“UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” | |
Qlobal dünyanın çağırışları nə qədər sərt və kəskin olsa da qadınlar dövrün reallıqları və tələblərinə öz elmi potensialları və yaradıcı erudisiyaları ilə cavab vermək iqtidarında olduqlarını sübut etməkdədirlər. Son illər qadınlarımızın elm, təhsil, ictimai sahələrdə fəallığı gündəlik həyatımızda tez-tez müşahidə olunmaqdadır. Leksikonumuza daxil olan gender bərabərsizliyi kimi bir problem dünyanın bir sıra ölkələrində qadınların yaradıcı, elmi potensialının inkişafı üçün ciddi buxovlara çevrilsə də, ölkəmizdə zərif cinsin nümayəndələri cəmiyyətin fəal üzvü kimi çıxış etməkdədir. Bu, özünü xüsusən də təhsil sahəsində göstərir.
Bunun əyani nümunəsini isə ölkəmizin nüfuzlu ali məktəblərindən olan Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşəbbüsü ilə ölkəmizdə ilk dəfə olaraq Beynəlxalq Elmdə Qadınlar Gününə həsr olunmuş “UNEC qadınları elm dünyasında: yeni çağırışlar və imkanlar” mövzusunda keçirilən elmi-praktik konfransda da görmək olardı. Konfrans qadınların elmi karyera inkişafına mane olan amilləri araşdırıb, onların aradan qaldırılması məqsədilə təkliflərin səsləndirilməsi ilə yadda qaldı. Universitetin Elm şöbəsinin müdiri, professor Zahid Məmmədovun moderatorluğu ilə keçirilən tədbirdə ali məktəbin rektoru, professor Ədalət Muradov, millət vəkili, Gəncə Dövlət Universitetinin prorektoru, dosent Pərvin Kərimzadə, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Mehriban Əlişanova, UNEC-in tələbələrlə iş üzrə prorektoru, dosent Səadət Qəndilova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, əməkdar incəsənət xadimi Fəxriyyə Xələfova, Səbail Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Xalidə Bayramova, Türkiyənin İstanbul Universitetinin prorektoru, professor Sedat Murat, ali məktəbin professor-müəllim heyəti, gənc qadın tədqiqatçılar iştirak edirdi. Tədbir barədə məlumat verən Z.Məmmədov qeyd edib ki, BMT Baş Assambleyasının 11 fevral 2016-cı il tarixində qəbul etdiyi qətnaməyə uyğun olaraq bütün dünyada “Elmdə qadınlar” Beynəlxalq Günü elan olunub.
Dünya elmində qadınların çəkisi
Bildirilib ki, konfransın mövzusu Azərbaycan ali təhsil müəssisələrinin tədqiqat universitetlərinə transformasiyası dönəmində UNEC-də gender siyasəti çərçivəsində qadınların elmi-tədqiqat fəaliyyətlərinin inkişaf etdirilməsi məsələsinə həsr olunub. Azərbaycan qadınların elm sahəsində inkişafını özünün prioritet vəzifələrindən biri elan edib. Bütün dünyada qadınların gender bərabərsizliyi sahəsində problemlərin yaşandığı bir vaxtda UNEC təcrübəsi qadınlara yaradılan sərait baxımından diqqətəlayiqdir. Dünyada elm sahəsində qadınların iştirakı statistikasına diqqət yetirsək görərik ki, onların fəaliyyətinə nə qədər maneələr mövcuddur. Buna baxmayaraq UNEC-in qadınların elmi fəaliyyətə cəlb olunması baxımından nə qədər öndə olduğunu görə bilərik. Dünya elmində qadınların çəkisi cəmi 30 faiz təskil edir. Orta məktəblərdə işləyən müəllimlərin 51 faizi kişilər, 49 faizi qadınlar, liseylərdə işləyən müəllimlərin 68 faizi kişilər, 32 faizi qadınlardır. Bu vəziyyət azala-azala gedir. Universitet məzunlarının (bakalavr səviyyəsində) 70 faizi kişilər, 30 faizi qadınlar, magistratura səviyyəsində məzunların 75 faizi kişilər, 25 faizi qadınlar, doktorantların 80 faizi kişilər, 20 faizi qadınlardır. Elmi tədqiqatlarda iştirak edənlərin 29 faizini qadınlar təskil edir. Yüksək səviyyədə akademik uğurlar əldə edən qadın dosent və professorlar cəmi 11 faiz təskil edir. Nobel mükafatı alanların cəmi 5 faizi qadındır. Gender siyasətinə xüsusi önəm verilən Avropanın bir sıra ölkələrində elmi tədqiqatlarda iştirak edən qadınların sayı çox aşağıdır. Bu rəqəm Portuqaliyada 17, Almaniya kimi bir ölkədə isə cəmi 5 faiz təşkil edir. Türkiyədə işləyən professorlar arasında qadınlar 25 faiz təşkil edir, baxmayaraq ki, onların məqalələrinə istinadlar hələlik azdır.
UNEC müəllimlərinin 54 faizini qadınlar təşkil edir
Dünya ölkələrində qadınların elmi fəaliyyətə cəlb olunması mənzərəsi ilə tanış olduqda İqtisad Universitetində vəziyyətin tam fərqli olduğunu görürük. Yenilikçi universitet statusu qazanan UNEC-də qadınların elmi tədqiqatlara cəlb olunması yönündə işlər davam edir. Hazırda ali məktəbdə professor-müəllim heyəti arasında qadınlar 54 faiz təşkil edir, dünyanın heç bir ölkəsində belə bir göstərici yoxdur. Universitetdə 3084 magistrdən 1346-sı, 155 doktorant və dissertantdan 64-ü qadınlardır. Qadın əməkdaşların elmi dissertasiya işlərinin başa çatdırılması sahəsində ali məktəbin rəhbərliyi tərəfindən ciddi tədbirlər görülüb və son illərdə qadınların yarımçıq qalmış elmi işləri müdafiə olunub. Bu sahədə nəzərdə tutulmuş addımlardan biri də odur ki, elmi fəaliyyət sahəsinə cəlb olunmuş qadınlara gələcəkdə qrantlar da veriləcək.
“Biz irəli getməliyik”
Universitetin rektoru, professor Ədalət Muradov çıxışında “Elmdə qadınlar” Beynəlxalq Gününün təsis edilməsi zərurətinə toxunub. Bildirilib ki, bu günün təsis edilməsi qadınlara münasibətdə diskriminasiyaya qarşı mübarizədir. Rektor Azərbaycanda belə bir problemin, qadınlar və kişilər arasında heç bir diskriminasiyanın olmadığını vurğulayıb. Regionun iqtisadyönümlü 4 ən yaxşı ali məktəbindən biri olaraq UNEC inkişaf üçün davamlı təkanlar axtarır, onlardan birincisi isə qadınlardır. “Biz irəli getməliyik. İrəli getmək üçün biz dayaq nöqtələri axtarırıq. Bu dayaq nöqtələrindən birincisi və ən davamlısı, düşünürəm ki, UNEC-in qadınlarıdır”. UNEC-də alimlərin elmi tədqiqatlara cəlb olunması məqsədilə görülən stimullaşdırıcı tədbirlərdən danışan rektor ali məktəbdə pedaqoji fəaliyyət göstərən xanımların yüksək elmi potensiala malik olduğunu qeyd edərək onların elmi potensialını stimullaşdırmaq məqsədilə müəllimlərin reytinq sisteminin elmi tədqiqat bölümündə qalib olan qadınlar üçün pul mükafatı təsis ediləcəyini bildirib. Eyni zamanda, öz elmi tədqiqatı ilə fərqlənən qadın müəllimlərin üç ay müddətinə tədqiqatını Avropanın ən nüfuzlu universitetində davam etdirəcəyini vurğulayıb.
İddialı universitet
Məlumdur ki, Nazirlər Kabinetinin qərarı ilə ötən il dekabrın 29-da tədqiqatyönümlü universitet statusu almaq üçün tələb olunan meyarlar təsdiq olunub. İqtisad Universiteti bu yöndə də qətiyyətli və inamlıdır. Ə.Muradovun sözlərinə görə, universitetin tədqiqatyönümlü olması üçün işlərə xeyli əvvəl başlanılıb. “Həqiqət onu göstərir ki, bütün reytinq sıralamalarında İqtisad Universiteti önə çıxsa da, irəliləsə də, dinamika çox sürətli olsa da, tədqiqatlarda UNEC görünmür. Bütün reytinqlərdə İqtisad Universiteti tədqiqat baxımından çox aşağıdadır. Biz düşünürük ki, indiyə qədər həyata keçirdiyimiz tədbirlərdən əlavə olaraq hansı tədbirləri həyata keçirə bilərik”. Rektor tədqiqatyönümlü universitet statusu almaq üçün bu vaxta qədər görülən tədbirlərdən və hədəflərdən danışıb. “Biz impakt-faktoru yüksək olan jurnallarda çap olunmuş hər bir məqaləsinə görə əməkdaşlarımıza 4 min manat qonorar veririk. Biz regionda ilk dəfə olaraq müəllimlərin fəaliyyətini qiymətləndirməyə imkan verən reytinq sistemini tətbiq etdik. Bu reytinq sistemində biz elmə 40 faiz verdik. Reytinqin yuxarısında, yüzlükdə qərarlaşmış əməkdaşlarımızın əməkhaqlarına 2 dəfəyədək əlavələr etdik. Biz yeni bir jurnal - “UNEC Ekspert” nəşr etməyə başladıq. Gənc Alimlər Şurası yaratdıq. Biz universitetdə 12 tədqiqat mərkəzi yaratmışıq. Hədəfimiz onların sayını ən azı 50 -yə çatdırmaqdır. Lakin əlavə təkanlara da ehtiyac var. Elə bir təkan ki, universiteti daha da irəli apara bilsin. Mən hesab edirəm ki, təkanverici qüvvə bizim xanımlardır. Mən bu suala cavab tapmaq istəyirəm: Mən bir rektor olaraq qadınlarımızın elmi tədqiqatlara cəlb olunması üçün hansı əlavə işlər görməliyəm? Mən xanımlarımızdan sifariş istəyirəm. Xanımlardan tələb istəyirəm. Mən nə etməliyəm ki, qadınlar özlərində olan elmi tədqiqatlar potensialını üzə çıxara, reallaşdıra bilsinlər”.
“Bu mənim universitetimdir”
Rektor əmin olduğunu bildirib ki, bu gün UNEC-də işləyən qadınların potensialı onların göstərdikləri göstəricilərdən daha yüksəkdir. “Bu potensialın reallaşdırılması üçün qadınların istəyini eşitmək istəyirəm. Magistrantların yarısı qadınlardır. Magistratura ciddi, həm də ilkin başlanğıc nöqtə olaraq bir tədqiqat mərkəzidir. Həmin başlanğıc mərkəzlərində gənclərimizi tədqiqata alışdırmaq, ortaya çıxan neqativ problemlərin həll və ləğvi baxımından təkliflər verilməsi önəmlidir”. Ə.Muradov qadınlara üz tutaraq “Bu mənim universitetimdir” deyərək irəli çıxmaq üçün özünüzü daha çox toparlamağınızı, həm də rektor səviyyəsində eşidilə biləcək səviyyədə səsinizi qaldırmağınızı istəyirəm” deyib.
Oruc MUSTAFAYEV |
|
17.02.2018 | 11:45 | |
|
|
|