“Qılınc və qələm” romanının müzakirəsi keçirilib

Naxçıvan Dövlət Universitetinin Elmi Kitabxanasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli sərəncamı ilə təsdiq olunmuş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanının müzakirəsi keçirilib. Tədbiri  açan universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov qeyd edib ki,  universitetdə “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən kitabların müzakirəsinin keçirilməsi artıq ənənə şəklini alıb. Vurğulanıb ki, bu roman həm Azərbaycan tarixinin öyrənilməsi, həm də ədəbiyyatımızda Nizami dövr yaradıcılığına qiymət vermək cəhətdən dəyərli bir əsərdir.

 

Filologiya üzrə fəlsəfə doktoru, dosent İman Cəfərli bildirib ki, roman  Nizami dövründə geniş təbəqələrin vəziyyətini, ölkənin xarici əlaqələrini, əsrin ədəbiyyat və incəsənətini, sənətkarları, dövlət xadimlərini, xalqın azadlıq mübarizələrini əks etdirən bir romandır. Ordubadi əvvəlki romanlarından fərqli olaraq daha uzaq keçmişdən bəhs etdiyindən burada ətraflı tədqiqat işi aparılıb. Əsər külli miqdarda tarixi, elmi, ədəbi məxəzə istinadən yazılıb. Diqqətə çatdırılıb ki, tarixi sənədliliklə bədii təxəyyülü romanda ustalıqla əlaqələndirən yazıçı digər tarixi romanlarına nisbətən "Qılınc və qələm"də  surətlərin təqdimində daha sərbəst hərəkət edib.

 

“Ümumi tarix” kafedrasının müəllimi Arzu Abdullayev qeyd edib ki, ictimai hadisələrin son dərəcə maraqlı təsvir olunduğu "Qılınc və qələm" Ordubadi yaradıcılığına xas macəraçılıq romanı üslubunda yazılıb. Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində mühüm yer tutan, oxucularda Nizami və onun dövrünü öyrənməyə böyük həvəs oyadan romandır.

 

 Müəllim və tələbələrin kitab haqda mülahizələri dinlənilib.



20.04.2018 | 15:12