Transfer - köçürülməni asanlaşdıran elektron sistem

Məlum olduğu kimi, iyulun 5-dən tələbələrin ölkə daxilində və xaricdə yerləşən ali təhsil müəssisələrindən köçürülməsi, yaxud bir ixtisasdan digərinə dəyişdirilməsi, eləcə də ölkəmizdə yerləşən orta ixtisas təhsili müəssisələri tələbələrinin, magistratura səviyyəsində təhsilalanların köçürülməsi üzrə elektron sənəd qəbuluna start verilib. Tələbələrin köçürülməsi prosesinin sadələşdirilməsi  və şəffaflığın təmin olunması məqsədi ilə 2016-cı ildə Təhsil Nazirliyi tərəfindən  transfer.edu.az portalı istifadəyə verilib.  Köçürülmənin həyata  keçirilmə kriteriyaları,  tələbələrin transfer gedişində rastlaşdıqları  çətinliklər,  prosesin əlçatanlığı barədə daha ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinin İnformasiya şöbəsinin  məsləhətçisi Günay İsgəndərova ilə söhbətləşirik.

 

 

- Tələbələrin köçürülməsi hansı kriteriyalar əsasında aparılır? Kimlər köçürülmədə iştirak edə bilər?

 

-  Məlum olduğu kimi,  iyulun 5-dən tələbələrin köçürülməsi prosesinə başlanılıb.  Bu məqsədlə yaradılmış transfer sistemi iyulun 20-dək aktiv olacaq. Köçürülmələr   qış və yay tətili dövründə mülkiyyət formasından, təşkilati- hüquqi formasından asılı olmayaraq xüsusi ali təhsil müəssisələri istisna olmaqla Azərbaycan Respublikasının bütün ali təhsil müəssisələrinin tələbələrinə şamil edilir.  Tələbələrin ixtisasını və təhsil formasını dəyişməsi,  bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi birinci semestr  başa çatdıqdan sonra həyata keçirilir.  Xarici ölkələrin ali təhsil müəssisələrində qiyabi təhsil alan tələbələrin ölkəmizin ali  təhsil müəssisələrinə köçürülməsi aparılmır. Tələbələrin bakalavr səviyyəsində  bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi  Dövlət  İmtahan Mərkəzi (DİM) tərəfindən müəyyən olunmuş eyni ixtisas qrupu daxilində və DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsinin  müvafiq  ixtisas üzrə minimal balından az olmaması kriteriyası əsasında  baş verir. Magistratura səviyyəsində isə birinci tədris ili müddətində tələbələrin öz ixtisası üzrə bir ali təhsil müəssisəsindən digərinə köçürülməsi və ya təhsil alma formasını dəyişməsi   o şərtlə aparılır ki, DİM tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas və ya ixtisaslaşma üzrə minimum keçid balından az olmasın. 

 

- Paytaxt ali məktəblərindən region və ya əksinə köçürülmə ixtisas və ya universitetlər üzrə necə aparılır?

 

- Bakıda yerləşən dövlət  ali təhsil müəssisələrindən ölkənin regionlarında yerləşən ali təhsil müəssisələrinə (Sumqayıt istisna olmaqla), öz ixtisası üzrə ölkənin bir regionunda yerləşən ali təhsil müəssisəsindən digər regionda yerləşən (Bakı və Sumqayıt istisna olmaqla) təhsil müəssisələrinə bakalavriat səviyyəsində tələbənin köçürülməsi Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal nəzərə alınmadan aparılır. Burada hüquqşünaslıq və baza ali tibb ixtisasları istisnalıq təşkil edir.  Magistratura səviyyəsində isə hüquqşünaslıq ixtisası istisna olmaqla Bakıda yerləşən dövlət ali təhsil müəssisələrindən öz ixtisası üzrə ölkənin regionlarında yerləşən ali təhsil müəssisələrinə tələbələrin köçürülməsi DİM tərəfindən keçirilən qəbul imtahanlarında topladığı bal  nəzərə alınmadan aparılır.

 

- Digər ölkələrdə təhsil alan tələbələrin Azərbaycanın ali məktəblərinə köçürülməsində hansı göstəricilər nəzərə alınır?

 

- Deməli,  xarici ölkələrin akkreditasiya olunmayan ali təhsil müəssisələrinin  tələbələrinin Azərbaycan Respublikasının  ali  təhsil  müəssisələrinə köçürülməsinə və ya bərpa olunmasına, ümumiyyətlə,  yol verilmir. DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdikləri halda əyani  formada təhsil alan Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkə ali təhsil müəssisələrindən ölkənin ali təhsil müəssisələrinə köçürülməsi ümumi qaydada aparılır.   Yəni,  əvvəlki qaydada. DİM tərəfindən  keçirilən imtahanlarda iştirak etmədikləri halda isə beynəlxalq səviyyəli imtahanlarda qazandıqları nəticələr məsələn, SAT, TOEFL və ya İELTS imtahanlarındakı nəticələrə əsasən, qənaətbəxş  akademik göstəricilər, köçürülmə səbəbləri, təhsil aldıqları ali təhsil müəssisələrinin  dünyanın ən yaxşı ali məktəblərinin qlobal  reytinqində yer alması məsələləri nəzərə  alınır. 

 

- Transferi asanlaşdıran hansı amilləri qeyd edə bilərsiniz? Tələbələr üçün köçürülmə zamanı ən çox hansı çətinliklər üzə çıxır: tələblərlə kifayət qədər yaxından tanış olmamaları və ya göstəricilərinin qeyri-uyğunluğu?

 

- Transfer,  ümumiyyətlə,  köçürülmə prosesini asanlaşdıran bir elektron   sistemdir. Yəni,  burada tələbələr heç bir məmurla kontaktda olmur və elektron qaydada sadəcə  sənədlərini  qeydiyyatdan keçirməklə prosesə qoşula bilirlər. Tələbələr üçün ən çox çətinlikləri nə yaradır? İlk növbədə tələbələrin məlumatsızlığını demək istərdim.  Tələbə köçürülmə zamanı  müəyyənləşdirməlidir ki,  hara köçürülmək istəyir. Çünki  yuxarı kurslarda, tutaq ki,  III kursda tələbə tamamilə ixtisasını dəyişmək isəyirsə, təbii ki,  burada fərq imtahanları yaranır.  Bunu  tələbə əvvəlcədən müəyyənləşdirməlidir.  Bundan ötrü əvvəlcə köçürülmək istədiyi  universitetə yaxınlaşmalı  və  müəyyənləşdirməlidir ki,  onun hansı fərq imtahanı yaranacaq, təhsil müddəti uzanacaq,  ya uzanmayacaq. Tələbələr bəzən bunları dəqiqləşdirmədən  qeydiyyatdan keçirlər. Bəzən isə təhsil haqqını nəzərə almırlar.  Məsələn,  tələbə dövlət sifarişli  təhsil alır,  buna görə də nəzərə almalıdır ki, öz ixtisası üzrə köçürülmürsə,  deməli, ödənişliyə düşəcək.  Ən çox bu cür problemlərlə rastlaşırıq, yəni  məlumatsızlıq özünü göstərir.  Digər hallarda transfer  tələbələrin işlərini çox-çox yüngülləşdirir.   

 

- Transferin elektron qaydada aparılmasının əhəmiyyəti, əlçatanlığı və vətəndaş məmnunluğu barədə nə deyə bilərsiniz?

 

- Deyə bilərəm ki, transferin elektron qaydada aparılmasından sonra  artıq bir neçə ildir ki,  minlərlə tələbə öz arzularına çatıb.  Elə tələbələr var idi ki,  elektron qeydiyyat zamanı səhvlərə yol veriblər. İstədikləri  ixtisasa düşməyiblər   və yaxud da oxuduqları müddətdə görürlər ki, köçürüldükləri  ixtisas onlar üçün uyğun deyil, başqa ixtisas üzrə oxumaq istəyirlər.  Və yaxud da təhsil haqqı, universitet seçimi  baxımından  səhvə yol veriblər.  Bütün bu hallar  nəzərə alınaraq sadələşdirilmiş işin,  şəffaflığın təmin edilməsi məqsədilə transfer yaradılıb və  deyə bilərəm ki,   vətəndaşlar bundan çox məmnundurlar.  Statistikamıza baxanda da görünür ki, ildən-ilə transferə müraciət edən tələbələrin sayı çoxalır və onların köçürülməsi təmin olunur. 

 

- Nəticələrin nə zaman açıqlanacağı gözlənilir?

 

 

- Nəticələrlə bağlı onu deyə bilərəm ki,  sənəd qəbulu iyulun 20-də başa çatır. Və bundan sonra sənədlərin emalı prosesi başlayacaq.   Sentyabrın 15-dən isə nəticələr  elan olunacaq.

 

 

 

Oruc MUSTAFAYEV



19.07.2019 | 10:13