“Azərbaycan ədəbiyyatı və müasir qadın”

Beynəlxalq Mətbuat Mərkəzində “Kitab Evi” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan ədəbiyyatı və müasir qadın”  mövzusunda tədbir keçirilib. Tədbiri giriş sözü ilə birliyin sədri, Azərbaycan Təhsil İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, AYB-nin üzvü Adilə Nəzərova açıb. O, XIX əsrdən bu günədək Azərbaycan ədəbiyyatındakı qadın obrazlarını müqayisə edib və ölkədə dövlət qurumlarının və vətəndaş cəmiyyətinin düzgün prinsiplər əsasında fəaliyyətinin qadınların həyat tərzlərinə, bilavasitə ədəbi obrazına təsirini vurğulayıb.

 

Tədbirdə Azərbaycan ədəbiyyatında qadın obrazları; sovet dövrü qadını və müasir qadın; şərəf, heysiyyət və qadınlıq; müasir Azərbaycan qadınının uğuru və uğursuzluğu; savadlı və savadsız qadın və s. mövzuların işlənmə dərəcəsi və səviyyəsi, həmin əsərlərin təbliği səviyyəsi müzakirə olunub. Müzakirədə bir sıra alim, jurnalist, tənqidçi, yazıçı və şairlər iştirak ediblər.

 

Filoloq-alim Məti Osmanoğlu, filosof-alim Eliza İsmayılova,  filoloq-alim Azər Turan və başqaları çıxışlarında Azərbaycan ədəbiyyatında Dədə Qorquddan üzü bəri Burlaxatun, Banıçiçək, Selcan xatun və digər obrazların timsalında əksər hallarda qadın statusunun yüksəkdə tutulduğunu qeyd ediblər. Onlar müasir Azərbaycan ədəbiyyatında Qarabağ məsələsi ilə bağlı yazılan əsərlərin çoxluq təşkil etdiyini, bu əsərlərdə müasir qadın obrazlarının çoxunun oxşar taleli - müharibə qadını kimi işləndiyini vurğulayıblar.

 

Müzakirəyə qoşulan qələm adamları mövzuya geniş aspektdən yanaşaraq Azərbaycan qadınının yüksək düşüncə tərzini təsvir edən əsərləri nümunə göstəriblər.

 

Sonda A.Nəzərova bildirib ki, diqqəti bu problemə yönəltməkdə məqsəd bu gün Azərbaycan qadınının uğurunun və uğursuzluğunun səbəblərini açan əsərlərə ehtiyac olduğunu nəzərə çatdırmaqdır.

 

Tədbir diskussiya şəklində başa çatıb.

 

Şakir CƏFƏROV,

filologiya üzrə fəlsəfə doktoru



20.04.2018 | 17:33