İş yerini dəyişən müəllimlər

Son illər Təhsil Nazirliyinin müəllimlərin işə qəbulu, müəllimlərin yerdəyişməsi ilə bağlı həyata keçirdiyi tədbirlər şəffaflığın  və obyektivliyin təmin edilməsi  baxımından ölkə təhsilində aparılan ən uğurlu işlərdən hesab olunur desək, bizcə yanılmarıq.  2017-ci ildən başlayaraq müəllimlərin iş yerinin eyni rayon, (şəhər) daxilində dəyişdirilməsi müsabiqəsinin də mərkəzləşdirilmiş qaydada Təhsil Nazirliyi tərəfindən aparılması xüsusilə təhsil işçiləri tərəfindən razılıqla qarşılanıb. Elə  başa vurduğumuz iyun ayı növbəti tədris ilinin yekunlaşması ilə yanaşı, eyni zamanda  Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin  uğurla  keçirilməsi ilə də yadda qaldı. Onu da qeyd edək ki, müəllimlərin yerdəyişməsi bir mərhələdə proqram təminatı tətbiq olunmaqla reallaşdırılb. Belə ki, iş  yerini dəyişmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq  onlayn qeydiyyatdan  keçiblər.

 

Artıq qeyd etdiyimiz kimi, ötən ayın 3-dən start götürən və elə həmin ayda da yekunlaşan müsabiqənin nəticələri məlum olub. Təhsil Nazirliyinin Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinin rəhbəri Murad Camalzadədən aldığımız məlumata görə, müsabiqədə iştirak etmək üçün 11913 namizəd elektron qeydiyyatdan keçib,  6462 namizəd elektron ərizəsini təsdiqləyib, 6271 namizədin ərizəsi qəbul  edilib. Elektron yerləşdirmə zamanı 1775 namizəd vakant yer tutub.

 

Elektron yerləşdirmə nəticəsində vakant yer tutan şəxslərin sənədlərinin düzgünlüyü yoxlanıldıqdan sonra 1305 müəllimin iş yerini dəyişməsinə razılıq verilib.

 

Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul üzrə müsabiqədə iştirak etdiyi bölmə və ixtisasa uyğun olaraq dəyişdirilir.

 

 

Vakansiyalara yerləşdirilmə zamanı işə qəbul müsabiqəsi və ya diaqnostik qiymətləndirilmədə toplanılan bal əsas götürülür. Müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə iki və ya daha çox sayda iştirak edən namizədlərə üstünlük verdikləri balla müsabiqəyə qatılmaq imkanı yaradılıb.

 

 

Müsabiqə zamanı mövcud qaydalara müvafiq olaraq bir sıra kateqoriyadan olan şəxslərə müəyyən güzəştlər  edilib. Belə ki, yerdəyişmə zamanı əsas göstərici müəllimin işə qəbulu üzrə müsabiqədə və yaxud diaqnostik qiymətləndirmədə topladığı bal götürülsə də qeyd etdiyimiz kimi bəzi sosial amillərlə əlaqədar müəyyən namizədlərin topladıqları bal artım əmsalına vurulur. Məsələn, əri və ya arvadı hərbçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1,1 artım əmsalına, iş yerini özünün faktiki yaşayış yeri, yaxud qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirən namizədlərin topladıqları bal 1,05 artım əmsalına, hər iki şərti ödəyən namizədlərin topladığı bal isə 1,1 artım əmsalına vurularaq hesablanıb. Bu haqda ətraflı məlumatlandırılan namizədlər qeydiyyatdan keçərkən qeyd edilən sosial amillərin nəzərə alınması üçün tələb olunan xanalarda müvafiq sənədləri yükləyiblər. 180 belə namizədin nəticələri artım əmsalı ilə hesablanıb.

 

Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan hər bir namizəd şəxsi işi ilə birlikdə İnsan Resursları Mərkəzinə dəvət olunub. Mərkəzin əməkdaşları tərəfindən namizədlərin şəxsi məlumatları araşdırıldıqdan sonra müvafiq qərar qəbul edilib.

 

 

Göründüyü kimi, heç bir kənar müdaxilə olmadan, tam şəffaf şəkildə  müəllim öz seçimini  edərək  istədiyi  təhsil  müəssisəsində pedaqoji fəaliyyətini davam etdirmək imkanı qazanır.  Təhsil Nazirliyinin  yaratdığı bu imkandan yararlanan müəllimlərimizdən bir neçəsi  də elə “Azərbaycan müəllimi” qəzetində  bununla bağlı öz fikirlərini bölüşüblər.

 

 

 

“Hər bir müəllim istədiyi təhsil  müəssisəsinə vakant yer olduğu halda asanlıqla yerdəyişmə edə bilər”

 

 


Vəfa Babayeva ixtisasca riyaziyyat müəllimidir. 2012-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin  Riyaziyyat fakültəsini bitirib. 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək 55.23 bal toplayıb. O zaman verilən vakansiyalara uyğun olaraq Ağsu rayonu B.Nəsirov adına Dilman kənd tam orta məktəbini seçib. 2016-2017-ci tədris  ilində həmin məktəbdə fəaliyyət göstərən müəllim məktəbə görə müvəqqəti olaraq yaşayış yerini də dəyişib: “İlk dəfə 2017-ci ildə Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinə qatıldım. Müsabiqədə uğur qazanaraq Bakıdakı C.Cabbarlı adına 187 nömrəli tam orta məktəbdə fəaliyyətimi davam etdirdim. 2018-ci ildə  müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində  iştirak edərək  riyaziyyat fənni üzrə ən yüksək nəticəni - 60 balı topladım”.

 

Vəfa Babayeva müəllim kimi fəaliyyət göstərdiyi bu təhsil müəssisəsinin yaşadığı  ərazidən uzaq məsafədə  yerləşdiyini,  məktəbə gedib gəlmək üçün çox vaxt itirdiyini söyləyir: “Eyni zamanda,  bir neçə nəqliyyat vasitəsindən istifadə edirdim. Bu, mənim üçün bir sıra çətinliklər yaradırdı. Bu il yenidən müəllimlərin  yerdəyişmə müsabiqəsində iştirak etməyi düşündüm. www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq elektron qeydiyyatdan keçdim. Qeydiyyat zamanı  əvvəlki illərdə müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirilmədə topladığımız ballardan istədiyimizi seçmək şansımız vardı.  Mən bu müsabiqədə 60 balla iştirak edirdim. Sosial səbəblərimi (yəni yaşayış yerimdən arayış) qeyd etdim. Vakansiya seçimi mərhələsində uyğun yerləri seçdim. Qeydiyyatı bitirdikdən sonra hər bir namizədin ərizəsi baxılma mərhələsində olur. Həmin mərhələ başa çatdı və şəxsi səhifəmizdə nəticələrin yaxın vaxtlarda elan olunacağı bizə bildirildi. Nəticələr çıxdıqda məlum oldu ki,  ilk seçdiyim Bakı şəhəri  261 nömrəli məktəb - liseydə  pedaqoji fəaliyyətimi davam etdirmək imkanı əldə etmişəm”.

 

O, bir təhsil işçisi olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilən  müəllimlərin işə qəbulu üzrə, müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqələrdən olduqca razıdır. Qeyd edir ki, belə müsabiqələr müəllim nüfuzunun artması ilə yanaşı, təhsilin keyfiyyətinə də öz müsbət təsirini göstərir: “Hər bir müəllim istədiyi təhsil  müəssisəsinə vakant yer olduğu halda asanlıqla yerdəyişmə edə bilər. Biz müəllimlərə  iş yerimizin dəyisdirilməsi ilə bağlı seçim etməyimizə  və sosial rifahımızı yaxşılaşdırmağa şərait yaratdığı üçün Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm”. 

 

 

“Sağlamlıq durumumla bağlı iş yerimi dəyişdim...”

 

 

 Sumqayıt Dövlət Universitetinin Tarix fakültəsini  bitirən Vüsal Canalizadə 2018-ci ildə  Təhsil Nazirliyi  tərəfindən keçirilən  müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində  iştirak edərək 58 bal toplayıb. Bir müddət Yardımlı rayonu A.Alyarov adına  Horavar kənd tam orta məktəbində  və  Lerik rayonu Zenoni kənd orta məktəbində  müəllim kimi  fəaliyyət göstərib: “Səhhətimlə bağlı iş yerimi dəyişdirmək istəyirdim. Müəllimlərin iş yerinin  dəyişdirilməsi müsabiqəsi barədə məlumatım var idi. Təhsil Nazirliyinin müəllimlər üçün yaratdığı bu imkandan mən də yararlanmq istədim.  Müsabiqədə iştirak etdim. Müraciətimi nəzərə  alıb iş yerimi  Sumqayıt səhəri 13 nömrəli tam orta məktəbə  dəyişdilər.  İşlə bağlı problemimin bu qədər rahat və asanlıqla həll olunacağı ağlıma belə gəlməzdi”.

 

Vüsal müəllim qeyd edir ki,  müsabiqənin belə şəffaf şəkildə keçirilməsi və  obyektivliyin  qorunması onların ürəyincədir.

 

 

 

 

“Şagirdlərimə daha keyfiyyətli təhsil verəcəyəm...”

 

 

Aytən Qəhrəmanova belə söyləyir. Azərbaycan Dillər Universtitetini  fərqlənmə diplomu ilə bitirən  müəllim 2002-ci ildə təyinatla Ağdam rayon 81 nömrəli tam orta məktəbdə işləməyə başlayıb. 17 ildir ki, şagirdlərə ingilis dili fənnini tədris edir. O da bu yaxınlara qədər iş yerini dəyişmək arzusunda olanlardan biri  idi. Yerdəyişmənin də səbəbi kimi işlədiyi məktəbin yasadığı  ərazidən xeyli  uzaq olması idi: “Yola çox vaxt sərf edirdim. Bu da əlbəttə ki, dərsin keyfiyyətinə təsir edirdi.  2017-ci ildə müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 60 bal toplamışdım. Müəllimlərin yerdəyişməsi ilə bağlı  prosesləri illərdir ki, izləyirdim, lakin yaşadığım əraziyə yaxın vakant yer yox idi. Bu il arzumu reallaşdırmaq mənə nəsib oldu. Elektron qeydiyyat zamanı  yaşadığım əraziyə  yaxın olan iki məktəbi qeyd etdim və birincisinə düşdüm. Bakıdakı 86 nömrəli tam orta məktəbdə Azərbaycan bölməsində öz ixtisasım üzrə ingilis dili müəllimi kimi fəaliyyətə başlayacağam. Şagirdlərimə daha keyfiyyətli təhsil verəcəyimə əminəm. Çox sevincliyəm”.

 

      

  

“Yeni tədris  ilindən seçim etdiyim məktəbdə pedaqoji fəaliyyətimi davam etdirəcəyəm”

 

 

İlkin Əliyev  ixtisasca ingilis dili müəllimidir. 2014-cü ildə pedaqoji fəaliyyətə başlayıb. Həmin il müəllimlərin işə qəbulu müsabiqəsindən uğurla keçərək  Masallı rayonu Ərkivan qəsəbəsi 3 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi kimi işləməyə başlayıb. Bir il sonra bəzi sosial səbəblərdən şəxsi ərizəsi ilə  bu məktəbdə işinə  xitam verilib. Müəyyən vaxt başqa sahədə işləsə də müəllim olmaq istəyindən əsla vaz keçməyib. Elə bu səbəbdən 2016-cı ildə yenidən müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edib: “Müsabiqədə  49 bal toplayaraq Masallı rayonu Təzəkənd kənd tam orta məktəbində  müəllim kimi fəaliyyətə başladım. İki il bu məktəbdə işlədikdən sonra daimi yaşayış yerimin və valideynlərimin Bakı şəhərində olması yerdəyişmə şansımdan yararlanmaq qərarını verməyimə əsas səbəb oldu. 2018-ci ildə  Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində iştirak edərək 59 bal topladım. Bundan sonra   Bakı şəhərindəki ümumtəhsil məktəblərindən birinə yerdəyişmə üçün elektron ərizə ilə Təhsil Nazirliyinə müraciət etdim və bu müraciətim uğurla nəticələndi. Yerdəyişmə nəticələrinə uyğun olaraq mən Bakıdakı  322 nömrəli  tam orta məktəbdə ingilis dili müəllimi kimi fəaliyyətimi davam etdirdim. Sonra yaşadığım Bakının Binə qəsəbəsindəki məktəblərdə vakansiyaların yarandığı barədə məlumat əldə etdim və 2019-cu ildə yenidən bu müsabiqədə iştirak etdim”.

 

Bu il müsabiqədə yenidən iştirak etməsi ilə bağlı elektron müraciət edən İlkin müəllim növbəti dəfə həmin imkandan yararlanıb. Belə ki, onun yaşadığı əraziyə yaxın- Binə qəsəbəsindəki  136 nömrəli tam orta məktəbə yerdəyişməsi  təmin olunub: “Elektron sənəd qeydiyyatı başa çatdıqdan sonra iş yerini dəyişmək imkanı qazanan namizədlərdən biri kimi  şəxsi işimlə  birlikdə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə dəvət olundum. Mərkəzin  əməkdaşları tərəfindən şəxsi məlumatlarım  araşdırıldı və  sonra müvafiq qərar qəbul olundu. Artıq yeni tədris ilindən seçim etdiyim təhsil müəssisəsində ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətimi davam etdirəcəyəm”. 

 

 

“Bu prosesdə  şəffaflığın və obyektivliyin tam qorunduğunun  bir daha şahidi oldum

 

 

Leylaxanım Mahmudova 2016-cı ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasını bitirib. Elə həmin il Heydər Əliyev adına Müasir Təhsil Kompleksində işə başlayıb. 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək 54 bal toplayıb. O, Şuşa rayon 8 nömrəli ümumi orta məktəbdə işləyib. Bu il  yerdəyişmə üçün müsabiqədə iştirak edərək təqdim olunan vakant yeri olan  4  məktəbin adını qeyd edib: “Bilirsiniz ki, müəllimlər yerdəyişmədə istədiyi balla iştirak edə bilər. Bu, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və ya diaqnostik qiymətləndirmədə topladığı bal ola bilər. Yerdəyişmə müsabiqəsində iştirak edən hər bir kəsə ikisindən birini seçim etmək imkanı yaradılıb. Bu, bizə göstərdiyimiz ən yaxşı nəticə ilə müsabiqəyə qatılmaq şansı verir.  Mən də müəllimlərin işə qəbulu üzrə müsabiqədə topladığım balla yerdəyişmədə iştirak etdim.  Elektron müraciətimdən bir neçə gün sonra cavab bəlli oldu. Bakıdakı 294 nömrəli tam orta məktəbdə fəaliyyətimi davam etdirmək imkanı qazandım. Tələb olunan sənədlərimi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzinə təqdim etdim və yerdəyişməm təsdiqləndi. Bu prosesdə  şəffaflığın və obyektivliyin tam qorunduğunun  bir daha şahidi oldum. Bütün müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıram”.

 

 

 

 

Samirə KƏRİMOVA

 



05.07.2019 | 14:27