərhələdə iştirak hüququ verilir.
Vakant yerləri builki və ötənilki müəllimlərin işə qəbulu imtahanlarında müvafiq keçid balı toplamış, həmçinin 10 ildən çox fasiləsiz olaraq müddətsiz müqavilə ilə ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olmuş və 3 ildən az olmayan müddətdə işdən ayrılmış, diaqnostik qiymətləndirilmədə iştirak etmiş namizədlər seçə bilərlər.
Qeyd edək ki, 2019-2020-ci tədris ili üçün musiqi, təsviri incəsənət fənləri üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə keçid balı 30, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 42, fiziki tərbiyə fənni üzrə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı isə 42 müəyyən edilib.
Digər fənlər üzrə isə həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə keçid balı 36, həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə keçid balı 48 müəyyən edilib.
Müsabiqəyə 7 mindən artıq vakant yer çıxarılıb.
|
|
07.08.2019 | 09:20 | |
|
|
|