“Vətənpərvər gənclər tərbiyə etmək biz müəllimlərin əsas vəzifəsidir”

Cəbrayıl Şirəliyev 1966-cı ildə İmişli rayonunun Otuziki kəndində anadan olub. Orta təhsilini 1972-1982-ci illərdə Otuziki kənd tam orta məktəbində alıb. ADPU-nin riyaziyyat fakültəsini bitirib. 1987-ci ildən pedaqoji fəaliyyət göstərir. Hazırda İmişli rayon Xoşçobanlı kənd tam orta məktəbində riyaziyyat müəllimi işləyir.

 

Əməyi  yüksək qiymətləndirilərək dəfələrlə fəxri fərman və diplomlarla təltif olunub, “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

 

- Cəbrayıl müəllim, nə üçün məhz riyaziyyat müəllimi? Bildiyimizə görə, orta məktəbdə bütün fənlərdən yüksək qiymət almısınız. Niyə tarix, fizika və ya biologiya yox?

 

- Bir çox səbəblər var. Orta məktəbdə bütün fənlərə lazımi diqqət ayrılmalıdır. Çünki mükəmməl orta təhsil almış gənclər istənilən sahədə uğur qazana bilər. Qazandıqları biliklər onların sonrakı həyatlarını lazımi şəkildə qurmaları üçün çox zəruridir.

 

Dəqiq elmlərə xüsusi marağım olub. Seçim etməyimdə valideynlərimin və riyaziyyat müəllimlərimin - təqaüddə olan Rizvan Cəbrayılovun və hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllimlik fəaliyyətini davam etdirən Natiq Haciyevin də böyük rolu olub.

 

- Seçiminizdən razısınızmı?

 

- Əlbəttə, razıyam! Elm, texnikanın elə bir inkişaf mərhələsinə çatmışıq ki, riyaziyyatın tətbiq olunmadığı sahə yoxdur. Bu proses çox sürətli bir şəkildə davam etməkdədir. Hər dəqiqə baş verən elmi-texnoloji yeniliklər, təkmilləşmələr, kəşflər  bizi əhatə edən mühiti çox qısa müddətdə, əvvəlkinə nisbətən iki-üç qat dəyişir. Sosioloji tədqiqatlarla müəyyən edilib ki, insan müdrik yaşa çatanadək təxminən beş-altı dəfə yenidən öyrənməlidir.

 

- Müəllim olmaq istəyənə hansı xüsusi keyfiyyət və bacarıqlar lazımdır?

 

- Müəllimlik çox şərəfli və müqəddəs bir peşədir. Təsadüfi deyil ki, dünyanın böyük şəxsiyyətləri müəllim əməyini, müəllim peşəsini çox yüksək qiymətləndiriblər. Türk  dünyasının böyük oğlu M.K.Atatürk: “Millətləri azad edənlər yalnız və yalnız müəllimlərdir...”, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev: “Mən yer üzərində müəllim adından yüksək ad tanımıram” demişdir.

 

- Artıq 31 ildir ki, pedaqoji sahədə fəaliyyət göstərirsiniz. Hazırda  Xoşçobanlı kənd tam orta məktəbində çalışırsınız. Məktəbiniz haqqında nə deyərdiniz?

 

- Özüm Otuziki kəndində yaşayıram. Obrazlı desək, hər səhər evdən çıxıb piyada işə gedəndə Günəşin üfüqdən qalxmasını müşahidə edə-edə, düşünə-düşünə məktəbə çatıram.

 

Xoşçobanlı kənd tam orta məktəbində hal-hazırda 158 nəfər şagird təhsil alır. Məktəbin təlim göstəriciləri ilbəil yüksəlməkdədir. Ötən tədris ilində məktəbin 3 məzunu ali məktəblərə qəbul imtahanında yüksək nəticə göstərərək tələbə adı qazanıb. Bu günə kimi onlarca məzunumuz ali təhsil alaraq müxtəlif sahələrdə, o cümlədən müəllim kimi bizimlə çiyin-çiyinə fəaliyyət göstərirlər.

 

- Sizcə, bu gün kənd məktəblərində təhsilin keyfiyyətini daha da artırmaq üçün hansı işlər görülməlidir?

 

- Ümumiyyətlə, kənd, rayon və ya şəhər məktəblərinin hansı olursa-olsun, elmi tədqiqatların nəticələrinin, o cümlədən yeni texnologiyaların müvəffəqiyyətlə tətbiqi müəllimlərin bu işə hazırlıqlarından asılıdır.

 

Demək, ilk növbədə müəllim hazırlığına diqqət artırılmalıdır. Məktəb lap ibtidai siniflərdən başlayaraq şagirdlərin mənimsəməli olduqlarının əlverişli yollarını tapmalıdır. Elə yollar tapılmalıdır ki, şagirdlər müstəqil mühakimə yürütmək və tədqiqatçılıq qabiliyyətinə yiyələnsinlər.

 

- Son illərdə məktəblərimizdə gənc müəllimlərin sayı artmaqdadır. Onların təhsilimizdə rolu barədə nə deyərdiniz?

 

- Gənc nəslin elmi potensialına güvənirəm. Elan olunmuş vakansiyalara uyğun olaraq gənc ixtisas müəllimlərinin bizim də məktəbi seçmələrinə sevinirəm. Məktəbdə bütün ixtisas müəllimlərinin gənc və enerjili gənclər olması təhsilin keyfiyyətinin artmasına əsas verir.

 

İnanıram ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan gəncliyi təhsil sahəsində də dövlətimizin həyata keçirdiyi islahatlarda fəal yaradıcılıq mövqeyi tutacaqdır.

 

- Rayonda Əməkdar müəllim fəxri adına layiq görülən ilk müəllimsiniz. Necə oldu ki, bu şərəfli ada layiq görüldünüz?

 

- İlk növbədə qeyd edim ki, heç vaxt hansısa mükafatın verilməsi naminə fəaliyyət göstərməmişəm. Hesab edirəm ki, hamı işə vicdanla yanaşmalı, öz işini, üzərinə düşən vəzifə borcunu  bütün gücü ilə yerinə yetirməlidir.

 

- Fənnin tədrisində və ya şagirdlərə elmin öyrədilməsində müəllim şəxsiyyətinin rolunu necə qiymətləndirirsiniz?

 

- Əlbəttə, təlim-tərbiyə prosesində şəxsiyyətin rolu və şəxsi nümunə danılmazdır. Müəllim şəxsiyyəti onun peşə fəallığının mənbəyi və hərəkətverici qüvvəsidir. Müəllim əməyində  onun şəxsiyyəti aparıcı yerlərdən birini tutur. Müəllim şəxsiyyəti ən yüksək səviyyədə formalaşmalıdır ki, cəmiyyətin onun qarşısında qoyduğu sosial sifarişləri həyata keçirə bilsin.

 

Görkəmli rus pedaqoqu K.D.Uşinski vaxtilə təlim və tərbiyə işində müəllimin mövqeyinə müstəsna əhəmiyyət vermiş, onun geniş və dərin elmi-pedaqoji biliyə, yüksək əxlaqi keyfiyyətlərə, möhkəm iradəyə və xarakterə malik olmasını tələb etmişdir. Bu yanaşma indi də aktualdır.

 

- Müəllimlik peşəsinə sahib olmaq istəyənlərə məsləhətiniz nə olardı?

 

- Təhsil sahəsi çoxşaxəli, mürəkkəb və çətin bir sahədir. Bu sahənin ən əsas siması müəllimdir.

 

Gənc nəsli yetişdirmək, bütün istiqamətlərdə ölkəni idarə edə biləcək kadrlar hazırlamaq, Vətənin hər qarış torpağı uğrunda tərəddüdsüz döyüşə atılmağa hazır olan vətənpərvər gənclər tərbiyə etmək biz müəllimlərin əsas vəzifəsidir.

 

Müəllim peşəsini seçənlər bu məsuliyyəti dərk etməli, vəzifənin çətinliyini duymalı, lakin bu çətinlikdən qorxmamalı, iradəli və mətin olmalı, bu şərəfli peşəni qürur duyaraq seçməlidirlər.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



20.04.2018 | 10:56