İctimai Şuranın yaradılması təhsilin inkişafına töhfəsini verəcək

Məlum olduğu kimi, təhsil cəmiyyət və dövlətin inkişafının əsasında durmaqla strateji əhəmiyyətə malik olan və  inkişaf etdirilən fəaliyyət sahəsidir. Son illərdə ölkədə təhsilin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Təhsilin normativ hüquqi bazası təkmilləşdirilmiş, maddi-texniki təminatı istiqamətində  geniş tədbirlər həyata keçirilmişdir. Təhsilin keyfiyyətinə və əhatəliliyinə qoyulan yeni tələblər təhsil sistemi anlayışına baxışı da yeniləmişdir.

 

Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasının, dünya birliyində layiqli yer tutmasının başlıca səbəbləri və konkret məqamları Təhsil naziri Ceyhun Bayramovun “Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər” mövzusundakı analitik təhlilində kifayət qədər dolğun və anlaşıqlı şəkildə öz əksini tapmışdır.

 

Bütün bunlarla yanaşı, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda da qeyd edildiyi  kimi, təhsilin keyfiyyətinin dayanıqlı yüksəlişində maraqlı tərəflərin cəlb olunmasını təmin edən səmərəli idarəetmə mühüm rol oynayır. Bu, ilk növbədə, bütün növ təhsil müəssisələrinin müstəqilliyinin artırılmasını, valideyn, şagird, tələbə və təhsil prosesinin digər iştirakçılarını geniş cəlb etməklə təhsil ocaqlarının idarə olunmasını tələb edir. “Strategiyanın uğurlu həyata keçirilməsinin əsas şərtləri onun məqsədi və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılmasıdır... İnkişaf etmiş ölkələrin təcrübəsindən aydın olur ki, təhsildə idarəetmənin ictimailəşməsi prosesi sürətlənməkdədir”.

 

Mövcud Qanunvericiliyə əsasən, ictimai iştirakçılıq - dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanması və həyata keçirilməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətın təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının müvafiq  Qanunla müəyyən edilmiş formalarda məsləhətləşməsı və ictimai rəyin nəzərə alınmasını nəzərdə tutur.

 

Bu baxımdan Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında İctimai Şuranın yaradılması haqqında qərar, Təhsil nazirinin əmri ilə yaradılmış Seçki komissiyası, Şurada üzvlüyə namizədlərə, seçicilərə dair tələblər və onların qeydiyyatı qaydası təhsil sahəsində dövlət siyasətinin  demokratiklik, şəffaflıq, aşkarlıq, humanistlik kimi prinsiplərinin həyata keçirilməsi, strateji hədəflərin məqsəd və məzmunu haqqında aydın təsəvvürün yaradılması, ictimai dəstək qazanması və reallaşmasını təmin edən effektiv icra mexanizminin formalaşdırılması, idarəetmə prosesində maraqlı tərəflərin iştirakının təmin edilməsi istiqamətində yeni mərhələdir.

 

Onu da xatırlatmaq yerinə düşər ki,  Azərbaycan Respublikasında təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyası tərəfindən hazırlanmış və ümummilli  liderimiz Heydər Əliyevin 15 iyun 1999-cu il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı”na təhsilin unifikasiya xarakterini aradan qaldırmaq, idarəetmənin dövlət-ictimai xarakteri ilə yanaşı, ictimai-dövlət idarəetmə formasını da tətbiq etmək, təhsilin demokratikləşdirilməsi, humanistləşdirilməsi, obyektivlik, aşkarlıq və şəffaflığın təmin edilməsi məqsədilə xüsusi maddələr salınmışdı. Proqramın 6.3 maddəsinə əsasən “Təhsil sahəsində hazırlanan normativ-hüquqi aktların layihələrinin müzakirəsinə ictimaiyyətin geniş cəlb olunmasının təmin edilməsi”, 6.4 maddəsinə əsasən isə “Təhsil sahəsində qəbul olunmuş normativ-hüquqi aktların icrasına ictimai nəzarət sisteminin yaradılması” nəzərdə tutulurdu.

 

Prezident İlham Əliyevin 22 noyabr 2013-cü il tarixdə imzaladığı və 1 iyun 2014-cü ildən qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanunu Azərbaycan Respublikası vətəndaşlarının dövlət idarəetməsinin həyata keçirilməsinə cəlb edilməsi ilə əlaqədar yaranan münasibətlərin tənzimlənməsinə, ictimai əhəmiyyətli qərarların qəbulu zamanı müvafiq məsələlər barəsində əhalinin müxtəlif təbəqələrinin təkliflərinin hazırlanması üçün aidiyyəti dövlət və yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələrinin, vətəndaş cəmiyyəti institutlarının nümayəndələrinin, ayrı-ayrı vətəndaşların, mütəxəssis və ekspertlərin iştirakının təmin edilməsinə yeni nəfəs gətirdi, impuls verdi.

 

Obyektivliyi, aşkarlığı və şəffaflığı təmin etmək məqsədilə, artıq bir sıra universitetlərdə, Nazirlik və Komitələrdə “İctimai Nəzarət Şuraları” fəaliyyət göstərir. Dövlət İmtahan Mərkəzinin yaradılmasını demokratik istiqamətdə atılan addım kimi dəyərləndirmək olar: Burada ən mühüm məqamlardan biri ondan ibarətdir ki, bu dövlət qurumunda Direktorlar şurası yaradılıb və şuraya ictimaiyyətin dörd nümayəndəsi daxil edilib. Bu, həm də demokratik istiqamətdə atılan bir addımdır, cəmiyyətin fikir və maraqlarını nəzərə almaq üçün bir tribunadır.

 

İnanmaq istəməzdim ki, geniş təhsil ictimaiyyəti, təhsil ekspertlərimiz, QHT və media təmsilçilərimiz, cəmiyyətin hansısa bir üzvü belə müzakirə və debatlara biganə qalsın və qaldırılan məsələyə hər hansı bir münasibət bildirməsin. Nəticə etibarı ilə təhsilimiz bundan yalnız nəsə qazanmaq imkanı əldə edər.

 

Ümid edək və əminlik bildirək ki, Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında yaradılacaq İctimai Şura vətəndaşların,  dövlət idarəetmə prosesində yaxından iştirakı, ictimai nəzarətin təşkili, ictimai rəyin nəzərə alınması kimi mühüm missiyanı həyata keçirəcək, ictimaiyyətlə məsləhətləşmələr, ictimai müzakirələr və ictimai dinləmələr, yerli özünüidarəetmə orqanları ilə ictimaiyyət arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınması kimi demokratik  dəyişikliklər təhsilimizin daha da inkişafına və tərəqqisinə öz layiqli töhfəsini verəcəkdir.

 

 

Nadir İSRAFİLOV,

təhsil eksperti

 



03.08.2019 | 10:11