Salvador Dalini “canlandırdılar” | |
ABŞ-ın Florida ştatında yerləşən, əfsanəvi ispan rəssam Salvador Dalinin yaradıcılığına həsr edilən muzeydə yeni sərgi təşkil olunub.
Sərginin vizit kartı 1989-cu ildə vəfat etmiş ustadın özünün də burada “iştirak etməsi”dir. Təşkilatçılar mürəkkəb obrazların vizuallaşdırılması və interaktiv sistemlərin yaradılması üçün qabaqcıl texnologiyalardan istifadə ediblər.
www.techcult.ru saytının məlumatında qeyd edilir ki, rəssamın obrazının canlandırılması üçün istifadə edilmiş texnologiya illüziyadan ibarətdir. Lakin bu illüziya o qədər yüksək səviyyədədir ki, onu reallıqdan ayırmaq son dərəcə çətindir. “Salvador Dali” nümayiş podiumundan kənara çıxmır, lakin ziyarətçilərlə ünsiyyət saxlayır.
Təsvirin yaradılması üçün tarixi sənədlər, üçölçülü modellər, jestlərin tanınması üzrə ixtisaslaşmış süni intellektdən istifadə olunub. Model real aktyorların iştirakı ilə tamamlanıb, obrazı tipik ispan aksenti ilə danışan artist səsləndirir. Bütün bunlar interaktiv sistem formatına salınıb. Belə ki, Dali ziyarətçilərin hərəkətlərinə reaksiya verə, onlarla selfi çəkdirə və sadə sualları cavablandıra bilir.
Layihənin həyata keçirilməsində məqsəd yeni nəsillərə rəssamın yaradıcılığını görməyə, müəlliflə, onun fəlsəfəsi və üslubu ilə tanış olmağa imkan verməkdir.
Samirə KƏRİMOVA
|
|
14.07.2019 | 14:35 | |
|
|
|