Beynəlxalq konfransın növbəti bölmə iclasları Türkiyə və Ukraynada keçirilib | |
Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
Konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub. Aprelin 13-də Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” mövzusunda konfransın daha bir bölmə iclası baş tutub. İclas öz işinə ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunmuş fotosərginin açılışı ilə başlayıb.
Açılış mərasimində Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim, Atatürk Universitetinin rektoru, professor Ömer Çomaklı, Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen, Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəis müavini Seymur Şeydayev, fakültə rəisi, professor Cəlal Qasımov, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli, Ərzurum valisi Seyfəddin Əzizoğlu və digər qonaqlar iştirak ediblər.
Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.
Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim konfransın təşkilatçılarına minnətdarlığını bildirib. Səfir qeyd edib ki, Atatürk Universitetində Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş konfransın keçirilməsi rəmzi xarakter daşıyır: “Bir tərəfdə Mustafa Kamal Atatürk və Türkiyə, digər tərəfdə Heydər Əliyev və Azərbaycan. Ümummilli liderin apardığı siyasət Türkiyə-Azərbaycan münasibətlərinin sağlam əsaslar üzərində qurulmasında mühüm rol oynayıb”.
ADU-nun beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı, dosent İbrahim Kazımbəyli beynəlxalq konfransın 11 ölkənin 13 universitetində təşkil olunduğunu qeyd edib və tədbir iştirakçılarına konfransın mahiyyəti barədə ətraflı məlumat verib. O, Azərbaycanda mövcud multikulturalizm və tolerantlıq ideologiyasının ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyəti dövründə dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırıb.
Naxçıvan Dövlət Universitetinin rektoru, professor Saleh Məhərrəmov, Ərzurum bələdiyyəsinin sədri Mehmet Sekmen, Ərzurum valisi Seyfəddin Əzizoğlu çıxışlarında Heydər Əliyevin Azərbaycan-Türkiyə münasibətlərinin möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsindəki böyük xidmətlərindən söz açıblar.
“Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu”
Aprelin 12-də Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda növbəti bölmə iclası keçirilib. Bölmə iclasında universitetin rəhbərliyi, professor-müəllim heyəti və tələbələrlə yanaşı Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, Ukraynada Azərbaycan diaspor qurumlarının təmsilçiləri, eləcə də ADU rektorunun müşaviri, dosent Seyfəl Həsənov, təhsil fakültəsinin dekanı, professor Fikrət Cahangirov iştirak ediblər.
Konfransda səfir Azər Xudiyev ümummilli lider Heydər Əliyevin ölkəmizin tarixindəki yeri və rolu, Azərbaycan-Ukrayna münasibətlərinin dünəni və bu günü, eləcə də perspektivləri mövzusunda çıxış edib.
Universitetin rektoru, professor R.V.Vasko məruzəsində Heydər Əliyevin xatirəsinin Ukraynada da əziz tutulduğunu vurğulayıb. Rektor bildirib ki, bu böyük tarixi şəxsiyyətin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına verdiyi töhfələr olduqca böyükdür.
Çıxış edənlər müstəqillik dövründə Azərbaycan-Ukrayna dövlətlərarası əlaqələrinin qurulmasında, eləcə də iki ölkə arasında elm, mədəniyyət və təhsil sahələrində əməkdaşlığın inkişafında Heydər Əliyevin rolunu xüsusi qeyd ediblər. |
|
20.04.2018 | 09:49 | |
|
|
|