BANM və “ATL Tech” şirkəti arasında razılaşma imzalanıb

Bakı Ali Neft Məktəbi (BANM) ilə infromasiya və telekommunikasiya sahəsində fəaliyyət göstərən “ATL Tech” şirkəti arasında əməkdaşlıq haqqında razılaşma imzalanıb. İmzalanma mərasimində BANM-ın rektoru Elmar Qasımov, “ATL Tech” şirkətinin icraçı direktoru Rəşad Mirzəyev, texniki direktoru Vurğun Hacıyev, təlim üzrə koordinatoru Xanım Axundova, həmçinin Ali Məktəbin professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Tədbirdə rektor Elmar Qasımov İT konsaltinq, sistem inteqrasiyaları, proqram təminatı və həllər kimi istiqamətlərdə geniş çeşiddə xidmətlər təklif edən “ATL Tech” şirkəti ilə BANM-ın münasibətlərinin  inkişaf etməsindən məmnun olduğunu bildirib. Rektor  Ali Məktəbin tələbələrindən iki nəfərin artıq bu şirkətin əməkdaşı olduğunu deyərək digər tələbələri də şirkətin BANM-ın tələbələri üçün yaratdığı xüsusi təcrübə proqramlarından yararlanmağa və bu sahədə biliklərini artırmağa çağırıb.

 

“ATL Tech”-in texniki direktoru Vurğun Hacıyev  şirkətin fəaliyyətindən bəhs edən geniş təqdimat edib. O bildirib ki, “ATL Tech” şirkəti ən qabaqcıl texnologiyaları tətbiq etməklə, şirkətlərə gündəlik əməliyyatları sadələşdirməyə, optimallaşdırmağa və minimal xərclərlə maksimal effektivlik əldə etməyə kömək edir. V. Hacıyev hazırda “ATL Tech” şirkətinin BANM-ın tələbələri üçün təcrübə proqramlarının olduğunu qeyd edib və bu proqram haqqında ətraflı məlumat verib. O, gənc mühəndis-tələbələrə “ATL Tech”-in komandası tərəfindən hər cür dəstəyin göstəriləcəyini söyləyib. Qeyd edib ki, təcrübə proqramını bitirən tələbələr daha sonra öz istəklərinə uyğun olaraq şirkətin əməkdaşı kimi çalışa bilərlər.

 

Təqdimatdan sonra “ATL Tech” şirkətinin icraçı direktoru Rəşad Mirzəyev və BANM-ın rektoru Elmar Qasımov iki müəssisə arasında əməkdaşlıq haqqında razılaşma imzalayıblar.

 

Mərasimdə “ATL Tech”-in əməkdaşı, BANM-ın “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” ixtisasının IV kurs tələbəsi Əmiraslan Baxşılı şirkətdə  gördüyü işlər haqqında təəssüratlarını  tələbə yoldaşları ilə paylaşıb.

 

Sonda tələbələrin sualları cavablandırılıb.



18.04.2018 | 15:05