Latın qrafikalı əlifba | |
Biz indi müstəqil dövlət kimi, azad xalq kimi öz dilimizlə, Azərbaycan dili ilə fəxr edirik!
Heydər ƏLİYEV, ümummilli lider
Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Hazırda dünyada 350-dən artıq müxtəlif əlifbalardan istifadə olunur. Əlifba sözü ərəb dilindən alınmadır və ərəb əlifbasındakı ilk hərflərin (əlif, bey) adını bildirir. Bir çox başqa dillərdə də belədir: rus dilində “azbuka” kiril əlifbasının ilk iki hərfini (az, buki), bir sıra Avropa dillərində “alfabet” yunan əlifbasının ilk iki hərfini (alfa, beta) bildirir.
Əlifba adlı mənəvi neməti ilk olaraq dünyaya Şumer-türk ulularımız bəxş edib. Azərbaycan xalqı türkdilli xalqlar qrupuna daxil olduğu üçün onların keçdiyi əlifba mərhələlərindən bəhrələnib. Ulularımızın cəngavərlik rəmzi olan ox və yaydan istifadə etməklə yaradıb inkişaf etdirdiyi yazının üç mərhələsini qeyd etmək olar ki, bu, təxminən 5 min illik bir dövrü əhatə edir.
İlk yazı mədəniyyəti mərhələsi oxşəkilli, yaxud mixi yazı mərhələsidir. Bu mərhələdə yazı ox və ya mixi işarədən ibarət olub. Bu yazı mədəniyyəti ilə bizim aramızda 6-7 min illik bir vaxt məsafəsi var və həmin yazıdan təxminən 3-4 min il istifadə ediblər. “Bilqamış” (“Hər şeyi bilən adam”), “Enmerkar və Hökmdar Aratti”, “Luqalbanda” şumer-türk elminə, tibbinə, mədəniyyətinə aid kitabələr yaratmışlar.
İkinci “İssık” yazı mədəniyyəti mərhələsidir. Bu yazı oxşəkilli yazıdan təxminən 2500-3000 il sonra yaranıb. Bu mərhələdə yazı inkişaf edib, əlifba ox və yay üzərində düşünülüb. “İssık” yazı mərhələsi miladdan əvvəl V-IV əsrlərə aid olub, sağdan sola oxunmuşdur.
Türk yazı mədəniyyətinin üçüncü yüksək inkişaf mərhələsi Run və ya “Orxon Yenisey” yazısı olmuşdur. Bu mərhələ bizim eranın təxminən I-X əsrlərini əhatə edir. Bu yazı ilə qədim türk tarixinin əvəzsiz əsərləri olan “Gültəkin”, “Mogilyan xan” və “Tonyukuk” kitabələri məşhurdur. Orxon-Yenisey kitabələri türkdilli tayfaların bədii zövqünü, dini-mifoloji görüşlərini, türk şeirinin gözəlliklərini və ideya-mövzu qaynaqlarını öyrənmək üçün zəngin material verir.
Danimarkalı alim V.Tomson, rus alimləri V.V.Radlov, P.M.Melioranski, S.Y.Malov, V.V.Bartold və başqa alimlər bu əlifbanı ərəb əlifbası ilə tutuşduraraq, onun türk xalqları üçün yararlı, tam kamil əlifba olduğunu dönə-dönə göstəriblər. P.M.Meloranski bu əlifbanı “qədim dünyanın möcüzəsi” adlandırıb.
V əsrdə Azərbaycanın şimalında yerləşən Albaniyada 52 hərfdən ibarət Alban əlifbasından istifadə olunub.
VII əsrdən etibarən Ərəb Xilafəti İslam dinini yaymaq məqsədilə işğal etdiyi ölkələrdə ərəb dilini dövlət dili elan edir, ərəb əlifbasını da qəbul etdirirdi. VIII əsrdən başlayaraq xilafətə daxil olan bütün ölkələr kimi Azərbaycanda da ərəb əlifbasından istifadə edilib. Yüzillər boyu ərəb dili din, elm və təhsil dili olub, ərəb əlifbası ilə çox sayda ədəbi və elmi əsərlər yazılıb. Lakin əsrlərlə müxtəlif xalqların mədəni əlaqələrinə xidmət etmiş ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması, yazı və oxuda törətdiyi maneələr XIX əsrin II yarısından etibarən dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib.
Milli dramaturgiyamızın banisi, görkəmli ictimai xadim, filosof, böyük maarifçi-demokrat Mirzə Fətəli Axundzadə ərəb əlifbasında əsaslı islahat aparmağı elmi-pedaqoji cəhətdən əsaslandıran və onu təcrübi olaraq həyata keçirməyə cidd-cəhd edən ilk mütəfəkkirdir. M.F.Axundzadə geniş xalq kütlələrinin savadlanması işində ərəb əlifbasının böyük əngəl olduğunu görərək, ömrünün son 20 ilini əlifbanı dəyişdirmək uğrunda mübarizəyə həsr edib. Onun yeni əlifba uğrunda mübarizəsi milli maarifin və mədəniyyətin yüksəlişi uğrunda bir mübarizə idi. O, hesab edirdi ki, ərəb əlifbası ərəb olmayan xalqlar, o cümlədən türkdilli xalqlar üçün əsla əlverişli deyil. Böyük ədib ərəb əlifbasının nöqsanları haqqında isə xeyli tutarlı misallar gətirir: hərflərin əksəriyyətinin eyni şəkildə yazılması, yalnız nöqtələrlə bir-birindən fərqlənməsi; sözün tərkibində saitlərin yazılmaması; dilimizdə olan bəzi sait və samitlərin hərfi işarəsinin bu yazıda olmaması və s.
M.F.Axundzadə yeni əlifba uğrunda fəaliyyətə başladığı ilk dövrdə ərəb əlifbasını asanlaşdıran bir sıra təkliflər irəli sürürdü. O, birinci əlifba layihəsində ərəb əlifbasının yazı formasını olduğu kimi saxlayaraq, tələffüz edilən, lakin yazılmayan saitlər üçün işarələr düzəldərək hərflərlə birlikdə yazılmasını və bütün nöqtələrin atılmasını irəli sürürdü. İkinci mərhələdə isə o, ərəb əlifbasından nöqtələrin atılmasını, sözlərdə bütün saitlərin yazılmasını, hərflərin ayrılıqda yazılmasını təklif edirdi. Nəhayət, üçüncü mərhələdə o dövr üçün inqilabi bir ideya irəli sürərək ərəb əlifbasından imtina etməyi təklif etdi. Onun 1857-ci ildə rus və latın qrafikası əsasında yaratdığı yeni əlifba türk xalqlarının, eləcə də azərbaycanlıların səs sisteminə uyğun idi, bütün saitlər əlifba sırasına daxil edilirdi və soldan sağa yazılırdı. Bu qayda ilə bir çox Avropa xalqlarında olduğu kimi, oxumaq və yazmaq çox asanlaşır və sürətli olurdu.
M.F.Axundzadə bu layihəni mütəxəssislərin rəy verməsi üçün Peterburq, Paris, London, Berlin və başqa şəhərlərə göndərir. O, ərəb əlifbasının latın qrafikalı yeni əlifba ilə əvəz olunmasının vacibliyinə türk alimlərini inandırmaq məqsədilə 1863-cü ildə İstanbula gedərək yeni əlifba layihəsini təqdim edir. Ədib öz tərcümeyi-halında bu haqda yazır: “Əlifbanı dəyişdirmək haqqındakı kitabçanı Rusiya elçisi Draqomanın vasitəçiliyi ilə Türkiyə sədrəzəmi Fuad paşaya təqdim etdim, türkcə pyeslərimi və “Hekayəti Yusif şah”ı da göstərdim. Kitabça sədrəzəmin əmrilə “Cəmiyyəti-elmiyyəyi-Osmaniyyə”də tədqiq edildi, hər xüsusda onu məqbul tapdılar, təqdir etdilər. Lakin həyata keçirilməsini caiz görmədilər”. Çünki layihənin əleyhinə çıxan qüvvələr var idi. M.F.Axundzadə dostlarının köməyi ilə yeni əlifba layihəsini İrana göndərir. Burdan da heç bir müsbət cavab almır. Rusiyanın, Şərqin və Qərbin bir çox dövlət və ictimai xadimlərinə məktub və təkliflərlə bu barədə müraciət etməsi də nəticə vermir. Yeni əlifba layihəsinin qəbul olunmaması M.F.Axundzadəni ruhdan salmır, o hesab edirdi ki, gələcək nəsil onun layihəsini layiqincə qiymətləndirəcək.
M.F.Axundzadə akademik B.Dorna yazdığı məktubunda özünün yeni əlifbasının taleyini dahiyanə təyin edir. “100 ildən sonra, mənim əlifbam Şərq ədəbiyyatında layiqli yerini tutacaq, onun vasitəsilə yeni əsərlər yaradılacaq. Onda mənim məqsədim yerinə yetəcək və mən qabaqcadan rahat ola bilərəm”.
M.F.Axundzadənin əlifba uğrunda apardığı mübarizə Azərbaycan ziyalılarına təsirini göstərir. Belə ki, 1898-ci ildə mətbuatda tanınmış tədqiqatçı-alim, ədəbiyyatşünas, pedaqoq Firudin bəy Köçərli tərəfindən yazılmış “Ərəb əlifbası və onun çatışmazlıqları” adlı məqalə işıq üzü gördü. Görkəmli yazıçı, jurnalist, ictimai xadim, pedaqoq, “Molla Nəsrəddin” (1906-1931) jurnalının redaktoru Cəlil Məmmədquluzadə ərəb yazısı və əlifba islahatları ilə bağlı fikirlərini belə bildirdi: “Bu heroqlifləri latın əlifbası ilə əvəzləmək vacibdir”.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə də əlifbanı dəyişdirmək ideyası var idi, lakin yeni qurulan hökumət cəmi 23 ay fəaliyyət göstərdiyindən buna nail ola bilmədi. Azərbaycanda Latın qrafikalı əlifbaya keçid yalnız 1920-ci ildən sonra mümkün oldu.11 noyabr 1920-ci ildə Xalq Maarif Komissarlığı nəzdində ərəb əlifbasının islahatı üzrə komissiyası yaradıldı. Lakin bu komissiyanın işi özünü doğrultmadığı üçün Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Səmədağa Ağamalı oğlunun başçılığı ilə 1922-ci ildə “Yeni türk əlifbası” komitəsi yaradıldı və bu komitə hökumətə latın qrafikası əsasında tərtib edilmiş yeni əlifbanın layihəsini təqdim etdi.Yeni əlifba haqqında respublikanın bütün təşkilatlarına göndərilən ilk tarixi sənəd, Azərbaycan MİK tərəfindən 21 iyun 1922-ci ildə dərc edilmiş sirkulyar Sərəncam idi. Sərəncamla dövlət müəssisələrinə çatdırılırdı ki, bütün idarə qulluqçuları yeni əlifba ilə tanış olmalı və köhnə əlifba ilə yanaşı, yazı və ərizələri yeni əlifba ilə qəbul etməlidilər.1923-cü ilin 20 oktyabr tarixində Azərbaycanda ilk dəfə olaraq “Yeni türk əlifbasının hökumət əlifbası təyin olunması” haqqında Azərbaycan MİK və XKS tərəfindən Dekret verildi. Dekretdə deyilirdi ki, işlədilən ərəb əlifbası ilə yanaşı yeni latın qrafikalı türk əlifbası da vacib hökumət əlifbası hesab olunmalıdır.1925-ci ildə keçirilmiş IV Ümum Azərbaycan Sovetlər qurultayı tərəfindən hökumətin həyata keçirdiyi bütün tədbirlər bəyənildi və dikretivləri ilə yeni əlifbaya keçidin əsası qoyuldu. Qurultayın qətnaməsində deyilirdi ki, 1925/26-cı tədris ilində bütün birinci dərəcəli məktəblərin 1-ci siniflərində dərslər yeni əlifba ilə keçirilsin; Bütün hökumət qulluqçuları üçün yeni əlifbanın öyrənilməsi kursları təşkil edilsin; Yaşlılar arasında savadsızlıq yeni əlifba ilə aradan qaldırılsın və s. Xalq Maarif Komissarlığı kollegiyasının 1925-ci il 5 aprel tarixli qərarı ilə bütün qəza Xalq Maarif Şöbələrinə və Bakı Şəhər Maarif Şöbəsinə birinci dərəcəli məktəblərin müəllimlərinin tədris ilinin başlanmasına qədər yeni əlifbanı öyrənmələri tapşırılır.
1926-cı ildə Bakıda keçirilmiş Birinci Ümmittifaq Türkoloji Qurultayının verdiyi tövsiyələr Azərbaycanda tamamilə latın qrafikalı əlifbaya keçid işində müstəsna rol oynadı.
Latın qrafikası ilə nəşr edilən 23 iyul 1928-ci il tarixli, 169 (1184) nömrəli “Yeni yol” qəzetində Azərbaycanda yeni əlifbanın 6 illiyi münasibətilə dərc edilmiş məqalədə ərəb əlifbasından latın qrafikasına keçidin rəhbərlik tərəfindən yüksək qiymətləndirilərək “Şərqdə böyük inqilab” adlandırıldığı qeyd edilir.
1928-ci ildə AK(b)P və XMK “Yeni türk əlifbasına keçidin vacibliyi haqqında” qərar qəbul edir. Qərarda deyilirdi ki, 1929-cu il yanvarın 1-dən bütün müəssisələr, nəşriyyatlar, mətbəələr tamamilə yeni əlifbaya keçməlidir. Beləliklə, həmin tarixdən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Latın qrafikalı əlifba Azərbaycan dilinin səs quruluşu ilə uzlaşıb orfoqrafiya qaydalarının sadələşdirilməsinə imkan açaraq qısa bir müddət ərzində Azərbaycanda geniş kütlələr arasında savadsızlığın ləğvi üçün olduqca əlverişli zəmin yaratdı.
10 il sonra Azərbaycanın latın qrafikalı əlifbası yenidən dəyişikliyə məruz qaldı. Mərkəzi hökumətin göstərişi ilə Azərbaycan SSR Ali Sovetinin 11 iyul 1939-cu il tarixdə qəbul etdiyi “Azərbaycan yazısını latın əlifbasından rus əlifbasına keçirmək haqqında” Qanuna əsasən 1940-cı ilin yanvarın 1-dən başlayaraq Azərbaycan yazısı latın əlifbasından rus əlifbasına keçirildi.1858-ci ildə rus əlifbası üzərində bir neçə dəfə islahat aparılıb, (y) hərfi (j) hərfi ilə əvəz olunub, Azərbaycan dili üçün səciyyəvi olmayan э, ю, я hərfləri əlifbadan çıxarılıb.
1990-cı ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılıb və bu əlifbaya keçməyin zəruriliyini elmi faktlarla əsaslandıran ilk mütəxəssis akademik Afad Qurbanov olub. Onun sədrliyi ilə 1 avqust 1990-cı il tarixdə yaradılan Azərbaycan Əlifba Komissiyası tərəfindən tərtib olunan yeni əlifba layihəsi yalnız Azərbaycan müstəqillik əldə etdikdən sonra qəbul edildi.
1991-ci il dekabrın 25-də “Latın qrafikalı əlifbanın yenidən bərpası haqqında” Qanun təsdiq edildi.1992-ci il sentyabrın 1-dən I sinfə gedən uşaqlar latın qrafikalı əlifba ilə dərsə başladılar və Azərbaycanda yeni əlifbaya keçid tədricən həyata keçirildi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən əvvəllər kiril qrafikasında çap olunmuş əsərlərin latın qrafikası ilə yenidən nəşri həyata keçirildi.
Bu il Azərbaycanda ilk latın qrafikalı Azərbaycan əlifbasına keçidin 90 ili tamam olur. İnanırıq ki, latın qrafikalı Azərbaycan əlifbası daim müstəqil Azərbaycanın tərəqqisinə, ədəbi dili, elm, təhsil və mədəniyyətinin inkişafına xidmət edəcəkdir.
Afaq NƏSİROVA, Azərbaycan Respublikası Təhsil Nazirliyi Xalq Təhsili Muzeyinin baş fond mühafizəçisi
|
|
04.08.2019 | 10:12 | |
|
|
|