Təhsil naziri Siyəzən şəhərində vətəndaşları qəbul edib

İyulun 5-də Təhsil naziri Ceyhun Bayramov Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edib.

 

Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Siyəzən Rayon İcra Hakimiyyəti başçısının müavini Zəfər Əliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər.

 

Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin müvafiq aidiyyəti qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.

 

Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, məktəb binalarının təmiri, təhsilalanların köçürülməsi və yaxud ixtisasının dəyişdirilməsi, həmçinin digər məsələlərlə bağlı müraciətlər edib.

 

Həmin gün Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva da Quba şəhərindəki Mədəniyyət Mərkəzində Quba və Qusar rayon sakinlərini, bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünləri qəbul edib.

 

Vətəndaşların qəbulundan öncə nazir müavini Məhəbbət Vəliyeva və Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Allahverdi Xudaverdiyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.

 

Qəbula gələn vətəndaşların müraciətləri dinlənilib. Bir sıra müraciətlərlə bağlı konkret tapşırıqlar verilib.

 

Qəbuldan sonra nazir müavini rayonun Alekseyevka və Birinci Nügədi kəndlərində yeni məktəb binalarının tikinti işləri ilə tanış olub. Bildirilib ki, rayonun Alekseyevka kəndində 960, Birinci Nügədi kəndində isə 792 şagird yerlik yeni tədris binaları inşa olunur. Hər iki məktəb binasının növbəti tədris ilində istifadəyə verilməsi nəzərdə tutulur.

 



05.07.2019 | 16:29