“Müəllimin öyrətmə bacarığı daha əsasdır”

Növbəti müsahiblərimiz İmişli rayon  Oruclu kənd ibtidai məktəbinin gənc müəllimləri Gülbəniz Qarayeva və Gülər Sədullayevadır. Gənc  müəllimlərin  pedaqoji fəaliyyəti ilə bağlı fikirlərini  oxuculara təqdim edirik:

 

Məndə bu peşəyə həvəsi anam yaradıb

 

Gülər  Sədullayeva (ibtidai sinif müəllimi): -  Mən də  Müəllimlərin İşə Qəbulu müsabiqəsində  41 bal toplayıb  Oruclu kənd ibtidai məktəbini  öz arzumla seçmişəm.  Baxmayaraq ki, Xaçmaz rayonunun Şıxlar kəndindənəm. Düzü,  2016-cı ildə MİQ-də iştirak etsəm də, istəyimə nail ola bilmədim.  Ötən il isə MİQ-də yenidən iştirak etdim və uğur qazandım. Doğrusu, Xaçmazda və qonşu Qubada vakant yerlər olsa da, mən İmişlini seçdim. Çünki soyuq havanı heç  də xoşlamıram. Oruclu kənd ibtidai məktəbini ona görə seçdim ki, ötən il bu məktəb üçün iki vakant yer vardı. Fikirləşdim ki, həmkarım olacaq o biri müəllim də mənim kimi gənc olacaq.

Məndə bu peşəyə həvəsi anam Qumru müəllim yaradıb. O, özü də ibtidai sinif müəllimidir. Ömrümü təhsilə bağlamağımla fəxr edirəm. Çünki müəllimlik heç nədən asılı olmayan bir peşədir. Əslində hər şey sənin bilik və bacarığından, sənətə sevgindən asılıdır. Doğma yerdən uzaq bir məktəbdə işləmək özü bir məktəbdir. Bəzən çətinliklərimiz olur. Onda da Oruclu kənd tam orta məktəbinin müəllimlərinə müraciət edirik. Onlardan da çox razıyıq.

Gülbənizin dediyi kimi, kənd və eyni zamanda rayon əhalisi çox mehriban və qonaqpərvərdir. Digər məktəblərdə çalışan gənc müəllim həmkarlarımızla görüşəndə onlar da işlədikləri məktəbdən, yaşadıqları yerlərdən öz razılıqlarını bildirirlər.

Ev sahibi valideyn kimi, bizim bütün qayğılarımızı çəkir. Şagirdlərimdən də çox razıyam. Buranın özünəməxsus şivəsi var. Artıq bu şivəyə öyrəşmişik. Kənddə bəzi çətinliklər var. Bu, ən çox şagirdlərin dünyagörüşündə özünü göstərir. Bizdən əvvəl burda işləmiş müəllim yerini başqa məktəbə dəyişib. Amma şagirdlərin hazırlıqlarından hiss olunur ki, o, bu məktəbdə çox zəhmət çəkib, irəliləyiş yaradıb. Çətinliklərimiz summativ qiymətləndirmələrin hazırlanmasında olur. Qiymətləndirməni hazırlamaq üçün hər dəfə yaxınlıqdakı tam orta məktəbə gedirik. Məktəbimizdə bunun üçün müvafiq İKT avadanlığı yoxdur. Son zamanlar summativlərlə bağlı görülən işləri də izləyirik. İnanırıq ki, növbəti tədris ilində bu məsələlər öz həllini tapaçaq.

Biz çalışırıq ki, şagirdlərimizi daha yaxşı öyrədək. Axı onlar ümumi orta təhsil üçün digər məktəbə gedəcəklər. Bu, bizi çox düşündürür. Başa düşürük ki, onları başqaları ilə daha yaxşı ünsiyyət qurmaq üçün də hazırlamaq lazımdır. Şagirdlərimizi gedəcəkləri məktəbdə də izləməli, onlara mənəvi dayaq olmalıyıq.

 

 

Bəzən sobanın səsi məni nağıllar aləminə aparır

 

Gülbəniz  Qarayeva (ibtidai sinif müəllimi): - 2017-ci ildə  Təhsil Nazirliyinin  keçirdiyi Müəllimlərin İşə Qəbulu müsabiqəsində  45 bal toplayaraq İmişli rayonu Oruclu kənd ibtidai məktəbini seçmişəm. Seçimimdə yanılmamışam.

Mən Ağdam rayonunun Mahrızlı kəndində boya-başa çatmışam və orta  məktəbi də  elə Mahrızlı kəndində bitirmişəm.

Uşaqlıqdan tarix müəllimi olmaq istəyirdim, ancaq sonradan fikrimi dəyişdim. Ölkəmizdə ali təhsilli ibtidai sinif müəllimlərinə böyük ehtiyac olduğundan xəbərim var idi.  Orta məktəbdə oxuduğum illərdə elə bilirdim ki, müəllimlər təkcə əməkhaqqı üçün çalışırlar. İndi başa düşürəm ki, bu, heç də belə deyilmiş. Əsas məsələ məsləkdir, amaldır. Bu işə ürəkdən başladınmı, daha geri çəkilmək yoxdur. Belə bağlılıq olmazsa, bu müqəddəs sənəti heç seçməsən yaxşıdır.

Doğrusu  İmişli rayonu və Oruclu kəndi haqqında heç bir bilgim yox idi. Burda olduğum beş ayda artıq bu bölgəni və insanlarını tanıdım. Bura gələndə başqa bir müəllimin də bu məktəbə mənimlə eyni vaxta gəlməsi məndə böyük bir sevinc yaratdı. Hazırda ikimiz də bir evdə qalırıq. Bir-birimizə dayaq oluruq. Mən səhər növbəsində işləyirəm, Gülər isə ikinci növbədə. Məktəbdəki kimi evdə də işlərimizi növbəyə salmışıq. Kirayə haqqı elə də çox deyil. Biz gənc müəllimlərə hər yerdə yerli adamların diqqət və qayğısını görürük. Buraların qışı elə də soyuq olmur. Evdə də istilik problemi yoxdur, kəndə mavi qaz verilir. Məktəbdə isə sinif odun sobası ilə qızdırılır. Bəzən sobanın səsi, uşaqların dərslərinə maraqla hazırlaşmaları məni nağıllar aləminə aparır.

Fikrimcə, ibtidai sinif müəllimlərinin təhsildə yeri tam başqadır. Axı 11 illik təhsil ibtidai təhsildən başlayır. Biz ibtidai sinif müəllimlərinin üzərinə çox böyük bir iş düşür. Axı onlar ilk təməl daşı qoyanlardır. Mən də çalışıram ki, bu vəzifənin öhdəsindən layiqincə gəlim. Müəllim savadlı ola bilər, amma onun öyrətmə bacarığı daha əsasdır.

 

Vilayət ƏLİYEV,

İmişli Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi



17.02.2018 | 18:30