Təhsil naziri gənc liderlərlə görüşüb

İyulun 1-də Təhsil Nazirliyində “Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının iştirakçıları ilə görüş keçirilib.

 

Görüşdə Təhsil naziri Ceyhun Bayramov, Bakı, Gəncə, Lənkəran, Şəmkir, Şəki, Şamaxı, Saatlı, Biləsuvar, Şirvan, Balakən, Sumqayıt, Quba, Tovuz və Mingəçeviri təmsil edən 50 gənc iştirak ediblər.

 

Görüşdə Təhsil naziri Ceyhun Bayramov Azərbaycanda gənclərin inkişafına dəstək verilməsinin dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd edib. Təhsil naziri bildirib ki, gənclərin himayədarı olan ümummilli lider Heydər Əliyev ölkəmizdə hərtərəfli inkişaf etmiş gənc nəslin yetişməsini dövlətin və cəmiyyətin mühüm vəzifəsi hesab edirdi. Təhsil sahəsində əsası ümummilli lider tərəfindən qoyulmuş islahatların bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran nazir təhsilin inkişafı istiqamətində görülmüş işlər və qarşıda duran hədəflər barədə ətraflı məlumat verib.

 

Ceyhun Bayramov həmçinin ölkəmizdə istedadlı gənclər üçün yaradılan imkanlardan və gənclərin təhsil uğurlarından danışıb.

 

Sonra proqram iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

Sonda xatirə şəkili çəkilib.

 

“Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər proqramının əsas məqsədi ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ olunması, eyni zamanda gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hisslərinin gücləndirilməsi, onlarda liderlik keyfiyyətlərinin inkişafına şəraitin yaradılmasıdır. 

 



01.07.2019 | 18:11