Azərbaycan adına dünya ilə yarışanlar

Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkara çıxarılması, onların elmi-tədqiqatçılığa stimullaşdırılması istiqamətində aparılan  davamlı işlər nəticəsində məktəblilərimizin dünyanın mötəbər elm olimpiadalarından qələbə sorağı günü-gündən artır. Başa vurduğumuz iyul ayı da təhsilimiz üçün uğurlu olub, şagirdlərimiz dünya olimpiadalarından vətənə 7 medalla  qayıdıblar.

 

İyulun 7-14  tarixlərində İsrailin Təl-Əviv şəhərində 80 ölkədən təxminən 400 şagirdin iştirak etdiyi  50-ci Beynəlxalq Fizika Olimpiadasında   Cəlilabad şəhəri Nizami Gəncəvi adına 1 nömrəli məktəb-liseyin XI sinif şagirdi Merac Məmmədov olimpiadanın bürünc medalına layiq görülüb. 11-22 iyul tarixlərində Böyük Britaniyanın Bath şəhərində keçirilən 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadasında  Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI  sinif şagirdi Ramil Cəbiyev, həmin liseyin  X sinif şagirdi Murad Ağazadə, Xəzər Universitetinin nəzdindəki “Dünya” məktəbinin XI  sinif şagirdi Anar Rzayev 3 bürünc medal qazanıb.Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi Ramil Xammədov 14-21 iyul tarixlərində Macarıstanın Szeged şəhərində keçirilən məktəblilərin 30-cu Beynəlxalq Biologiya Olimpiadasında bürünc medal əldə edib.  İyulun 30-da isə şagirdlərimizin növbəti qələbə sorağı Fransadan gəldi.  Parisdə keçirilən məktəblilərin 51-ci Beynəlxalq Kimya Olimpiadası (IChO) şagirdlərimiz üçün uğurlu olub. Təhsil Nazirliyinin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi Əli Əliyev gümüş, Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi Fərid Əliyev isə bürünc medal qazanıb.

 

 

“Şagirdlərimiz Azərbaycan təhsilini layiqincə təmsil ediblər” 

 

 

 

Azərbaycan Respublikası  Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri, respublika və beynəlxalq olimpiadalar üzrə koordinator Fuad  Qarayev  qəzetimizə açıqlamasında  şagirdlərimizin nüfuzlu elm yarışlarında əldə etdikləri nəticələri yüksək qiymətləndirib.

 

- 2018-2019-cu tədris ilində Azərbaycan məktəblilərinin beynəlxalq olimpiadalarda uğurlu çıxışı, əlbəttə ki, bizi, təhsil ictimaiyyətini sevindirməkdədir. Şagirdlərimiz fizika, biologiya, kimya və riyaziyyat fənləri üzrə  iştirak etdikləri bütün elmi yarışlarda uğur qazanaraq Azərbaycan təhsilini, xalqımızın intellektual səviyyəsini layiqincə təmsil ediblər. Olimpiada hərəkatı orta məktəb proqramından kifayət qədər fərqli bir  sahə olduğundan bu istiqamətdə xüsusi hazırlıqların təşkili olduqca vacibdir. Elə bu səbəbdən ilin əvvəlindən beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərində sistemli və məqsədyönlü işlər aparılıb. Bütün istiqamətlər üzrə şagirdlərimizlə ilboyu hazırlıq dərsləri keçirilib, yerli və əcnəbi mütəxəssislərin təcrübələrindən istifadə edilib. Şagirdlərimiz istər Türkiyədə, istər İran İslam Respublikasında, istər Rusiyada təlim-məşq toplantılarında iştirak edib, ölkəmizə əcnəbi mütəxəssislər dəvət edilib.  Bunun nəticəsi olaraq İsrail, Fransa, Macarıstan, Rusiya, İngiltərə, Kipr, Moldova  və digər ölkələrdə keçirilən regional və dünya miqyaslı beynəlxalq olimpiadalarda şagirdlərimiz ümumilikdə 35 medal əldə ediblər. Belə ki, riyaziyyat fənni üzrə şagirdlərimiz  10 gümüş və 11 bürünc medal olmaqla cəmi 21,  kimya fənni üzrə 1 qızıl, 1 gümüş və 5 bürünc medal olmaqla cəmi 7,  fizika fənni üzrə 3 bürünc,  biologiya fənni üzrə 2 bürünc,  informatika fənni üzrə 2 gümüş və 1 bürünc olmaqla cəmi 3 medal qazanıblar.   4-11 avqust tarixlərində Bakıda keçiriləcək 31-ci Beynəlxalq İnformatika olimpiadası və 23-29 avqust tarixlərində Sloveniyada keçiriləcək yeniyetmələrin beynəlxalq informatika olimpiadasında da şagirdlərimizin uğurlu çıxış edəcəyini düşünürük. 

 

İlk baxışda medallarımızın daha yüksək əyarlı olması arzuediləndir və hədəfimiz bu istiqamətdədir. Ancaq vurğulamaq istərdim ki, olimpiada hərəkatı, olimpiada məzmunu ilə tanış olanlar üçün bu nəticələrin o qədər asan olmadığını başa düşmək çətin olmayacaq. Məktəblilərimiz dünyanın 100-dən çox ölkəsindən gəlmiş ən yaxşı məktəbliləri ilə yarışırlar. 16-17 yaşlı məktəblilərimizin rəqiblərinin əsasən 18-20 yaşlı gənclərin (məktəblilərin) olması bu baxımdan şagirdlərimiz üçün ayrı bir çətinlikdir. Ancaq hazırlıq prosesinin keyfiyyətini artırmaqla bunu aradan qaldırmaq mümkündür.

 

Olimpiada hərəkatının mühüm xüsusiyyəti ondan ibarətdir ki, şagirdlərin  fənləri  dərindən öyrənməsinə marağı artırır,  daha çalışqan olmalarına xidmət edir, onların  dünyagörüşü və müxtəlif ədəbiyyatlarla tanış olma imkanı formalaşır. Digər tərəfdən, şagirdlərin olimpiadalara həvəs göstərməsi təbii olaraq müəllimlərimizin də bu sahə ilə maraqlanmasına səbəb olmaqdadır. Bu gün ölkədə fərqli formatda təşkil edilən və hər il təkmilləşdirilən respublika fənn olimpiadaları da beynəlxalq olimpiadalarda daha müvəffəq olmağımıza ayrı bir təkan olacaqdır. Təhsil ictimaiyyətini, əziz müəllimlərimizi, məktəb rəhbərlərini bu sahənin inkişaf etdirilməsi və şagirdlərdə bu sahəyə olan marağın artırılması istiqamətində daha çox səy göstərmələrini arzu edirik.

 

Bu yüksək nəticə münasibətilə şagirdləri, onların valideynlərini, məktəblərini və bütün təhsil ictimaiyyətini ürəkdən təbrik edir, daha böyük müvəffəqiyyətlər arzulayırıq.

 

 

“Gələcəkdə mən də şagirdlərə dərs keçmək istəyirəm”

 

 

Ramil Cəbiyev, Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyinin XI sinif şagirdi:

 

- 2002-ci il iyunun  10-da Bakıda anadan olub.  2008-ci ildə 132-134 nömrəli təhsil kompleksinin I sinfinə daxil olub. İbtidai təhsil pilləsini  bitirdikdən sonra  2012-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin V sinfinə qəbul olunub. 2013-cü ildə Təhsil Nazirliyinin keçirdiyi “İstedad axtarışı” müsabiqəsində  birincilik qazanıb. 2014-cü ildə  yüksək nəticələrlə akademik Zərifə Əliyeva adına liseyin eksperimental siniflərinə qəbul olub. Bu illər ərzində 3 qızıl, 5 gümüş, 4 bürünc medal əldə edib.  Respublika fənn olimpiadalarında iki dəfə “Birincilərin birincisi” adına layiq görülüb.

 

- İngiltərədə keçirilən yarışdan əvvəl  olimpiada yoldaşlarımla birlikdə daha çox suallar üzərində işləmişik. Olimpiadanın yüksək şəraitdə təşkil olunduğunu,  yaxşı  yerdə keçirildiyini, sualların isə bizə uyğun olduğunu fikirləşirəm.  Olimpiada ilə bağlı yeganə məni məyus edən xatirəm isə, bir hissəsini imtahanda həll etdiyim 5-ci sualı imtahan bitdikdən  az bir müddət sonra yolda gedərkən tam həll etməyim  oldu. Çünki o sualı da imtahanda həll etmiş olsaydım, gümüş medal və ya daha yüksək bal qazanacaqdım.

 

Olimpiada hazırlığında müəllimlərin rolunu qeyd etmək istəyirəm. İlin əvvəllərindən başlayaraq keçmiş illərdə olimpiadaçı olan və əla nəticələrə imza atan Cəfər Cəfərov skayp vasitəsilə bizə Nyu-Yorkdan dərslər keçirdi.  Qeyd etmək istəyirəm ki,  ABŞ və Azərbaycan  arasında olan saat fərqinə görə o dərsləri Amerika vaxtı ilə 24:00 və 4:00 arası keçirdi. Əldə etdiyimiz bu nəticəyə görə biz ona minnətdarıq. Planlarıma gəlincə, faktiki olaraq elektrik və elektronika mühəndisliyini  seçsəm də  riyaziyyat biliklərimi hər zaman yaxşılaşdırmağa çalışacağam və Cəfər müəllim kimi mən də gələcəkdə şagirdlərə dərs keçmək istəyirəm. Mənim üçün çox qürurvericidir ki, ölkəmi Beynəlxalq Riyaziyyat Olimpiadalarında təmsil edirəm və Azərbaycan bayrağını yüksəklərdə dalğalandırıram.

 

 

“Biz  İngiltərəyə gümüş hədəfləyərək getmişdik”

 

 

Murad Ağazadə, Fizika-riyaziyyat və informatika təmayüllü  Respublika liseyinin X sinif şagirdi:

 

- 2002-ci il 28 yanvar tarixində Naxçıvan MR-nın Şərur rayonunda anadan olub. 2009-cu ildə 220 nömrəli tam orta məktəbin I sinfinə gedib.  VIII sinifdən etibarən Fizika-riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alır.  VII sinifdən riyaziyyat üzrə beynəlxalq olimpiadalarda iştirak edir. Respublika Olimpiadalarında 4 qızıl, beynəlxalq olimpiadalarda isə 3 gümüş, 6 bürünc olmaqla 13 medalı var.

 

- 60-cı Beynəlxalq Riyaziyyat Olimpiadası Böyük Britaniyanın Bath şəhərində keçirildi. Biz bu olimpiadaya çox hazırlaşmışdıq. Gündə 10 saatı olimpiadaya hazırlaşmaqla keçirirdik. Olimpiadadan 2 ay əvvəl bir yerə yığılıb komanda şəklində səhər 9:00-dan axşam 19:00-a qədər dərs çalışırdıq.

 

Olimpiadanın təşkilatı əla idi.  Biz bu yarışmada 3 bürünc medal  qazandıq. Bunlardan birini də mən qazandım. Biz  İngiltərəyə  gümüş hədəfləyərək getmişdik. Məncə,  bu nəticə də yaxşıdır.

 

Bu tədris ilindən başlayaraq ABŞ-da yaşayan keçmiş olimpiadaçı Cəfər Cəfərov bizimlə dərslərə başladı. Məncə, bizim uğurumuzda onun əməyi çox böyükdür. Bundan əlavə,  fevral ayında İranın Beynəlxalq Riyaziyyat Olimpiada komandası ilə birlikdə toplantımız oldu. Məncə,  bu dərslərin də köməyi az deyil.

 

Gələcək hədəfim 2020-ci ildə keçiriləcək Beynəlxlaq Riyaziyyat Olimpiadasında  Azərbaycanı layiqincə təmsil edərək ən azı gümüş medal qazanmaqdır.

 

 

“Gümüş medalı cəmi 1 balla itirdim”

 

 

Anar Rzayev,  Xəzər Universiteti “Dünya” məktəbinin 11-ci sinif şagirdi:

 

- 1996-cı il noyabrın 24-də Bakıda anadan olub. 7-ci sinifdən  riyaziyyatla məşğul olur. Respublika riyaziyyat olimpiada komandasına qəbul olduqdan sonra  daha ciddi şəkildə  riyaziyyatla məşğul olmağa başlayıb. Bu vaxta qədər Azərbaycanı 7 olimpiadada  təmsil edib.

 

- Bu il Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) 3-cü iştirakım idi. 2017-ci ildə Braziliyada keçirilən İMO-da bürünc medala, keçən il Rumıniyada həvəsləndirici mükafata (4-cü yer) layiq görüldüm.  Halbuki, bu tədris ilindən etibarən keçmiş olimpiada medalçısı Cəfər Cəfərovun ABŞ-dan dediyi dərslər  və komanda olaraq çox çalışdığımızdan bu olimpiadada ən azı bürünc medalı hədəf qoymuşdum. İMO-dan 40 gün qabaq  olimpiada mərkəzində intensiv olaraq çalışırdım. Və əlbəttə ki, çəkdiyim zəhmət hədər getmədi: bürünc medal qazandım və gümüş medalı cəmi 1 balla itirdim. İmtahan istədiyim kimi keçirildi, koordinasiya, təşkilatçılıq isə şəffaf və obyektivlik yüksək səviyyədə idi.  İngiltərədə Azərbaycanı yüksək zirvədə təmsil etdiyimdən çox xoşbəxtəm və uğura görə Cəfər Cəfərova və valideynlərimə minnətdarlığımı bildirmək istəyirəm. Gələcək planlara gəldikdə isə universitet təhsilimi Cənubi Koreyanın Yüksək  Elmlər və Texnologiya Universitetində (KAİST) davam etdirməyə qərar vermişəm. Əminəm ki, Azərbaycanı orada da yüksək səviyyədə təmsil edəcəyəm.

 

 

 

“Bu olimpiada mənim həyatımda böyük bir təcrübə oldu”

 

 

Ramil Xammədov, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin XI sinif şagirdi:

 

 

-  2002-ci ildə  Bakı şəhərində anadan olub.  İbtidai təhsilinə 99 nömrəli  məktəbdə başlayıb. 4-cü sinfi bitirdikdən sonra  Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinə qəbul olub.

 

- Olimpiadalara X sinifdən başladım. Ötən il  Respublika fənn olimpiadalarında bürünc  medal qazandım.  XI sinifdə isə özümdə daha böyük güc hiss etdim və beynəlxalq olimpiadaya qatılmağa qərar verdim. İlin əvvəlində  hazırlıq qrupuna seçmə imtahanından keçdim. Daha sonra imtahan gününə qədər  müəllimlərimizlə birlikdə müxtəlif  vəsaitlərdən olimpiadaya hazırlaşdıq. Hazırlıqlarım nəticəsində biologiyadan daha da gücləndim və respublika fənn olimpiadalarından bu dəfə qızıl medal qazandım. Əlavə olaraq həmçinin, Təhsil Nazirliyinin dəstəyi ilə İran İslam Respublikasına 2 dəfə praktik hazırlıqlara getdik.

 

Mənim fikrimcə, beynəlxalq olimpiadada iştirak etmək hər bir uşağın dünyagörüşünü artırıır. Bizi olimpiada ərzində Macarıstanın müxtəlif görməli  yerlərinə ekskursiyaya apardılar, mədəniyyətləri ilə tanış etdilər. Xüsusilə də onların təbiəti mənim diqqətimi cəlb etdi. Müxtəlif ölkələrdən olan uşaqlarla tanış olduq, yeni dostluqlar qurduq və bu olimpiada mənim həyatımda böyük bir təcrübə oldu.

 

Təbii ki, hər bir sagirdin uğurlarının arxasında onun müəllimləri durur. Uğurlarımda liseydəki biologiya müəllimlərimin rolu çox oldu. Onların sayəsində əsas  təməl biliklərə yiyələndim. Amma olimpiada nailiyyətlərimdə ən böyük təşəkkür  müəllimlərim Rəşad Səlimova, Həsən Həsənova və Tural Cavadzadəyə düşür. Onların sayəsində 4 illik medalsızlıqdan sonra  bürünc medal qazana bildim.

 

Uşaqlıqdan həmişə həkimliyə böyük marağım olub. Ən böyük arzularımdan biri Türkiyənin Hacettepe və ya Cerrahpaşa universitetlərindən birində tibb təhsili almaqdır. Təhsilimi bitirdikdən sonra isə Azərbaycanda fəaliyyət göstərmək istəyirəm. Əsas məqsədim xalqımıza maksimum dərəcədə  fayda vermək,  Azərbaycanın tibb sahəsini ən yüksək səviyyələrə qaldırılmasında iştirak etməkdir.

 

 

“Qazandığım hər uğur mənə çox böyük motivasiya mənbəyi oldu”

 

 

Merac Məmmədov, Cəlilabad şəhər Nizami adına orta məktəbin XI  sinif şagirdi:

 

- X sinfə qədər  qəbul imtahanlarına hazırlaşıb. Riyaziyyat və fizikaya olan marağı onu beynəlxalq olimpiadalara stimullaşdırıb, bilik və bacarığını mötəbər yarışda sınamağa qərar verib.

 

- 3 dəfə beynəlxalq, 2 dəfə respublika fənn olimpiadasında iştirak etmişəm. Respublika fənn olimpiadalarından 1 gümüş və 1 qızıl, beynəlxalq fizika olimpiadasından isə 1 bürünc medala sahibəm. Respublika olimpiadasının ilkin mərhələlərinə orta məktəb müəllimlərimin köməyi ilə hazırlaşsam da, sonrakı mərhələlər üçün orta məktəb proqramı kifayət etmir. Bunun üçün, keçmiş fizika olimpiadaçısı olan əmim oğlundan böyük dəstək aldım. Olimpiada proqramı tamamilə fərqli olduğundan lazım olan resursları xarici mənbələrdən əldə etdim. Qazandığım hər uğur mənə çox böyük motivasiya mənbəyi oldu. Olimpiadada uğur qazanmaq üçün yüksək əzmkarlıq və fənnə sevgi lazımdır ki, günün böyük hissəsini stol arxasında keçirə biləsiniz. Ötən il respublika olimpiadasından gümüş medal alandan sonra qarşımda yüksək hədəf qoyaraq beynəlxalq olimpiadalara hazırlaşmağa başladım. Komanda olaraq yerli və xarici müəllimlərin dərslərinə qatıldıq, Rusiyada nəzəri və eksperimental (tətbiqi) dərslər keçdik. Nəticə olaraq isə İsraildə keçirilən 50-ci Beynəlxalq Fizika Olimpiadasında bürünc medal qazandım.

 

Bu olimpiadadan medal qazanmaq hər bir şagird üçün təhsilini davam etdirmək üzrə çox böyük bir nailiyyət olmaqla yanaşı, gələcək həyatında və şəxsiyyətinin formalaşmasında əvəzolunmaz iz qoyur.  Ölkənin ən yaxşıları ilə birlikdə digər ölkələrdən gələn şagirdlərlə eyni mühitdə yarışmaq insana çox böyük stimul verməklə yanaşı, çəkdiyi heç bir əziyyətin boşa getmədiyini göstərir.

 

Gələcək planlarıma gəlincə, təhsilimi Cənubi Koreyada, Ulsan Elm və Texnologiyalar Universitetində (UNİST) fizika və ya mexanika  mühəndisliyi ixtisası üzrə davam etdirəcəyəm.

 

 

“Xoşbəxtlikdən bu yüksək nəticəni əldə edə bildim”

 

 

Əli Əliyev, Kimya-biologiya təmayüllü Respublika liseyinin XI sinif şagirdi:

 

- 2002-ci il 15 iyul tarixində Bakıda anadan olub. Orta təhsilinə qəsəbədəki Nüsrət Yaqubov adına 120 nömrəli tam orta məktəbdə başlayıb. VIII sinifdən olimpiadalarda iştirak edir. Son illərdə respublika fənn olimpiadalarında müvafiq olaraq bir gümüş, 2 qızıl medal və “Birincilərin birincisi” nominasiyasına layiq görülüb. Müxtəlif beynəlxalq olimpiadalarda - Qazaxıstanın Astana şəhərində keçirilən 51-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında və Rusiyanın Moskva şəhərində keçirilən Meqapolis Olimpiadasında iştirak edib. Meqapolis Olimpiadasında və Niderlandın Neymegen şəhərində keçirilən 14-cü Beynəlxalq Elm Olimpiadasında bürünc medallara layiq görülüb.

 

- 51-ci Beynəlxalq Kimya Olimpiadasına Rusiyadan dəvət olunmuş Moskva Dövlət Universitetinin müəllimləri ilə hazırlaşırdıq. Həmçinin bu il Türkiyənin Ərzurum şəhərində Atatürk Universitetinin nəzdində hazırlıqlar üçün kamp təşkil edildi.  Olimpiada yüksək səviyyədə keçdi.  Olimpiada çərçivəsində bir çox məşhur muzey və sərgilərə gəzintilərimiz oldu. İmtahanlar bir az çətin olsa da, xoşbəxtlikdən bu yüksək nəticəni əldə edə bildim.  Gələcək haqqında əsas planım təhsilimi dünyanın prestijli universitetlərindən birində davam etdirməkdir.

 

 

 

 

 

 

Fərid Əliyev, Texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın şagirdi:

 

 

- 2002-ci il avqustun 2-də Zərdab şəhərində anadan olub. 2008-ci ildə Zərdab şəhər Ş.Qurbanov adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olub. 2015-ci ilə qədər bu məktəbdə təhsil alıb. VIII sinifdən kimya fənni üzrə olimpiada hazırlığına başlayıb. IX sinifdə kimya fənni üzrə Respublika fənn olimpiadasında gümüş medal əldə edib. İndiyə qədər respublika olimpiadalarından 2 gümüş, Hollandiyada keçirilən Gənclərin Beynəlxalq Elm Olimpiadasında (IJSO 2018) və Tailandda keçirilən Beynəlxalq Kimya Olimpiadasında (ICHO 2017) bürünc medal qazanıb.

 

 

 

 

 

 

 

Oruc MUSTAFAYEV

 



02.08.2019 | 12:34