Azərbaycanlı gəncin növbəti məqaləsi nüfuzlu jurnalda dərc olunub | |
Son vaxtlar azərbaycanlı gənclərin dünyanın nüfuzlu elmi nəşrlərində müntəzəm olaraq tədqiqat məhsulları ilə çıxış etmələri onların intellektual potensialından və tədqiqatçılıq bacarıqlarından xəbər verir. Bu, olduqca sevindirici və qürurlandırıcı məqamdır. Bu günlərdə Böyük Britaniyanın London İqtisadiyyat və Siyasi Elmlər Məktəbinin məzunu, Azərbaycan Elm Assosiasiyasının həmsədri, gənc tədqiqatçı İnqilab Şahbazovun növbəti məqaləsi "International Journal of Law, Crime and Justice" jurnalında (impakt faktoru 0.846) dərc olunub. ''Exploring the attitudes of university students and criminal justice professionals towards electronic monitoring in Azerbaijan: a focus group study'' adlı kriminoloji tədqiqatda bir sıra əhali qrupları üzrə respondentlərin alternativ cəza tədbirləri (elektron bilərzik) haqqındakı rəyləri öyrənilib. Araşdırma nəticəsində məlum olub ki, universitet tələbələri və hüquq-mühafizə orqanlarında çalışan 35 nəfərin əksəriyyəti elektron bilərziyin istifadəsini reabilitasiya imkanlarına görə dəstəkləsə də, onun potensial cinayətkarlarda qorxu yaratmaq gücünün zəif olduğu qənaətindədirlər.
Qeyd edək ki, İnqilab Şahbazovun BDU-nun "Cinayət hüququ" kafedrasının müəllimi Elsevər Muradovla qələmə aldıqları ''Excessive use of pre-trial detention in Azerbaijan: Examination of the causes'' adlı məqalə bu ilin əvvəllərində Hollandiyanın hüquq və kriminologiya elmləri sahəsində yüksək nüfuza malik "International Journal of Crime, Law and Justice" elmi jurnalında (0,724) dərc edilib. Məqalə yüksək nüfuzlu jurnallarda Azərbaycanın ədliyyə sistemi barədə ilk elmi-tədqiqat işi kimi tarixə düşüb. Məqalədə həbs qəti imkan tədbirinin normadan artıq istifadəsi, bunun səbəbləri və həlli istiqamətində bütün dünyada atılan addımlardan bəhs edilir. İnqilab Şahbazovun bu yaxınlarda çapdan çıxmış "Tədqiqat metodları" adlı kitabı da gənc tədqiqatçının Azərbaycan elminə töhfəsidir.
Oruc MUSTAFAYEV
|
|
02.07.2019 | 11:26 | |
|
|
|