Türkiyənin Gülhanə Tibb Fakültəsinə və Rusiyanın Hərbi Tibb Akademiyasına qəbul elan edilib

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası və Rusiya Federasiyası arasında hərbi təhsil sahəsində bağlanmış müqavilələrə əsasən, 2019/2020-ci tədris ilində Türkiyə Respublikasının Tibb Elmləri Universitetinin Gülhanə Tibb Fakültəsinə və Rusiya Federasiyasının Hərbi Tibb Akademiyasına kursantların qəbulu üçün müsabiqə elan olunub. Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

 

Məlumatda bildirilir ki, müsabiqədə 2019-cu ildə IV ixtisas qrupu üzrə qəbul imtahanlarında 550 və daha yuxarı bal toplamış, 19 yaşınadək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Müsabiqə əsasında 30 (otuz) nəfərin siyahısı müəyyənləşdirilərək Gülhanə Tibb Fakültəsində, 6 (altı) nəfərin siyahısı isə Hərbi Tibb Akademiyasında təhsil alması məqsədi ilə seçim üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təqdim olunacaq.

 

Seçim zamanı uğur qazanmış 10 (on) namizədin Gülhanə Tibb Fakültəsində, 2 (iki) namizədin isə Hərbi Tibb Akademiyasında təhsil almağa göndərilməsi planlaşdırılır.

 

Gülhanə Tibb Fakültəsində və Hərbi Tibb Akademiyasında təhsil müddəti 6 ildir. Kursantlar təhsil müddətində dövlət təminatında olurlar. Kursantlar birinci kursda hərbi and içir və Azərbaycan Respublikası Silahlı qüvvələrinin hərbi qulluqçuları sırasına daxil edilirlər. Fakültələrdən xaric edilən kursantlar geri qaytarılır və qanunvericilikdə nəzərdə tutulmuş qaydada müddətli həqiqi hərbi xidmətə çağırılırlar.

 

Müsabiqədə iştirak etmək istəyənlər şəxsiyyəti təsdiq edən sənədin əsli ilə iyulun 11-dək Dövlət İmtahan Mərkəzinə (ünvan: Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M) müraciət etməlidirlər.

 



03.07.2019 | 16:22