DİM: “Dövlət qulluğu imtahanında iştirak etmiş namizədlərin 24.9%-i müvəffəqiyyət əldə edib” | |
Dövlət İmtahan Mərkəzi (DİM) 30 iyun 2019-cu ildə inzibati icraçı vəzifələrə aid vəzifə qrupları üzrə keçirilən imtahanda iştirak etmiş ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən və dövlət qulluğunda çalışan namizədlər haqqında statistik məlumatları açıqlayıb.
Mərkəzdən bildirilib ki, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş şəxlərdən 1263 nəfər ilk dəfə dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərdir. Onlardan 365 nəfər imtahanı müvəffəqiyyətlə verib.
İmtahanda iştirak edənlərdən 503 nəfər isə məlumatları "Dövlət qulluqçularının reyestri" sisteminə daxil edilmiş şəxslərdən ibarət olub.
Onlar müsabiqə və ya müsahibə yolu ilə işə qəbul edilənlər, müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilənlər və işdən azad edilənlər kateqoriyalarına bölünür.
İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən birinci kateqoriyaya aid müsabiqə və ya müsahibə yolu ilə dövlət qulluğuna qəbul edilmiş şəxslərin sayı 68 nəfərdir. Hazırda bu şəxslər dövlət qulluğunda çalışırlar. Bu namizədlərdən 20 nəfər imtahandan uğurla keçib. Onlar müvafiq sertifikat əldə etməklə gələcəkdə daha yüksək vəzifələrdə çalışmaq imkanından istifadə edə bilərlər.
Müddətli əmək müqaviləsi və digər əsaslarla işə qəbul edilən şəxlərdən isə 369 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçib və onlardan 44 nəfər müvəffəqiyyət əldə edib.
İşdən azad edilənlər kateqoriyasına aid şəxslərdən isə 66 nəfər imtahanda iştirak etmək üçün qeydiyyatdan keçıb və onlardan 11 nəfər uğur qazanıb.
Ümumilikdə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1766 namizəddən 440 nəfər (24.9%) müvəffəqiyyət əldə edib.
Qeyd edək ki, test imtahanını uğurla vermiş şəxslər müsahibələrdə iştirak etmək üçün qeydiyyatdan keçə bilərlər.
Müsahibə elanları mütəmadi olaraq www.dim.gov.az saytında yerləşdirilir.
|
|
15.07.2019 | 13:06 | |
|
|
|