Beynəlxalq Informatika Olimpiadasında 88 ölkə təmsil olunacaq | |
Avqustun 4-dən 11-dək Bakıda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadasına dünyanın 88 ölkəsindən iştirakçı qatılacaq. Bunu Təhsil nazirinin müavini Firudin Qurbanov Təhsil televiziyasının “Təməl” verilişində açıqlayıb.
Nazir müavini Bakıda ilk dəfə keçiriləcək olimpiadanı mühüm hadisə kimi qiymətləndirib. Dünyada 5 fənn üzrə - fizika, riyaziyyat, kimya, biologiya, informatika - olimpiada keçirildiyini deyən F.Qurbanov bildirib ki, hər bir fənn şagirdlərin formalaşmasında mühüm əhəmiyyətə malikdir: “İnformatika üzrə olimpiada dünyada ilk dəfə UNESCO-nun təklifi və dəstəyi ilə keçirilib. 1989-cu ildə Bolqarıstanda baş tutan ilk olimpiadada cəmi 13 ölkə iştirak edib. Ötən il Yaponiyada keçirilən sonuncu olimpiadada 80-dən çox ölkə iştirak edirdi. Bu olimpiadanın Azərbaycanda keçirilməsi barədə qərar isə 2015-ci ildə verilib və artıq 88 ölkə iştirak edəcəyini təsdiq edib”.
Beynəlxalq olimpiadaya ilk dəfə bu qədər iştirakçının qatıldığını fikirlərinə əlavə edən nazir müavini deyib ki, hər komandada 6 nəfər təmsil olunacaq. Hər komanda 4 üzv, komanda rəhbəri və komanda rəhbərinin mavinindən ibarətdir.
F.Qurbanov bildirib ki, Nazirlər Kabinetinin müvafiq qərarı ilə təhsil naziri Ceyhun Bayramov, həmsədr Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramil Quluzadə və fəxri sədr ADA universitetinin rektoru Hafiz Paşayevin rəhbərliyi altında yaradılan Təşkilat Komitəsi artıq lazımi işləri görüb. Gimnastika arenasında baş tutacaq olimpiadada komandalar 5 saat ərzində 3 sualı cavablandırmalıdırlar. “Müasir texnologiyaların üstünlüyüdür ki, beynəlxalq informatika olimpiada komissiyasının saytında cavablar göstəriləcək. Dünyanın istənilən yerindən müvafiq sayta girməklə hər şagirdin nəticəsini izləmək mümkün olacaq. Bu da şəffaflığın təmin olunmasının göstəricisidir”-, deyə F.Qurbanov vurğulayıb.
|
|
01.08.2019 | 14:33 | |
|
|
|