Məktəbəhazırlıq ibtidai təhsilə keçidi asanlaşdırır | |
Gələn aydan başlayaraq dövlət orta ümumi təhsil müəssisələrində təşkil olunan məktəbəhazırlıq qruplarına sənəd qəbuluna start veriləcək. Qeyd edək ki, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Naftalan şəhərlərində və Abşeron, Yevlax, Samux rayonlarında sənədlərin qəbulu elektron qaydada - mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. Digər dövlət ümumi təhsil müəssisələrində sənədlərin qəbuluna avqustun 15-dən başlanılacaq və sentyabrın sonuna qədər davam edəcək.
Qeyd edək ki, son illər Təhsil Nazirliyi tərəfindən həyata keçirilən ən uğurlu islahatlardan biri də məktəbəhazırlıq qruplarının təşkilidir. Beşyaşlılar üçün təşkil olunan məktəbəhazırlıq qrupları 2015-ci ildən başlayaraq ölkənin bütün regionlarında tətbiq olunur. Məktəbəhazırlıq qruplarının sayının artırılması prioritet istiqamətlərdən hesab edilir və ilbəil bu say artır.
Şəffaflığın təmin edilməsi məqsədilə 2017-ci ildən başlayaraq ilk dəfə Bakı şəhərində məktəbəhazırlıq qruplarına uşaqların qəbulu elektron qaydada həyata keçirilib. 2018-ci ildən isə bu qayda paytaxtla yanaşı, respublikamızın bir sıra bölgələrində də tətbiq olunur.
Məqsəd beşyaşlıların məktəb mühitinə adaptasiya olunmasıdır
Məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etməkdən ibarətdir.
Xüsusilə qeyd edək ki, məktəbəhazırlıq təhsili ibtidai təhsilə keçidi asanlaşdırır və uşağın ibtidai təhsilə adaptasiya olunmasına müsbət təsir edir. Məktəbəhazırlıq təhsilinə cəlb olunmuş uşaqlar cəlb olunmayanlarla müqayisədə daha yüksək akademik göstəricilər əldə edir. Araşdırmalara əsasən, məktəbəhazırlığı keçən uşaqlar digərlərindən fərqli olaraq Ana dili və riyaziyyat imtahanlarında daha yaxşı nəticə göstərirlər. Bundan başqa, məktəbəhazırlıq təhsili uşaqların əqli, fiziki, sosial-emosional və nitq qabiliyyətini, eləcə də kommunikativ, oyun və digər bacarıqlarını inkişaf etdirir.
Qruplarda təhsil dövlət hesabına həyata keçirilir
Məktəbəhazırlıq qruplarında təhsil dövlət hesabına həyata keçirilir. Bu qruplar dövlət vəsaiti hesabına müvafiq təlim və metodiki vəsaitlərlə təmin edilir.
Dövlət ümumi təhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında məşğələlər hər il oktyabrın 1-də başlanır və mayın 31-də başa çatır.
Dövlət ümumi təhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunurlar.
Məktəbəhazırlıq qruplarında təlimin təşkili
Məktəbəhazırlıq qruplarında beşyaşlılara həftədə 4 gün olmaqla, 12 məşğələ, yəni gün ərzində 3 məşğələ keçirilir ki, hər bir məşğələnin müddəti 30, məşğələlərarası fasilə isə 10 dəqiqədir. Zehni gərginlik tələb edən məşğələlərdə, bir qayda olaraq, 3 idman dəqiqəsi nəzərdə tutulub.
Qruplarda ətraf aləmlə tanışlıq, savad təliminə hazırlıq və nitq inkişafı, bədii təfəkkürün inkişafı, məntiqi və riyazi təfəkkürün inkişafı, təsviri fəaliyyət, musiqi, fiziki mədəniyyət məşğələləri keçirilir və təhsil alan uşaqlar üçün ev tapşırıqları nəzərdə tutulmur. Burada uşaqların təlim nailiyyətləri şifahi formada qiymətləndirilir və bu barədə valideynlərə məlumat verilir. Məktəbəhazırlıq qruplarında davamiyyət müvafiq sinif jurnalında qeyd edilir.
Bu qruplara diaqnostik qiymətləndirmədə yüksək bal toplamış, səriştəli, əsasən 4-cü sinifdə tədris aparan müəllimlər seçilir. Bu da növbəti tədris ilində birinci sinfə gedəcək şagirdlərin adaptasiya olunması üçün körpü rolunu oynayır.
Məktəbəhazırlıq qruplarında işləyən müəllimlər öyrədici təlimlərə cəlb olunurlar.
Qeyd edək ki, bu qruplarda uşaqların say həddi qəsəbə və kəndlərdə yerləşən ümumtəhsil məktəbləri üçün ən azı 10, şəhərlərdə yerləşən ümumtəhsil məktəbləri üçün isə ən azı 15 olmalıdır. Bundan başqa, dövlət ümumtəhsil məktəblərində yaradılan məktəbəhazırlıq qruplarında uşaqların sayının 30 nəfərdən artıq olmasına da yol verilmir.
Niyazi RƏHİMOV
|
|
26.07.2019 | 14:25 | |
|
|
|