Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır | |
Azərbaycan elminin yeni mərhələdə inkişafını nəzərdə tutan strategiya hazırlanır. Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin iyulun 17-də keçirilən səyyar iclasında səsləndirib.
Akademik qeyd edib ki, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya” başa çatıb və strategiya çərçivəsində həyata keçirilən tədbirlərlə bağlı ölkə rəhbərliyi qarşısında hesabat verilib.
AMEA prezidenti elmin yeni inkişaf yollarını müəyyənləşdirən 2020-2025-ci illərə dair strategiya planından, elmin davamlı inkişafını təmin etmək məqsədilə sənəddə əks olunacaq fəaliyyət proqramından söz açıb. Bildirilib ki, burada AMEA-nın və bütövlükdə Azərbaycan elminin gələcək inkişaf istiqamətləri öz əksini tapacaq, eyni zamanda elmi qanunvericiliyə dair normativ-hüquqi sənədlərdə alim və mütəxəssislərin fəaliyyətini genişləndirməyə imkan verən dəyişikliklərin edilməsilə bağlı təkliflər irəli sürüləcək. “Strategiya planı Azərbaycan Respublikası Təhsil Nazirliyi, ali təhsil müəssisələri, eləcə də AMEA-nın elmi bölmələri, elmi müəssisə və təşkilatlarının birgə təklifləri əsasında hazırlanacaq. Sənədin yekun layihəsinin təsdiqlənməsi üçün dövlət başçısına müraciət olunacaq”-, deyə AMEA prezidenti vurğulayıb.
AMEA Rəyasət Heyətinin aparatı Mətbuat və informasiya idarəsi İctimaiyyətlə əlaqələr şöbəsi – Mətbuat xidməti
|
|
18.07.2019 | 19:30 | |
|
|
|