Yeni nəsil əsilZadələr

Son dövrlərin ən çox müzakirə olunan mövzularından biri də Z (zet) nəslidir. 1995-ci ildən 2010-cu ilədək doğulan şəxslər həmin o Z nəslin təmsilçiləridirlər. Ən böyüyünün 24 yaşı var. Tez-tez eşidirik: “Axı bu uşaq əlinə niyə bir kitab almır? İşi-gücü kompüterlədir”. Bax, bu deyilənlərin ünvanı söhbət açdığımız Z nəslin təmsilçiləridirlər. Qısaca olaraq bizim övladlarımız...

 

 

Virtual dünyanın yetirmələri

 

 

Bu nəslin nümayəndələrini ən çox maraqlandıran sabitlik və təhlükəsizlikdir. Onları tez-tez “tənbəl” də adlandırırlar. Xeyr, tənbəl deyillər, sadəcə olaraq informasiya əsrinin yetirmələridirlər. Süni intellektlə ünsiyyətdədirlər. Bizi başa düşmürlər. Biz də onları başa düşməkdə çətinlik çəkirik. Çətin ola bilər, ancaq qəbul etməliyik.

 

Z-lər iqtisadi böhranlar və terror aktları illərində doğulub boya-başa çatıblar. Hansı TV-yə baxırsan terror, hansı nəşri açırsan maliyyə sıxıntısı. Gündəlik xəbərlərin əsas mövzuları qalmaqallar və qəzalardır. Z-lərin sabitlik və təhlükəsizlik axtarışının başlıca səbəbi məhz budur. Məqsəd risklərdən qaçmaqdır. Onlar yığımcıldırlar, yeməyi qənaətlə yeyirlər, zərərli vərdişlərdən uzaq durmağa çalışırlar. Onlar uşaqdırlar, ancaq bir çox hallarda valideynləri olan X-lərdən daha təmkinli və müdrik görünürlər. Z-lər idealist X-lərdən daha praqmatikdirlər və texnologiyalara bağlıdırlar.

 

Təhlükəsizlik “eşq”ində “zetlər” nənə-babalarına  - “Baby Boomer”lərə bənzəyirlər. Ötən əsrin 50-60-cı illərinin nəsli üçün də məşğulluq başlıca həyat kredosu idi. Şirkətlər bir çox hallarda yaxşı mütəxəssis olan “Baby Boomer”lərə ömürlük müqavilə və saysız-hesabsız güzəştlər vəd edirdilər. Z-lərdə bir az fərq var: onlar üçün sabitliklə yanaşı, işgüzarlıq amili də mövcuddur. İşəgötürənlər artıq şikayət etməyə başlayıblar ki, yeni nəsil işçilərin professional etika ilə bağlı problemləri var. Statistikaya görə, məzunların təqribən yarısı bu “çatışmazlıq”dan əziyyət çəkir. Ancaq məsələnin müsbət tərəfi də var. “Forbes” yazır ki, “zetlər”in 60%-i işə düzəlmək yox, öz bizneslərini qurmaq istəyir. Maraqlıdır ki, rəyi soruşulanların üçdəikisi pulu öz hobbilərindən qazanmağa üstünlük verir. İlk baxışda bu reallıq işəgötürənlər üçün başağrısıdır. Ancaq dalan da deyil: gəncləri layihə işlərinə cəlb etmək, məhsuldarlıqdan asılı olaraq diferensiallaşmış əməkhaqqı ödəməklə onların unikal bacarıqlarından yararlanmaq olar.

 

“Zetlər”in ən mühüm üstünlükləri texnologiya biliciləri olmalarıdır. Onlar üçün internetdən əvvəl mövcud olan dünya yoxdur. Z-lər üçün virtual dünya nədirsə, real dünya da elə odur.

 

Texnologiyalardan baş çıxarırlar, yenilikləri və innovasiyaları təqib edirlər. Onlar üçün yeni proqramı əxz etmək və texnikanı öyrənmək xüsusi çətinlik törətmir. Ancaq bir məqamı da unutmamalıyıq: bu gənclər öz dünyalarına qapanmış deyillər. Ünsiyyəti sevirlər, videobağlantı gündəlik ünsiyyətlərinin başlıca elementidir. Onlardan fərqli olaraq ata və anaları, əgər unutmamısınızsa, SMS-lərə və messencerlərə üstünlük verirdilər. Daha doğrusu, olanımız bunlar idi.

 

Z-lər eyni anda bir neçə işlə məşğul ola bilərlər. Həm televizora baxır, həm kompüterdə işləyir, həm də smartfonda yazışırlar. Bunun işin görülməsinə kömək etdiyini və ya mane olduğunu biz gələcəkdə biləcəyik. Hələliksə o məlumdur ki, yeni nəslin nümayəndələrinin 11%-i diqqət çatışmazlığı və hiperaktivlik sindromunun daşıyıcılarıdır. Vəziyyətin çətinliyi ondan ibarətdir ki, Z-ləri iş vaxtı sosial şəbəkələrdən ayırmaq mümkün deyil, bu, məhsuldarlığın artımına deyil, əksinə, azalmasına səbəb olacaq.

 

Üstəlik, onlar bunu şəxsi azadlıqlarının məhdudlaşdırılması kimi qəbul edəcəklər. 

 

 

Sosial məsuliyyət

 

 

Rekruterlər yeni nəsli işə cəlb etməkdə ciddi çətinliklərlə üzləşirlər. Problem budur ki, gənclər xırda və orta biznes, frilanserə etibar etmirlər. Onlar üçün hədəf dövlət orqanları və iri korporasiyalardır. “Zetlər”ə görə, hökumət strukturları və iri şirkətlərdə həm daha çox pul qazanmaq olar, həm də tutaq ki, beş ildən sonra harada olacağını rahat proqnozlaşdırmaq mümkündür. Gənclər hesab edirlər ki, gedib orta biznesdə çalışıb, tez-tez əlavə təhsil və təkmilləşməyə baş vurmaqdansa, bunları elə öz şirkətimizi yaradıb edə bilərik.

 

Z-lərin iri şirkətlərdə işləmək istəkləri məsələnin yarısıdır. Şirkətlərin onları işə cəlb etmələrində də çətinliklər yaranır. Səbəb də budur ki, “zetlər” üçün şirkətin və ya işin səs-küylü adı heç bir əhəmiyyət daşımır. Onlar üçün vacib olanı budur: biznesin ictimai rolu! Onlar elə şirkətləri seçirlər ki, sosial baxımdan məsuliyyətli olsunlar: yeni iş yerləri yaradan, personalın qayğısına qalan, ətraf mühitin dərdini çəkən və bir sözlə, dünyaya müsbət, pozitiv təsir edə bilən. Əgər işəgötürən özünün sosial yönümlü siyasəti ilə öyünə bilmirsə, “zetlər” üçün ən son sırada qərarlaşacaq.

 

Hər beş Z-dən ikisi işi karyera saytları deyil, dostları və ya ailələri vasitəsilə axtarırlar. Təklif edilən işin cəlbedici görünməsi üçün “zetlər”in nəyə ehtiyacı olduğunu anlamaq lazımdır. Söhbət ilk növbədə pul və çeviklikdən gedir. Onlar çox pul qazanmaq istəyirlər. Yox, düşünməyin ki, məsələ pulgirlikdədir. Z-lər sadəcə olaraq nəticə göstərib pul qazanmaq istəyirlər. Nəticəni də göstərəndə gərək ən yüksəyi ola. Yüksək nəticəyə nail olmaq isə öz növbəsində onların anlamında biz düşündüyümüz kimi gecə-gündüz işləmək anlamına gəlmir. Yeni nəsil işləməyi də bacarır, əylənməyi də, asudə vaxtının təşkilini də.

 

 

Etimad, diqqət və motivasiya

 

 

Rekruterlər Z-ləri işə götürüb dərhal ən ağır tapşırıqlar verməyi məsləhət görmürlər. Z-lər öyrənmək istəyirlər və təcrübəli işçiyə təhkim olunsalar, işi tez bir zamanda qavrayacaqlar. Bu, həm də imkan verəcək ki, onlar komanda ilə ünsiyyətə girə bilsinlər. “Zetlər” öyrənmək və kompetensiyanı artırmaqdan heç vaxt imtina etməyəcəklər.

 

Yeni nəsillə ünsiyyət tərzinə də diqqət yetirmək lazımdır. Onlar qısa mətnlərlə (snack-media) danışmağa alışıblar. Onların beyni tam başqa formada inkişaf edib: çoxlu məlumatı ala və tez analiz edə bilir, ancaq informasiyanı uzun müddət üçün saxlaya bilmir. Ona görə də Z-lərə işlə bağlı verilən təlimatlar qısa və dəqiq olmalıdır. Layihə barədə uzun-uzadı danışmaq lazım deyil. Lakonik formada izah edin ki, nə etmək lazımdır. “Zetlər” canlı ünsiyyətə önəm verirlər, bu baxımdan, onlara tapşırığı birbaşa söhbət zamanı, yaxud videobağlantı vasitəsilə vermək daha məqsədəuyğundur. Sorğular göstərir ki, Z-lərin 72%-i rəhbərlə üz-üzə ünsiyyətdə olmaq istəyir. Bu, onlar tərəfindən etimad nümayişi kimi qəbul ediləcək. Ancaq bir məqam da var: hesab olunur ki, rəhbər canlı ünsiyyətindən sonra Z-ə verdiyi tapşırığı ona mətn formasında da göndərsə, yaxşı olar. “Sparks & honey”in hesablamalarına görə, “zetlər” diqqətlərini orta hesabla 8 saniyə ərzində konsentrasiya edə bilirlər. Sonra rəhbərin onlara nə dediklərini unutma ehtimalı yüksəkdir.

 

Hesablamalar göstərir ki, Z nəslin nümayəndələri günlərinin təqribən yarısını onlayn-oyunlarla keçirirlər. Ona görə də bir çox rekruterlər işəgötürənlərə məsləhət görürlər ki, rəhbərlik etdikləri şirkətlərdə tez-tez müxtəlif yarışlar təşkil etsinlər. Özü də uduşlu yarışlar. Sağlam rəqabət naminə qalibin mükafatlandırılması çox vacibdir. Bu, Z-ləri şirkətə loyallığa motivasiya edə bilər.

 

Z-lərin əməyinə qiymət vermək olduqca vacibdir. Keçirilən sorğulara görə, 2017-ci ilin məzunları əmək və qabiliyyətləri qiymətləndirildiyi halda işlərini uzun müddət tərk etmək istəməyəcəklərini düşünürlər. Onlar belə şirkət və qurumlarda ən azı üç il işləmək niyyətindədirlər. Yeni nəsil nümayəndələrinin içində işəgötürənin onların savad və biliklərindən lazımınca istifadə etmədiklərindən şikayətlənənlər də çoxdur. Buna görə də rəhbər gənc işçinin savadlı və bacarıqlı olduğunu gördüsə, mütləq onu mürəkkəb layihələrlə “yükləməli”, onun istedadını üzə çıxarmalı, potensialından maksimum yararlanmalı və şirkətində ən azı beş il işləməsinə nail olmalıdır.

 

Hər nəslin öz dəyərləri mövcuddur. Biz bu reallığı anlamalıyıq. Z-lər XXI əsri fəth edəcək, bizlər yox. Anlamalıyıq ki, onlar bizdən fərqlidirlər. Necə ki, biz də əvvəlki nəsildən fərqli olmuşuq. “Yenilər” öyrəniblər ki, hər şey əllərinin altında - deskopda, yaxud smartfonda olsun. Onlar nəyisə hesablamaq üçün ağ vərəq və qələmdən istifadəni anlamırlar. Qısa müddətdə əlavə olunmuş reallıq eynəkləri və ya linzaları açıq satışa çıxacaq, onda heç oxumağa da ehtiyac qalmayacaq. İnternetə daxil olub axtarış elan etmək üçün nəyisə yazmayacaqlar - sadəcə fikirləşmək yetərli olacaq. Peşələrimizin tən yarısını əlimizdən alan süni intellektlə də onlar ünsiyyət yaradacaqlar. Gəlin övladlarımızın niyə bizdən fərqli olduqlarından narazılıq etməyək, bu gerçəkliyi sadəcə anlamağa çalışaq. Bir də... Niyə bütün dünyada təhsilə yanaşmanın dəyişilməsinin vacibliyinə dair həyəcan təbili çalırlar? Cavab tapmaq istəyirsinizsə, övladlarınıza baxın - hesab-kitab, dəftər-qələm onlar üçün maraqsız gəlir.

 

 

P.S. Z-lərdən əvvəlki nəsil - “milleniallar”, yaxud Y-lər 1985-95-ci illər arasında doğulanlara deyilir. X-lər isə Y-lərdən əvvəlki nəsildir (1963-85-ci illər).

 

 

Rüstəm QARAXANLI

 



26.07.2019 | 10:21