STEM metodunda nanotexnologiya | |
Sürətlə dəyişən və inkişaf edən dünya, dəyişikliklərə cəld və müsbət münasibət göstərə bilən gəncləri (şagird və tələbələri) yetişdirmək iqtidarına malik çevik təhsil sisteminin olmasını zəruri edir. Dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinin təhsil sistemindəki irəliləyişlərə öncüllük etmək üçün geniş spektrli əməli addımlar atılır. İnnovativ təlim metodu olan STEM-in əhatə dairəsinin genişləndirilməsi istiqamətində STEM kurslarının və müsabiqələrin təşkil olunması, STEM ekskursiyaları, yay düşərgələri, STEM laboratoriya və texnoparklarının təminatı və s. daim diqqət mərkəzində saxlanılır.
Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “Azərbaycan” qəzetində dərc olunmuş “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” başlıqlı son məqaləsində deyilir: “...Daha bir prioritet ümumi təhsildə STEM yanaşmasının tətbiqidir. Bu yanaşma təbiət, texnologiya, mühəndislik və riyaziyyat fənlərinin tədrisinin ayrı-ayrılıqda deyil, əlaqəli şəkildə öyrədilməsini və şagirdlərdə “21-ci əsr bacarıqları”nın formalaşdırılmasını nəzərdə tutur. Bu istiqamətdə növbəti tədris ilindən məktəblərdə robototexnika, nanotexnologiya, süni intellekt, mexanika kimi sahələri əhatə edən məzmunun tətbiqi planlaşdırılır”.
Şagirdlərimiz silsilə olaraq “niyə ..., nə üçün...” sualları verərək hadisənin mahiyyətinə, dərinliklərinə getməyi sevirsə, onları daha fərqli, araşdırma ruhlu fəaliyyətlərə cəlb etməliyik.
Kainatımızın ən böyük ölçülərinə aid kosmonavtika, astronomiya mövzularından başlamış, ən kiçik ölçülərinə aid nanotexnologiya mövzuları xüsusi qabiliyyətindən və ya neçənci sinif olmasından asılı olmadan şagirdlərin bir çoxu üçün tam uyğundur.
21-ci əsrin texnologiyası statusunu qazanmış nanotexnologiya nədir:
* Nanotexnologiya-təxminən 1-100 nanometr ölçüləri arasında (1nm-100nm) aparılan araşdırmalar nəticəsində elm və mühəndislik istiqamətində inkişaf edən texnologiya anlayışıdır. İlk dəfə “nanotexnologiya” termini yapon alimi Norio Taniguchi tərəfindən 1974-cü ildə işlədilmişdir.
* Nanotexnologiyanın araşdırma ölçülərinin nə qədər kiçik olduğunu təsəvvür etmək çətindir. Bir nanometr bir metrin milyarddan birinə və ya metrin 10-9 -na bərabərdir. Nümunə:
- Bir qarışda 25.400.000 nanometr var;
- Bir vərəqin qalınlığı 100.000 nanometrdir;
- Müqayisəli miqyasda, mərmər bir nanometr olsaydı, onda bir metr Yerin ölçüsü olardı.
* Nanotexnologiya və nanoelm atom və molekulları ayrılıqda görmək və idarə etmək imkanına malikdir. Yer üzündəki hər şey - yediyimiz yemək, geydiyimiz geyim, yaşadığımız binalar, öz bədənimiz atomlardan ibarətdir. Yəni, ətrafımız həm də nanoaləmdir.
* Nanotexnologiya - gələcəyin STEM ixtisasları sırasında xüsusi mövqedə dayanan prioritet sahədir.
* Nanotexnologiya-atom və molekullarla manipulyasiya edərək yeni keyfiyyətli materialların alınmasını və bu materiallardan istifadə edərək nanoölçülü maşın və mexanizmlərin, robotların, kompüter çiplərinin, texnoloji avadanlıqların “beyin”lərinin, nazik və incə optik cihazların, sensorların, ətraf mühitin kimyəvi və fiziki təmizləyicilərinin, canlı orqanizmlərə maddələrin, o cümlədən dərman preparatlarının daşınmasını həyata keçirən qurğuların yaradılmasını nəzərdə tutan sahədir.
* Nanoelementlər mikro və makro ölçülü elementlərlə müqayisədə tamamilə yeni fiziki, kimyəvi və bioloji xassələrə malikdir. Nanoelementlərlə bağlı olaraq artıq nanoelm, sırf nanotexnologiya və nano mühəndislik kimi istiqamətlər yaranmışdır. Nanoelm nanomaterialların xassələrinin və nanodiapazonda baş verən hadisələri fundamental şəkildə tədqiq etməklə məşğuldur. Nanotexnologiya qeyd olunduğu kimi, nanoquruluşların yaradılması ilə məşğuldur. Nanomühəndislik isə yaradılmış və tədqiq olunmuş nanoelementlərin və quruluşların effektiv tətbiq imkanlarını axtarır.
* Nanotexnologiya müxtəlif sahələri özündə birləşdirən bir elmdir, çünki fizika, kimya, materialşünaslıq, biologiya, səhiyyə, kompüter texnikası və s. sahələr üzrə bilikləri və texnologiyaları birləşdirir.
* Nanotexnologiyalar bir neçə əsas istiqamət üzrə inkişaf edir. Bunlara nanobiotexnologiyalar, nanoelektronika, nanoelektromexanika, nanoenergetika, nanomaterialşünaslıq və s. aiddir
Ümumtəhsil məktəblərinin fənlər üzrə yeni təhsil proqramında tədrisi nəzərdə tutulmamış mövzu olan “Nanotexnologiya”ya kiçik bir baxış təhsilalanlara və təhsilverənlərə nə verə bilər?
* Elmi düşüncəyə təşviq edir - nanotexnologiya anlayışı ilə tanış olan təhsilalanın elmi təqdiqat istiqamətli STEM ixtisaslarına meyletmə ehtimalı artır. STEM qısaltmasının ilk hərfi S-təbiət elmləri bölməsi olaraq məhz ətraf aləmdəki hadisələrin elmi əsaslarının araşdırılmasını, tədqiq edilməsini təşviq edir.
* Yeni və toxunulmamış bir mövzu - maraqlı və fərqli layihə işləmək istəyən, yüksək təlim nəticələri göstərən yuxarı sinif şagirdlərinin öz potensiallarını kəşf etmək, öyrənmək və tətbiq etmək imkanları genişlənəcəkdir.
* Ətrafımızda nanoelmə aid bir çox nümunənin olması (tibb maddələr, foto həssas rəngləşdirmə, suyun filtrasiyası, nano bantlar və s.) nano mövzulu layihələr işləməklə, Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşmasına doğru sadə addımlar ata bilərlər.
* Şagirdləri nanotexnologiya mövzuları ilə orta məktəb dövründən tanış etmək onları gələcəyin nano istiqamətli STEM ixtisas və peşələrinə yönləndirmək, müəyyən real dünya problemlərinin həlli şansını artırmaqdır.
* 2030-cu ilədək həll edilməsi nəzərdə tutulan 17 adda Dayanıqlı İnkişaf Məqsədlərinin bir çoxunun innovativ həlli yolları məhz nanotexnologiyaların bu sahələrə səmərəli tətbiqindən birbaşa asılıdır.
Nanotexnologiya mövzuları fənlərarası inteqrasiyaya əsaslandığından məktəblərin təbiət və texniki fənn müəllimlərindən ibarət “STEM müəllimləri komplekti”nin birgə fəaliyyət göstərərək ümumi fəaliyyət və ya kiçik layihə planı qurması vacibdir. Nanotexnologiya mövzuları istiqamətindəki ideyalar, kiçik fəaliyyətlər, ekskursiyalar və s. üçün məktəb rəhbərləri BDU-nun hazırda nanotexnologiyalar istiqamətində tədqiqat işləri aparan “Nano araşdırmalar mərkəzi”, tərkibində 18 rezidentin fəaliyyət göstərdiyi “Sumqayıt kimya sənaye parkı” və s. kimi innovativ mərkəzlərlə əməkdaşlığa çalışmalıdırlar. STEM sahəsində gələcəyin ixtisasları siyahısına liderlik edən nanotexnologiyalar üzrə mütəxəssislər öz ölkəsində yeni ideyalar, yeni nəsil şirkətlər və sənaye texnologiyaları yaratmaqla, yerli innovasiyanı və beynəlxalq səviyyədə rəqabətə davamlılığı təmin edə bilərlər.
Aliyə ƏHMƏDOVA, “STEM Azərbaycanda” layihəsinin rəhbəri, Sumqayıt şəhəri, 1 nömrəli tam orta məktəbin fizika müəllimi, Azərbaycan üzrə STEM PD səfiri
|
|
04.08.2019 | 11:30 | |
|
|
|