Avqustun 5-dən peşə təhsili müəssisələrinə ərizə qəbuluna başlanılır

Avqustun 5-dən peşə təhsili müəssisələrinə qəbul olmaq istəyənlər üçün ərizə qəbuluna başlanılır. Bunu Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili peşə təhsili müəssisələrinə qəbul qaydaları ilə bağlı keçirdikləri mətbuat konfransında deyib. Onun sözlərinə görə, bu il də peşə təhsili müəssisələrinə sənəd qəbulu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək. Peşə təhsili müəssisələrinə ərizə qəbulunun avqustun 20-dək bütün “ASAN xidmət” mərkəzlərində, “ASAN xidmət” mərkəzlərinin fəaliyyət göstərmədiyi şəhər və rayonlar üzrə isə müvafiq peşə təhsili müəssisələrində ödənişsiz formada və elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur.

 

A.Əlili əlavə edib ki, 2019-2020-ci tədris ili üzrə 145 ixtisas üzrə peşə təhsili müəssisələrinə qəbul aparılacaq. Həmin ixtisasların 23-ü tam yeni ixtisasdır. Yeni ixtisasların 14-ü peşə təhsili təsnifatına yeni daxil edilib, 9 ixtisasın adı isə indiyədək peşə təhsili təsnifatında olsa da, onlar üzrə kadr hazırlanmayıb.

 

Agentlik rəsmisi bildirib ki, yeni ixtisaslar əsasən sənaye sahəsi üzrədir. Həmin sahə üzrə kadrlar Koreya standartları əsasında yeni yaradılan Peşə Təhsili Mərkəzində hazırlanacaq. Bununla yanaşı, informasiya texnologiyaları, turizm, aqrar sahə olan yeni ixtisaslar üzrə də kadr hazırlığı həyata keçiləcək.

 



02.08.2019 | 11:14