Pedaqoq alim Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans

Aprelin 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə görkəmli alim-pedaqoq, pedaqoji elmlər doktoru, professor Sabir Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans və “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” kitabının təqdimatı keçirilib. Tədbirdə ADPU-nun rəhbərliyi, tanınmış alimlər, incəsənət xadimləri, ziyalılar iştirak ediblər.

 

Konfransı açan musiqi, təsviri incəsənət, fiziki tərbiyə və gənclərin çağırışaqədər hazırlığı fakültəsinin dekanı, dosent Laçın Həsənova bildirib ki, professor Sabir Quliyevin respublikamızda ilk dəfə “Musiqi müəllimliyi” ixtisasının yaranmasında, musiqi pedaqogikasının inkişafında, ümumtəhsil məktəbləri üçün milli musiqi kadrlarının hazırlanması sahəsində mühüm xidmətləri olub. S.Quliyevə həsr edilmiş “Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” kitabına  həmkarlarının, dostlarının və ailə üzvlərinin xatirələri daxil edilib. Kitabın redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Humay” mükafatı laureatı, professor Zemfira Abdullayevadır.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov çıxışında qeyd edib ki, bu gün universitet növbəti dəfə öz vəfa borcunu yerinə yetirir. Universitetin inkişafında xidmətləri olmuş professor S.Quliyevin 80 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfrans və kitabın təqdimatı keçirilir. Ulu öndər Heydər Əliyev Azərbaycanda elm və təhsil xadimlərinə, yazıçılara, şairlərə, ziyalılara dəyər verilməsinin ənənəsini qoyub. Həyatda dərin iz qoymuş insanlara layiq olduqları qiymətin verilməsi böyük mənəvi əhəmiyyət kəsb edir. Bu baxımdan, bugünkü tədbir təqdirəlayiqdir.

 

“Musiqi pedaqogikasına həsr olunmuş şərəfli ömür” mövzusunda məruzə  edən “Musiqi və onun tədrisi metodikası” kafedrasının müdiri, professor Zemfira Abdullayeva professor S.Quliyevin həyat yolu və elmi-pedaqoji fəaliyyəti barədə məlumat verib. Bildirib ki, S.Quliyev Azərbaycanda “Musiqi” fənninə dair ilk proqram və ilk “Musiqi” dərsliklərinin müəlliflərindən biri olub. Musiqi pedaqogikası sahəsində elmi kadrların yetişdirilməsində mühüm xidmətləri olan alim 1982-ci ildən ömrünün sonuna kimi “Musiqi alətləri” kafedrasının müdiri vəzifəsində işləyib. 2001-ci ildə vəfat edib.

 

Tədbirdə millət vəkili Ağacan Abiyev, professorlar Fərrux Rüstəmov,  Minarə Dadaşova,  Tamilla Kəngərlinskaya,  Oqtay Rəcəbov, Vidadi Xəlilov,  Vamiq Məmmədəliyev çıxış edərək  S.Quliyevlə bağlı xatirələrini bölüşüb, alimin elmi-pedaqoji fəaliyyətini yüksək qiymətləndiriblər.

 

Professor S.Quliyevin qardaşı Nizami Quliyev  tədbirin keçirilməsinə görə ADPU-nun rəhbərliyinə və bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.



20.04.2018 | 17:00