İstedad sərhəd tanımır | |
İstedad bütöv bir kompleks anlayışdır. Yəni, istedadlı insan hər sahədə eyni dərəcədə qabiliyyət və bacarıqlar göstərə bilər. Haqqında söhbət açmaq istədiyimiz 13 yaşlı Lalə Bəylər ABŞ-ın Minnesota ştatında yaşayır. VII sinfi bu il bitirən Lalə riyaziyyat həvəskarıdır, ancaq rəsm və musiqi sahəsində də fitri istedadı var. Riyaziyyat isə Lalə üçün tam başqa aləmdir. Bu elmə olan maraq və istedadı nəzərə alınaraq onu Minnesota Universitetinin İstedadlı Gənclər Riyaziyyat Proqramına (UMTYMP) qəbul ediblər. Qeyd edək ki, istedadlı gənclər üçün riyaziyyatın sürətli öyrənilməsini təmin edən bu proqram orta məktəb şagirdlərinə universitet kursları almağa icazə verir və əldə etdiyi kreditlər ali məktəbdə qəbul olunur. Beləliklə, indi azərbaycanlı məktəbli 2019-2020-ci tədris ilindən Minnesota Universitetində bakalavr kursu üzrə təhsil alacaq.
- Sizdə riyaziyyata maraq nə vaxtdan yaranıb, kimlərin təsiri olub?
- Riyaziyyata marağım çox kiçik yaşlarımdan başlayıb. 3 yasımdaykən anam mənə vurma cədvəlini öyrədib. Bu yasda mənə kömək edən riyaziyyatla bağlı coxlu kitablarım, flaşkartlarım və musiqili riyaziyyat videolarım olub. Bu yaşda olarkən mən həndəsi fiqurların da artıq bir çoxunu tanıyırdım.
- Atam riyaziyyatçıdır və riyazi biliklərimi formalaşdırmaq üçün mənə çox kömək edib. Riyaziyyatda mənim ən sevimli mövzularımdan bəziləri rəqəmlər, həndəsə, triqonometriya və xətti cəbrdir. Məsələn, triqonometriyada polar tənlikləri öyrənmək və onların necə gözəl əyrilər yaratdığını görmək maraqlıdır. Polar koordinatlardan istifadə edərək yeni şeylər görmək olduqca maraqlıdır. Mən həm də konus kəsiklərin təsnifatı ilə də maraqlanıram. Paskalın üçbucağı və onun ədədlər nəzəriyyəsindəki tətbiqi də məni çox cəlb edir.
Sualın ikinci hissəsinə gəlincə, ədədlərlə bağli diqqətimi çəkən bir çox şeylər var. Məsələn, bir ədəd tapa bilərsinizmi ki, onu bölən ədədlərin cəmi ədədin iki mislidir? Belə ədədlərə mükəmməl ədədlər deyilir. Məsələn, 6: 1 + 2 + 3 + 6 = 2 x 6. Başqa belə ədəd tapmağa çalışın. Riyaziyyatda tanınmış bir açıq məsələ var: "Tək mükəmməl bir ədəd varmı?"
- İndi neçənci sinifdə oxuyursunuz? Sinfinizdə riyaziyyata maraq göstərənlər çoxdur? Bəzən riyaziyyatın daha çox oğlanlar üçün cəlbedici olduğunu deyirlər. Sizin münasibətiniz necədir bu yanaşmaya?
- Mən bu il 7-ci sinfi bitirdim. Sinfimizdə riyaziyyata maraq göstərənlər az deyil. Mən riyaziyyat üzrə xüsusi seçilmiş bir qrupdayam . Bu qrupda olan sagirdlər riyaziyyatdan daha yüksək dərslər alırlar. Riyaziyyatın daha çox oğlanlar üçün cəlbedici olması fikri ilə razılaşmıram. Keçmişdə qadınların riyaziyyat üçün imkanları və resursları olmayıb, amma indi bu dəyişib.
- Riyaziyyatdan başqa daha hansı elmlərə marağınız var? Riyaziyyatdan əlavə nələrə maraq göstərirsiniz?
- Riyaziyyatdan başqa rəsm, musiqi və xarici dillər öyrənməyə marağım var. Mənim rəsm əsərlərimdən üçü Massaçusets ştatının Belmont şəhərindəki incəsənət sərgisində nümayiş etdirilib. Mən həm də məktəbimizin orkestrində skripka ifa edirəm. Bundan əlavə, mən Azərbaycan, ingilis və fransız dillərini yaxşı bilirəm. Minnesota şatatının Edina şəhərindəki Normandale Fransız təmayyüllü məktəbdə fransız dilində oxumuşam.
- Riyaziyyatda hansı problemli məsələni həll etmək istərdiniz?
- Hələ üstündə düsündüyüm açıq bir problem yoxdur. Keçən ildən bəri mən cəbr II və PreCalculus kurslarını bitirdim və bu yaxınlarda ABŞ-ın Minnesota Universitetinin Minneapolis (University of Minnesota, Twin Cities) şəhərindəki İstedadlı Gənclər Riyaziyyat Proqramına (UMTYMP) müraciət etməyə dəvət olundum. UMTYMP ixtisas imtahanını uğurla keçdim və universitetə qəbul olundum. Proqram mənə bir çox bakalavr riyaziyyat kursu almağa icazə verib. Növbəti semestrdə Minnesota Universitetində Calculus I kursunu alacağam. Mən bir universitet tələbəsi olduğuma və maraqlı riyaziyyat dərslərini öyrənəcəyimə görə çox sevinirəm.
- Mütaliəyə münasibətiniz necədir?
- Kitab oxumağı və oxuduğum kitabları dostlarımla müzakirə etməyi çox sevirəm.
- Gələcək hədəfləriniz barədə. Gələcəkdə hansı sahədə işləmək, karyera qurmaq istərdiniz?
- Mən gələcək karyeramla bağlı qəti qərar verməmişəm. Riyaziyyat, rəssamlıq, musiqi və xarici dillərə çox marağım var.
- Azərbaycanda yaşayan həmyaşıdlarınıza elmdə uğur qazanmaq üçün nə tövsiyə edərdiniz?
- Onlara öz məqsədlərinə çatmaq üçün daima çalışmağı tövsiyə edirəm.
- Sizə daha yüksək zirvələr arzulayıram.
- Maraqlı suallar üçün sizə çox təşəkkür edirəm.
Oruc MUSTAFAYEV
|
|
12.07.2019 | 16:30 | |
|
|
|