İki günə peşə təhsili müəssisələrinə 2100-dən artıq müraciət qeydə alınıb

Avqustun 5-dən 2019-2020-ci tədris ili üzrə dövlət peşə təhsili müəssisələrinə elektron qaydada sənəd qəbulu prosesinə start verilib. Artıq iki gün ərzində peşə təhsili müəssisələrində oxumaq istəyən  2100-dən artıq şəxsin müraciəti qeydə alınıb.

 

Peşə Təhsili üzrə Dövlət Agentliyindən  “Azərbaycan müəllimi” qəzetinə verilən məlumata görə, müraciət edənlər ən çox aşpaz, dərzi, turizm təşkilatçısı, neft və qaz operatoru, elektrovoz maşinisti köməkçisi, komputer üzrə operator və dizayner, heyvandarlıq mütəxəssisi ixtisaslarını seçiblər.

 

Qeyd edək ki, sənəd qəbulu avqust ayının 20-dək davam edəcək. Peşə təhsili müəssisələrinə qəbul prosesinin rahatlığını və şəffaflığını təmin etmək məqsədilə ərizə qəbulu ASAN xidmət mərkəzlərində təşkil edilir.  “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə vətəndaşlara müvafiq peşə təhsili müəssisələrində elektron qaydada qeydiyyat üçün şərait yaradılır.

 

Peşə təhsili müəssisələrinə qəbul şəhadətnamə və ya attestat əsasında müvafiq fənlərin orta balı nəzərə alınmaqla müsabiqə yolu ilə həyata keçirilir.

 



06.08.2019 | 20:02