Müəllimlər və müəllim olmaq istəyənlər imtahan verir | |
Azərbaycan Texniki Universitetinin idman zalı bu həftənin ilk günündən başlayaraq yenə dolub-boşalır. Burada iyulun 8-dən etibarən ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsi keçirilir. Dünən isə Təhsil Nazirliyi imtahanların gedişini izləmək üçün mediatur təşkil edib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, millət vəkilləri, ictimaiyyət və KİV nümayəndələri imtahanların gedişini yaxından izləyib, prosesin təşkili ilə maraqlanıblar.
Müsabiqədə kimlər iştirak edə bilər?
Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi (diplom) almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycanın vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər.
Məlumata əsasən, dövlət ümumi təhsil müəssisələrində 10 il təcrübəsi olan, 3 ildən az müddətə işdən uzaqlaşmış şəxslər müsabiqənin test imtahanı mərhələsindən azaddırlar.
Test imtahanında hər bir namizədə 90 dəqiqə müddətində 40 ixtisas, 10 məntiq, 10 kurikulum olmaqla 60 test tapşırığı təqdim olunur.
İştirakçıların sayı ildən-ilə artır
2013-cü ildən bəri mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqələrə qatılanların sayı 2016-cı ildən etibarən artmağa başlayıb. Belə ki, 2016-cı ildə 38804, 2017-ci ildə 49335, 2018-ci ildə 50705 namizədin özünü sınadığı test mərhələsinə 2019-cu ildə 54687 nəfər müraciət edib. 51215 namizəd müsabiqədə iştirak hüququ qazanıb. Onlardan 48204 namizəd test mərhələsində iştirak edir. 2979 namizəd 2018-ci ildə keçirilən işə qəbul müsabiqəsinin, 32 namizəd diaqnostik qiymətləndirilmə imtahanının nəticələrinə əsasən birbaşa vakansiya seçimi mərhələsində iştirak hüququ qazanıb.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadənin sözlərinə görə, müsabiqədə iştirak hüququ qazananların 83 faizi qadınlardır. Ən gənc namizəd 17, ən yaşlı 64 yaşındadır. İştirakçılar arasında 20-29 yaş aralığında olanlar çoxluq təşkil edir.
Müsabiqədə iştirak hüququ qazanan 4894 namizəd ali və orta ixtisas təhsili müəssisələrinin cari il üzrə məzunlarıdır. İştirakçıların 95 faizi tədrisi Azərbaycan dilində, 5 faizi isə tədrisi başqa dildə aparılan təhsil müəssisələrində dərs demək istəyir.
Müsabiqəyə qatılanların çoxu ibtidai sinif müəllimliyi üzrə olan namizədlərdir: 11717 nəfər. 6294 nəfər Azərbaycan dili və ədəbiyyat, 5549 nəfər İngilis dili, 4282 nəfər riyaziyyat, 3092 nəfər fiziki tərbiyə müəllimi olmağa iddialıdır. Tarix müəllimliyi üzrə 2846, informatika üzrə 2600, coğrafiya üzrə 2427, fizika üzrə 2057, texnologiya üzrə 1979, biologiya üzrə 1688, kimya üzrə 1342, musiqi üzrə 1043, təsviri incəsənət üzrə 918, rus dili üzrə 707, fransız dili üzrə 302, alman dili müəllimliyi üzrə isə 152 nəfər mübarizə aparır.
Tədrisi başqa dildə aparılan təhsil müəssisələrində ibtidai sinif müəllimliyinə 715, ingilis dili müəllimliyinə 294, rus dili və ədəbiyyatı müəllimliyinə 272, riyaziyyat müəllimliyinə 174, biologiya müəllimliyinə 137, tarix müəllimliyinə 126, fiziki tərbiyə müəllimliyinə 99, kimya müəllimliyinə 85, coğrafiya müəllimliyinə 70, informatika müəllimliyinə 70, fizika müəllimliyinə 69, fransız dili müəllimliyinə 34, Azərbaycan dili müəllimliyinə 22, alman dili müəllimliyinə 21, musiqi müəllimliyinə 20, texnologiya müəllimliyinə 7, təsviri incəsənət müəllimliyinə 5 nəfər iddialı namizəd var.
Tarix və alman dili müəllimliyi üzrə imtahanlar iyulun 8-də keçirilib. Növbəti gün, yəni iyulun 9-da fizika, fransız dili, musiqi, iyulun 10-da informatika və rus dili müəllimliyinə namizədlər imtahan veriblər. İngilis dili müəllimlərinin iyulun 11-də başlayan imtahanları 2 gün davam edəcək. Biologiya müəllimliyi üzrə iyulun 12-13-də, coğrafiya müəllimliyi üzrə isə iyulun 13-14-də imtahanlar təşkil ediləcək. Növbəti həftə ibtidai sinif müəllimliyi üzrə imtahanlar start götürəcək və ayın 18-dək davam edəcək. Sonrakı günlərdə fiziki tərbiyə, təsviri incəsənət, riyaziyyat, texnologiya, kimya, Azərbaycan dili, rus dili və ədəbiyyatı, Azərbaycan dili və ədəbiyyatı fənlərindən imtahanlar keçiriləcək. İmtahanların sonuncu seansı iyulun 24-də keçiriləcək.
Onlar imtahan verdi və yüksək bal topladılar
İmtahanların ilk günündə alman dili və tarix müəllimi olmaq istəyən 2792 namizəd iştirak edib. Müsabiqədə tarix fənni üzrə iştirak edən Nərmin Ənvərli imtahandan uğurla keçərək 58 bal toplayıb. O, 2017-ci ildə Gəncə Dövlət Universitetinin tarix müəllimliyi ixtisası üzrə bakalavriatura, 2019-cu ildə isə həmin universitetin “Azərbaycanın qədim və orta əsrlər tarixi” ixtisası üzrə magistratura səviyyələrini fərqlənmə diplomu ilə bitirib.
Həmin gün alman dili üzrə ən yüksək nəticəni Əjdər Salmanov göstərib. O, 53 bal toplayıb: “2004-2008-ci illərdə Azərbaycan Dillər Universitetində bakalavr təhsili alaraq MİQ üzrə müsabiqənin test imtahanı mərhələsində iki dəfə iştirak etmişəm. 2017 və 2019-cu illərdə eyni nəticəni göstərmişəm”.
İmtahanların ikinci günü, yəni iyulun 9-da fizika, fransız dili və musiqi fənləri üzrə müəllimlərin işə qəbulu imtahanları keçirilib.
Fizika üzrə test imtahanında iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin məzunu Günay Məstəliyeva 57 bal toplayaraq namizədlər arasında yüksək nəticə əldə edib.
Günay Məstəliyeva 2011-2015-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Fizika müəllimliyi” ixtisası üzrə bakalavr, 2015-2017-ci illərdə isə Bakı Dövlət Universitetində “Optoelektronika” ixtisası üzrə magistr təhsili alıb.
Fransız dili üzrə ən yüksək nəticəni Ayşən Niftəliyeva (53 bal), musiqi üzrə isə Gülnarə Hüseynova (50 bal) əldə edib. Ayşən Niftəliyeva 2015-2019-cu illərdə Azərbaycan Dillər Universitetinin Fransız dili müəllimliyi ixtisasını, Gülnarə Hüseynova isə 2013-2017-ci illərdə Şuşa Humanitar Kollecinin Musiqi müəllimliyi ixtisasını bitirib.
İmtahanların üçüncü günündə rus dili və informatika müəllimi olmaq istəyən namizədlər iştirak edib. Həmin gün keçirilən ilk seansda informatika fənni üzrə test imtahanlarına qatılan Gülbəniz İsrafilova 57 bal toplayaraq namizədlər arasında fərqlənib. Gülbəniz İsrafilova Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsinin məzunudur və hazırda Şəki şəhər M.Füzuli adına 3 nömrəli tam orta məktəbdə riyaziyyat və informatika üzrə dərs deyir. Test imtahanına da biliyini yoxlamaq və 60 bal toplamaq üçün qatılıb. 2017-ci ildə keçirilən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi imtahanında Şəki rayonu üzrə müəllimlər arasında riyaziyyat fənnindən maksimum nəticə əldə edərək 58 bal toplayıb.
Dünən, iyulun 11-də ingilis dili müəllimliyi üzrə imtahanlar keçirilib. 2904 namizədin qatılacağı gözlənilən imtahan bu gün də davam edəcək. Dünən ingilis dili müəllimliyi üzrə imtahanda Aydan Sadıqova fərqlənib. O, 56 bal toplayıb.
Müəllimlərin 4 mərhələli imtahanı
Müəllimlərin işə qəbulu 4 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) ibarətdir. Hazırda davam edən test imtahanı mərhələsinə qatılanlardan şəxsiyyəti təsdiq edən sənədin əslini gətirmələri tələb olunur. Bu mərhələdə namizədə ixtisas, tədris metodikası, təlim strategiyaları və məntiqə aid suallar təqdim edilir və keçid balını toplayanlar 8 vakant yer seçmək hüququ qazanır. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır.
Müsahibə mərhələsində test imtahanlarının nəticələrinə əsasən vakant yer tutmaq hüququ qazanmış namizədlərin bilik və bacarıqları, psixoloji hazırlığı və ümumi dünyagörüşü yoxlanılır.
Xatırladaq ki, işə qəbul müsabiqəsi nəticəsində namizədlərin topladığı bal iki tədris ili qüvvədədir və onlar növbəti tədris ili üçün keçirilən müsabiqə zamanı birbaşa vakansiya seçimi mərhələsində iştirak edə bilərlər.
“İmtahanlarda iştirak edənlərin sayının artması prosesin şəffaflığının nəticəsidir”
Mediatur başa çatıb. İmtahan prosesi ilə yaxından maraqlanan iştirakçılar işin təşkilindən razı qaldıqlarını deyiblər. Azərbaycan İngilis dili Müəllimləri Birliyinin rəhbəri Rəksanə Məmmədova müəllimlərin imtahan verməsi üçün maksimum şərait yaradıldığını deyib. O, suallara da nəzər yetirdiyini və prosesin tam şəffav və obyektiv həyata keçirildiyini bildirib.
Mediaturda iştirak edən Azərbaycanın Xalq artisti Nürəddin Mehdixanlı müəlimlərin ildən-ilə artan marağının səbəbini indi başa düşdüyünü deyib: “Müəllimlərin imtahan verdiyini bilirdim. Təhsil müəssisələrində çalışacaq müəllimlərin bu şəkildə seçilməsi, məncə, təqdirəlayiqdir. Proseslə yaxından tanış olandan sonra əmin oldum ki, bu imtahanlarda iştirak edənlərin sayının artması prosesin şəffaflığının nəticəsidir. İnsanların güvəni artdıqca imtahanlara qatılanların sayı da artır”.
Ruhiyyə DAŞSALAHLI |
|
12.07.2019 | 09:10 | |
|
|
|